qasiqci.jpg

Şahin Cəfərli: “Vaşinqtonun Ər Riyada ağır və sarsıdıcı sanksiyalar tətbiq etməsini gözləmirəm, amma sanksiyalar və üzdə görünməyən təzyiqlər mütləq olacaq”
Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətli ilə əlaqədar ABŞ-ın Ər-Riyada qarşı tətbiq edəcəyi sanksiyalar məlum olub.

ABŞ-ın dövlət katibi Maykl Pompeo səudiyyəli səlahiyyətlilərin vizalarının ləğv ediləcəyini, viza qadağası və digər sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. Pompeo sanksiyaların Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanunu (“Global Magnitsky Human Rights Accountability Act”) çərçivəsində qəbul ediləcəyini söyləyib. O, ABŞ-ın bununla da kifayətlənməyəcəyini, yeni məlumatlar çərçivəsində fərqli sanksiyalar tətbiq oluna biləcəyini vurğulayıb. “ABŞ Qaşıqçının susdurulması üçün edilən bu tərz qəddar hərəkətə dözüm göstərməyəcək”, – Dövlət Departamentinin başçısı əlavə edib.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçülərindən biri səudiyyəli 21 səlahiyyətlinin vizalarının ləğv edilərək viza qadağasının tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edib. Prezident Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb.

İngiltərənin “The Quardian” qəzeti öldürülən jurnalist Camal Qaşıqçı olayından sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasındakı münasibətləri araşdıran analiz yazısı dərc edib (Avropa.info). “Ərdoğan Kral Salmanın istintaqla əməkdaşlıq etdiyini və səmimi olduğunu söyləsə də, vəliəhd şahzadə üçün eynisini demədi. Ərdoğanın çıxışı sanki vəliəhd şahzadə haqqında bir ittihamnamə kimiydi. Ərdoğanın məqsədi Kralı Salmanı Səudiyyə Ərəbistanının nüfuzunu xilas etmək üçün vəliəhd şahzadəni vəzifədən azad etməyə inandırmaqdır. Vəliəhd şahzadənin taleyinin müəyyənləşməsinə səbəb olacaq adam Ərdoğandır. Onun dünənki çıxışı isə yalnız ilkin atəş idi” – ingilis qəzeti belə yazıb.

Qeyd edək ki, Qaşıqçının ölümündən sonra Tramp administrasiyasına ciddi təpkilər var. Ondan Səudiyyə ilə əlaqələri kəsmək tələb edilir. Amma ortada ABŞ-ın 120 milyardlıq silah anlaşması var. Odur ki, ABŞ maksimim çalışır ki, vəziyyətdən çıxsın, Səudiyyə ilə əlaqələri pozmasın. Ehtimal var ki, vaxtilə – 11 sentyabrda – “Əl-Qaidə”dən heyfini Əfqanıstana girməklə çıxan ABŞ bu dəfə də hansısa ölkəyə qarşı müharibə elan edəcək. Hətta ABŞ-ın Orta və Kiçik Mənzilli Raketlərin (OKMR) ləğvi ilə bağlı sazişdən çıxdığını elan etməsi də Trampın gündəmi dəyişmək cəhdi sayılır. Artıq Qərb mətbuatı Tramp administrasiyasının qərarına neqativ rəylərlə reaksiya verib. “ABŞ-ın OKMR-dən çıxması haqqında qərarı Amerika və onun müttəfiqlərinin arasına sancılmış bıçaq tiyəsidir”, – Böyük Britaniyanın “The Times” qəzeti yazır. Bəs dünyanın supergücü Səudiyyə Ərəbistanı kimi müttəfiqini itirməmək üçün hansı sürprizlər edə bilər?

Related image

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, hazırda Qaşıqçı olayı ilə bağlı ABŞ hökumətinin iki əsas düşüncəsi var: “Birincisi, bu hadisənin ölkə maraqlarına zərər verməsinin qarşısını almaq; İkincisi, demokratik dünyanın lideri kimi bu qalmaqaldan mümkün qədər öz sifətini qoruyaraq çıxmaq. Yəni maraqlarla dəyərləri elə uzlaşdırmaq istəyirlər ki, bu səhifəni minimum zərərlə bağlasınlar. Səudiyyə Ərəbistanının ABŞ üçün istər geosiyasi, istərsə də iqtisadi baxımdan önəmi çox böyükdür. Bu dövlət Orta Şərqdə ciddi geostrateji əhəmiyyətə malikdir və sünni ərəb dünyasının lideridir. Səudiyyə Ərəbistanı həm də Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və müəyyən mənada Misir deməkdir, bu ölkələr Ər Riyadın çətiri altında toplanıb və regional, beynəlxalq məsələlərdə əksər hallarda onunla birlikdə hərəkət edirlər. Səudiyyə, BƏƏ və Bəhreyn ərazisində ABŞ-ın hərbi bazaları var. ABŞ-ın 5-ci donanmasının əsas bazası Bəhreyndə yerləşir. Səudiyyə ilə müttəfiqlik İsrailin təhlükəsizliyinin təmin olunması baxımından da ABŞ üçün əhəmiyyətlidir. Şübhə doğurmur ki, İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı Səudiyyə ərazisi əsas platsdarm olacaq, ABŞ hərbi təyyarələri və raketləri bu ölkə hava məkanından istifadə edəcəklər. Bir sözlə, ABŞ-ın Orta Şərq, Fars Körfəzi və Hind okeanı kimi nəhəng arealda maraqlarının təmin olunmasında Səudiyyə Ərəbistanının rolu böyükdür”.

Ekspert hesab edir ki, bu ölkənin əhəmiyyətini artıran digər amil isə iqtisadi xarakterlidir: “Hamıya məlumdur ki, Səudiyyə Ərəbistanı ABŞ silah sənayesinin ən böyük xarici müştərisidir. Digər tərəfdən, Ər Riyad ABŞ qiymətli kağızlarına 100 milyard dollardan çox yatırım qoyub, başqa sözlə, ABŞ-ın vacib kreditorlarından birdir. Əlbəttə ki, Vaşinqton belə bir müttəfiqi itirmək istəməz. Əgər bu baş versə, aydındır ki, ABŞ-ın yerini digər böyük güclər, ən əvvəl Rusiya və Çin tutacaq. Hər iki dövlət Ər Riyada ABŞ-ın satdığı silahların analoqunu təklif edə bilər. Sirr deyil ki, Rusiyanın S-400 zenit-raket kompleksinə maraq göstərən ölkələr arasında Səudiyyə də var. Yəni silah ticarətində Səudiyyənin ABŞ-a ehtiyacından çox ABŞ-ın bu ölkəyə ehtiyacı olduğunu söyləyə bilərik. Vaşinqton bu böyük bazarı öz əlləri ilə geosiyasi rəqiblərinə təhvil vermək istəməz. Daha önəmli məqam isə bir müttəfiq kimi Səudiyyəni itirməyin ABŞ-ın yuxarıda qeyd etdiyim nəhəng regiondakı maraqlarına vuracağı zərbədir. Təsəvvür edin ki, ABŞ buradan çıxır və onun yerini Rusiya, Çin, İran kimi dövlətlər tutur. Bu, ABŞ-ın qlobal liderliyinin sarsılması demək olardı”.

Ona görə də Ş.Cəfərli Qaşıqçı cinayəti ilə əlaqədar Vaşinqtonun Ər Riyada ağır və sarsıdıcı sanksiyalar tətbiq etməsini gözləmədiyini bildirdi: “Amma sanksiyalar və üzdə görünməyən təzyiqlər mütləq olacaq. Məsələn, Səudiyyə Ərəbistanı təhlükəsizlik məmurlarının, Qaşıqçı olayında əli olan vəzifəli şəxslərin adlarının ”Maqnitski Aktı”na daxil ediləcəyi və ya başqa bir qərar çərçivəsində sanksiyalara məruz qalacaqları gözlənilir. Bu, təbii ki, yetərli deyil. Mən düşünürəm ki, ən böyük addım vəliəhd şahzadə Məhəmməd bin Salmanın varislikdən kənarlaşdırılması ola bilər. Son günlər Qərb mətbuatında bu mövzuda ardıcıl yazılar və çağırışlar dərc olunur. Gənc vəliəhdin Qərbdəki islahatçı imici yerlə yeksan olub və bundan sonra o, dağılan hissəcikləri çətin ki, birləşdirə bilsin. Düşünürəm ki, vəliəhdin dəyişdirilməsi hamı üçün ən məqbul variant olar. Əvvəla, kral Salman bu dəyişikliklə xarici təzyiqləri aradan qaldırar və Qərblə dostluğunu qoruyar. Digər tərəfdən, Səudiyyə xanədanında hökm sürən gərginliyə və narazılığa son qoyular. Çünki Məhəmməd bin Salmanın illərdir formalaşmış qaydalara zidd olaraq varis təyin edilməsi sülalə daxilində böyük şok yaradıb və etirazlara səbəb olub. Məhəmməd bin Salmanın yerinə qardaşı, ABŞ-dakı səfir Xalid bin Salman təyin olunması, yaxud əvvəlki vəliəhd Məhəmməd bin Nayifin bu vəzifəyə bərpa olunması mümkündür. Bunun baş verməsi ABŞ-ın da simasını xilas edəcək, hətta ona nüfuz qazandıracaq, çünki jurnalistin qətlinə görə o boyda taxt-tacın varisi dəyişmiş olacaq. Bundan böyük cəza ola bilməz”.

Ş.Cəfərlinin sözlərinə görə, Trampın son açıqlaması göstərir ki, Ağ Evdə aşağıdakı variant nəzərdən keçirilir: “Tramp bildirib ki, kral Salmanın Qaşıqçının qətlindən xəbəri olmadığına inanır. Onun sözlərinə görə, indi Səudiyyədə bütün işləri Məhəmməd bin Salman idarə edir və onun bu hadisədən xəbəri ola bilər. ABŞ prezidenti çox istəyir ki, bu qalmaqal tezliklə sona yetsin, çünki bölgədə onun 1 saylı hədəfi İrandır. Noyabrın 5-dən etibarən İrana qarşı sanksiyaların ən ağır mərhələsi başlayır. Tramp bir müddət gözləyəcək, əgər sanksiyalar nəticə verməsə, İrana qarşı hərbi əməliyyat ciddi şəkildə gündəmə gələcək. Qarşıdakı 2 il bu baxımdan çox önəmlidir. Tramp çalışacaq ki, növbəti prezident seçkilərinə qədər İran məsələsini hansısa şəkildə həll etsin”.

E.PAŞASOY,
“Yeni Müsavat”

araz.az xəbər portalı.