Dahi Nizami Gəncəvinin
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz
misraları təhtəlşürumuza yeridilən ən praqmatik kəlamlardandır. Əlbəttə, bu kəlamın tarixi qədimdir, amma ötürdüyü mesaj, təlqin etdiyi düşüncə həmişə təzədir, yenidir.
Məlum yanaşmanın cəmiyyətimizdə həmişə yeni qalması o anlama gəlir ki, bu fikir hələ də beyinlərdə özünə “pasport almayıb”. Əsrlərdən bəridir, sözügedən fikrin aktuallığını itirməməsi hələ də elm sahəsini düzgün dərk etmədiyimizin təcallasıdır.
Bəli, inkişaf etmiş normal cəmiyyətlərdə qüvvət həmişə elmdə olub və elmdədir. Sənaye və elmlə deyil, ticarətlə, bazarla məşğul olan aqrar cəmiyyətlərdə məlum kəlam beyinlərdə tamam fərqli assosiasiya yaradır. Elmə bazar təəfəkkürü ilə yanaşaraq, bəzən bu kəlama rişxənd edib, gülüş obyektinə, lap elə alver predmetinə çevirirlər. Məsələn, bu günlərdə Feysbukun Azərbaycan seqmentində yazıçı Tural Cəfərov (Qan Turalı) təəccüb və təəssüf doğuran bir post paylaşdı. Paylaşımdan sərfəli qiymətə, plagiatsız və keyfiyyətli diplom və dissertasiya işinin yazılması təklif olunur. Belə çıxır ki, kimsə alim olmaq istəyirsə, pulunu verib, o statusa nail ola bilər. Həmin postu olduğu kimi təqdim edirik:
…
araz.az-ın xəbərinə görə, bununla bağlı Bakıvaxtı.az-a danışan Tural Cəfərov bildirib:
“Bu, konkret bir cinayət aktıdır. Hüquq-mühafizə orqanları və elm-təhsil sistemi məsələ ilə bağlı tədbir görməlidir”
Professor Şahlar Əsgərov isə mövzu ilə bağlı Bakıvaxtı.az-a geniş müsahibə verib.
Azərbaycanda dünya miqyasında 3 alim olub ki, onları nə cəmiyyətimiz tanıyır, nə də AMEA
– Şahlar müəllim, mövcud durumu necə qiymətləndirirsiniz? Dünya elmi plagiatdan qaçır, elmi yeniliklər uğrunda yarışa girir, biz isə…
– Mövzu dissertasiya və elmi işdirsə, deməli, söhbət elmdən gedir. Söhbət elmdən gedirsə, elm də dövlət siyasətinin təkib hissəsidir. Elmsiz dövlət sənaye ölkəsi ola bilməz. Həmin ölkədə də yalnız aqrar sahə və maldarlıq inkişaf edə bilər. Amma dövlətlər daim gələcəyə baxmalıdır. Çünki biz at arabası ilə deyil, təyyarə ilə uçuruq. Elm o yerdə inkişaf edir ki. orada sənaye var, istehsal var. İstehsal varsa, maşın istehsal edilirsə, hökmən alimdən məsləhət alınır. Amma ticarətlə məşğul olurlarsa, alimə ehtiyac yoxdur. Elmlə sənaye yan-yana, çiyin-çiyinədir. Sənaye olmayan yerdə elmin inkişafı və intişarını təsəvvür etmək mümkün deyil.
Elm deyəndə humanitar deyil, dəqiq elmləri nəzərdə tuturam. Bu elmləri nəzərdə tuturam ki, onlar maddi nemətlər istehsalı üçün çalışırlar. Elmi stimullaşdıran yeganə və vacib amil sənayedir.
– İddialar var ki, Azərbaycanda elm elə durduğu nöqtədə tərpənməz qalıb. Bəzən bildirirlər ki, 30 il qabaq yaxşı alimlərimiz vardı, indi yoxdur…
– Təəssüf ki, razılaşmalıyıq. Sənaye olan ölkədə elmə və alimə tələbat artır. Çalıb-oynayanlara deyil, alimlərə rəğbət bəslənir. Alimlər insanların əməyini yüngülləşdirir. Azərbvaycan Şərq ölkəsidir, poeziyaya bağlı ölkədir. Azərbaycanda dünya miqyasında 3 alim olub ki, onlar çox böyük işlər görüblər. Onları nə cəmiyyətimiz tanıyır, nə də Azərbaycan Milli Elmlər Akademiyası.
– Kimlərdir?
– Əslən Qubadan olan Nadir İsmayılov adlı alim olub. BDU-nun Fizika-Riyaziyyat fakültəsini bitirib. Mars planetinin xassələrini öyrənib. Çox yaşamayıb, 45 yaşında vəfat edib. Dünya Astrofiziklər Cəmiyyəti Marsda bir karterə Nadir, digərinə Quba adı qoyublar. Gör Azərbaycan cəmiyyəti bu məsələni araşdırıb ortaya çıxarırmı? Heç olmasa bitirdiyi məktəbə Nadirin adını veriblərmi? Onun adına AMEA Astrofizika Rəsədxanasında institut varmı? Onun adına Qubada küçə varmı? Yoxdur. Deməli, alimə tələbat yoxdur.
İkinci alim Abbas Çayxorskidir, o da 1939-cu ildə BDU-nu bitirib. O, öz ranqına görə ulu öndər Heydər Əliyev və Kərim Kərimovdan sonra SSRİ miqyasında tanınan üçüncü adam olub. O, SSRİ dağılana qədər Nüvə Reaktorlarının Sənayedə Tətbiqi Dövlət Komissiyasının sədri olub. Ötən il kimya fakültəsində oldum, dekandan soruşdum ki, Abbas Çayxorskinin adını niyə bura yazmamısınız? Dedi, o kimdir? Dekan belə bilmir, tanımır. Niyə bilmir? Çünki elmin, alimin təbliği yoxdur. Cəmiyyətdə elmə tələbat öləziyir. Tələbat olsa idi, Abbas Çayxorskinin heykəli ucaldılardı, adı istituta verilərdi. O, Moskvada çalışan üçüncü böyük azərbaycanlı olub. A.Çayxorski Amerikada öldü. Oğlu nəşini gətirib, Ağsuda torpağa tapşırdı.
Haqqında danışdığım üçüncü alim isə Azərbaycan Texniki Universitetində Elyaz Babayev adlı bir müəllim olub. O, Moskvada aspiranturada oxuyanda aldığı elmi nəticələr SSRİ-də kəşf diplomu ilə şərəfləndirilib. Azərbaycanda bu qədər akademiya, institut var, akademiklərimiz var, heç birinin kəşf diplomu yoxdur, amma E.Babayevin kəşf diplomu vardı. O, SSRİ dağılandan sonra ölkəmizə təşrif buyurdu, sonra baxdı ki, ona fikir verən yoxdur. Gördü ki, nazir, dekan, rektor saxta diplomlu dosentlə kəşf diplomlu dosent arasında fərq qoymur, çıxıb xaricə getdi. Bizim elm lövhəmizə bu üç adam öz adını yazdırıb. Yerdə qalan akademiklər adlarını o lövhəyə yazdıra bilməyiblər.
Muğamatla şeirin fərqini bilirik, amma kəşflə ixtiranın fərqini yox
– Şahlar müəllim, kəşf diplomunun mahiyyətini mən anlayıram, amma oxucularımız üçün onun fəlsəfə və məzmununu açardınız.
– Cəmiyyət muğamatla şeirin fərqini bilir, amma kəşflə ixtiranın fərqini bilmir. İxtira başqadır, kəşf başqa. Məsələn, lampa ixtiradır. Əlimizdəki qələm, evimizdəki televizor ixtiradır. Kəşf isə iki böyük fiziki kəmiyyət arasında qanunauyğunluqdur. Ümumdünya cazibə qanunu kəşfdir, Nyuton kəşfidir. “Om qanunu” da kəşfdir. “Om qanunu”nda deyilib ki, dövriyyədən keçən cərəyan şiddəti gərginliklə düz, müqavimətlə isə tərs mütənasibdir. Bu qanun kəşfdir, buna diplom düşür. Amma bu qanundan 100 ixtira törəyə bilər. Evimiz işıqlandıran lampa ixtiradır və həmin qanundan törəyib. İxtira yüzlərlə olar, kəşf isə barmaqla sayılacaq qədər. SSRİ miqyasında təqirbən 70 min ixtira diplomu, təxminən 10-12 kəşf diplomu verilərdi.
Şeytanlar alimlərdən qorxurlar
– Qeyd etdiniz ki, ölkəmizdə elmə tələbat yoxdur, bu sahəni populyarlaşdırma üçün hansı addımlar atılmalıdır?
– Elmə diqqət verən ölkə cəmiyyətlərdə elmə ayrılan vəsait Ümumi Daxili Məhsulun 3,4,5 faizini təşkil edir. Sinqapur və Yaponiyada belədir. AMEA-nın keçmiş prezidenti Akif Əlizadədən soruşdum ki, bizdə heç olmasa, elmə ayrılan vəsait ÜDM-nin 1 faizini təşkil edirmi? Cavab verdi ki, 0,1 faiz ayrılır. Azərbaycan cəmiyyəti elmə deyil, meyxanaya, şeiriyyətə alışıb. Bu məsələnin üzərində işləmək lazımdır ki, talantlı adamlar elmlə məşğul olsun.
– Elmli və elmsiz cəmiyyətlərin fərqi nədədir?
– Alimi çox olan cəmiyyətdə şeytan adamlar ola bilməz. Alimlər cəmiyyəti təmizləyirlər, saflaşdırırlar. Şeytanlar alimlərdən qorxurlar. Alimi olmayan cəmiyyətdə hamı bir-birini aldadır. Amma ticarətdə isə iş alıb-satmaqdır. Onlar maddi nemət istehsal etmir, istehsal olunmuş maddi nemətləri satırlar. Tacirlər baha satmaq istəyəcəklər və aldadacaqlar. Cəmiyyəti pozan budur. Normal cəmiyyətlərdə ticarətə deyil, elmə üstünlük verilir. Alimi çox olan cəmiyyətlər insanlar daha intellektual, daha zəkalı olurlar, telekanallarda atılıb-düşmürlər.
araz.az xəbər portalı.