Tofiq Zülfüqarov: “Bəziləri deyir ki, Zəngəzur, Göyçə məsələsini gündəmə gətirməklə Ermənistana ərazi iddiaları irəli sürmüş oluruq. Xeyr, elə deyil”
“Sülh müqaviləsinə gəldikdə, mən bir daha qeyd etməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda bir vakuum yaradılmışdı və heç kim bilmirdi ki, bundan sonra nə olacaq. Çünki doğrudan da çox unikal bir situasiyadır və o zaman məhz Azərbaycan tərəfi bu boşluğu doldurmaq üçün təklif elədi ki, yəqin sülh müqaviləsi olmalıdır. Hər halda danışıqlar başlanmalıdır, hətta o vaxt hələ fəaliyyətdə olan Minsk Qrupunun nümayəndələri də gələndə məndən soruşmuşdular ki, biz indi nə ilə məşğul olaq? Yəni, Sizin məsləhətiniz nədir? Mən dedim ki, indi Qarabağ məsələsi artıq bağlandı. Əgər nə iləsə məşğul olmaq istəyirsinizsə, bir xeyir gətirmək istəyirsinizsə, siz Ermənistan-Azərbaycan normallaşma prosesində iştirak edə bilərsiniz. Amma onlardan hər hansı bir təklif gəlmədi. Onda biz bu təklifi irəli sürdük. Amma irəli sürəndən sonra da heç bir cavab gəlmədi. Ondan sonra biz məlum beş prinsipi rəsmiləşdirdik və bu prinsiplər əsasında faktiki olaraq danışıqlar başlamışdır. Düzdür, o vaxt Ermənistan və bəzi başqa ölkələr bu prinsiplərə Qarabağla bağlı mövzunu da əlavə etmək istəmişdilər. Halbuki biz ilk gündən bunun əleyhinə idik. Çünki mən deyirdim ki, Qarabağ bizim daxili işimizdir, əgər sülh müqaviləsi imzalanarsa, bu, dövlətlər arasındakı müqavilə olacaq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanla sülh müqaviləsi üzrə danışıqlardan söz açarkən deyib.
Prezident bildirib ki, ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra yeni vəziyyətlə üzləşmişik: “Ermənistana verilən vədlər, xüsusilə də həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək, dırnaqarası bu əməliyyat Azərbaycana baha başa gələcək. Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, – çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, – cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndə ki, 70 gün, yəni o vaxt deyəsən 60 gün gözləyirik, ondan sonra təklif verdilər və hazırda onların təklifində, yəni onların şərhlərində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb – məhz sentyabr əməliyyatından sonra yaradılıb”.
“Mən hesab edirəm, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Prezidentin Ermənistana mesajlar xarakteri daşıyan bu fikirləri ilə bağlı AYNA-nın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb. Diplomatın sözlərinə görə, indi münaqişənin o mərhələsindəyik ki, Azərbaycan bizim üçün ən böyük təhlükə olan gərginlik mənbəyini tam şəkildə həll edib:
– Bu gün Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Amma digər məsələlər həll olunmamış qalır. Ən əsası, söhbət sərhəd məsələsindən gedir. Sərhədlərin müəyyən olunması həll olunmamış qalıb. Biz münaqişənin əvvəlinə baxsaq görəcəyik ki, konflikt “miatsum”la başlayıb, yəni Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə vüsət alıb. Məlumdur ki, 1991-ci ildə, SSRİ dağılandan sonra dünya tərəfindən ümumi prinsip qəbul olunub – SSRİ zamanı olan sərhədlər əsas götürülməlidir. Bu prinsipi Ermənistanla Azərbaycan əsas götürüblər. Lakin Ermənistan bu prinsipi Gürcüstan və Türkiyə ilə olan sərhədlər üçün əsas götürür, Azərbaycanla olan sərhəd məsələsində əsas götürmür. Azərbaycanla olan sərhədlə bağlı bu prinsipdən rəsmən imtina edib. İndi bunun barəsində az danışılır, amma nəzərə almaq lazımdır ki, Errmənistan Alma-Ata Bəyannaməsinə imza atarkən sənədə xüsusi düzəliş təqdim edib. Rəsmi İrəvan orada bəyan edir ki, Ermənistanın ərazi bütövlüyünə Qarabağ da daxildir. Onların rəsmi mövqeyi budur. Bununla da aydın olur ki, Ermənistan Alma-Ata Bəyannaməsində Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqdan imtina edib. Demək ki, Ermənistanın ərazi iddiaları qalmaqdadır. Əsas problem də məhz bundadır.
– Amma Ermənistan Baş naziri Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib…
– Düzdür, Paşinyanın belə bəyanatları var. Amma rəsmi İrəvan Alma-Ata Bəyannaməsindəki düzəlişdən imtina edibmi? Mən buna rast gəlməmişəm. İndi Azərbaycan da SSRİ zamanındakı sərhədləri əsas kimi götürür. Bu prinsip əsasında Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya prosesi getməkdədir. Rusiya ilə delimitasiya tamamlanıb. İranla sərhəd demək olar ki, sərhəd məsələsi həll olunub. Əgər Ermənistan Alma-Ata Bəyannaməsində etdiyi xüsusi düzəlişi ləğv etmirsə, o zaman Azərbaycan Ermənistanın ərazi bütövlüyünü necə tanıya bilər? Demək istəyirəm ki, indi əsas məsələ sərhədlərin müəyyən olunmasıdır.
44 günlük müharibədən sonra beynəlxalq aktorlar sərhədlərlə bağlı məsələni gündəmə gətirərkən sərhədlərin müəyyənləşməsini yox, texniki məsələni vurğulayırlar – delimitasiya və demarkasiyanı. Nəzərə almaq lazımdır ki, delimitasiya və demarkasiya texniki prosesdir. Delimitasiya və demarkasiya məhz o halda başlaya bilər ki, əsas sərhəd xətti müəyyən olunsun. Bu problemi başa düşən Ermənistan öz mövqeyini gücləndirmək üçün 1975-78-ci ilin xəritələrini gündəmə gətirir. Yəni ki, Ermənistan tərəfi artıq problemin həllini, sülh sazişini özlərinə sərf edən formada təbliğ edirlər. Hətta İrəvan çalışır ki, qlobal güclər bunların mövqeyinə dəstək versin.
Prezident İlham Əliyev müsahibəsi zamanı ona edilən telefon zəngindən danışdı. Belə anladım ki, söhbət şərti sərhəddəki gərginlik zamanı olub. Həmin vaxt Ermənistan hay-küy qaldırmışdı ki, guya Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edib, Ermənistanı işğal edir və s. Belə başa düşdüm ki, bu, Makronun zəngi idi. Cənab Prezident də ona bildirdi ki, orada sərhədin əlamətləri yoxdur. Ora şərti sərhəddir. Ermənistan separatçıları qabağa verərkən əslində öz ərazisini genişləndiriridi. Və Ermənistan işğal etdiyi əraziləri özünə birləşdirmişdi. Faktiki olaraq sərhəd yoxdur. İndi söhbət ondan gedir ki, sərhəd yoxdursa, Ermənistan necə deyə bilər ki, bu bizim ərazimizdir, bu sizin ərazinizdir?! Düşünürəm ki, sərhədlərin müəyyənləşməsi məsələsinin həlli çox vacibdir.
– Sülh danışıqları ilə bağlı rəsmi Bakının İrəvana vasitəçisiz danışıqlar təklifi var. Amma görünən odur ki, Ermənistan tərəfi bundan imtina edir. Sizcə, imtinanın səbəbi nədir?
– Bakı hesab edir ki, danışıqlar birbaşa olmalıdır və hansısa vasitəçi lazım deyil. Amma Ermənsitan çalışır ki, danışıqlarda hansısa qüvvə otursun. İkinci Qarabağ müharibəsindən sonra biz müşahidə edirik ki, Ermənistan sponsor axtarışına çıxıb. Guya Rusiya bunlara kömək etmir, ona görə də kömək edəcək güc lazımdır. Gah Hindistanı göstərdilər, gah fransanı və s. Ötən ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarından sonra İrəvan anladı ki, real kömək edən yoxdur. 2023-cü ilin axırlarında artıq Ermənistan Azərbaycanla birbaşa danışıqların nəticəsində nəzi məsələlərin həllinə nail olduqlarını gördülər. Söhbət Azərbaycan Prezident Adminstrasiyası ilə Ermənistan Baş nazirinin ofisi arasındakı birgə bəyanatdan, nəticədə əsirlərin dəyişdirilməsi prosesi baş verdi. Bununla Azərbaycan onu göstərmiş oldu ki, birbaşa danışıqlar daha effektivdir, daha real nəticələr əldə oluna bilir. İndi birbaşa danışıqları qəbul edəcəklərmi, qarşıdakı zamanda görünəcək.
– Mümkün olacaqmı?
– Bilirsiniz, birincisi onu demək lazımdır ki, vasitəçiliyi qəbul etmək suveren hüquqlarının bir qismini həmin vasitəçiyə vermək deməkdir. ATƏT-in Minsk Qrupunun zamanında bunun nəticələrini gördük. Yəni danışıqların əvvəlində məsələlər sadə idisə, zaman keçdikcə ortaya mürəkkəb məsələlər çıxdı. Məsələn, danışıqlar başlayarkən torpaqların qaytarılması üzərində danışılırdısa, sonradan status kimi Azərbaycan əleyhinə mövzular ortaya çıxdı. İndi Azərbaycanın siyasi və hərbi potensialı o səviyyədədir ki, bizə vasitəçi lazım deyil. Ermənistan özünü zəif hiss edir, ona görə də hansısa qüvvəni öz yanlarında oturtmaq istəyirlər. Amma bu, mümkün deyil. Səbəblər isə çox sadədir. Məsələn, İrəvan istəyirdi ki, Fransanın vasitəsilə BMT-də hansısa qətnaməyə nail olsunlar. Amma bu, alınmadı. İndi isə məcburən Ermənistan bizlə üzbəüz oturub danışmalıdırlar.
– Anklavlar məsələsi də hələ ki, həll olunmayıb. Sizcə, 8 kəndin taleyi necə olacaq?
– 8 kəndlə bağlı məsələnin necə həll olunması sualı yanlışdır. Bəlkə 8 yox, 88 kəndin məsələsi həll olunacaq. Yaxud Zəngəzur dəhlizinin necə olacağı soruşulur. Yanlışdır, çünki bəlkə bizə heç dəhliz lazım olmayacaq?! Nəyə görə vaxtilə AK(b)P MK Siyasi Bürosunun Azərbaycan xalqının rəyi nəzərə alınmadan qəbul etdiyi qərar əsas götürülməlidir? Yenə deyirəm, 1991-ci ildə olan sərhədlərindən Ermənistanın özü imtina edib. Ermənistan Azərbaycanın ərazisini – Qarabağı öz ərazisi kimi elan edir, konstitusiyasında, müstəqillik haqqında bəyannaməsində qanuniləşdirib. Demək ki, Ermənistan bununla SSRİ zamanı verilən digər qərarlardan imtina edib. O cümlədən, Ermənistan Zəngəzurun, Göyçə mahalının onlara verilməsi qərarından da imtina etmiş olurlar.Bunlar hüquqi reallıqlardır. İndi bizdə bəziləri deyir ki, Zəngəzur, Göyçə məsələsini gündəmə gətirməklə Ermənistana ərazi iddiaları irəli sürmüş oluruq. Xeyr, elə deyil, biz ərazi iddiaları irəli sürmürük. Faktiki olaraq Ermənistan Alma-Ata Bəyannaməsində xüsusi düzəliş etməklə, Qarabağın Ermənistana aid olduğunu rəsmən iddia etməklə İrəvan SSRİ tərəfindən Zəngəzur və Göyçənin onlara verilməsi qərarından, dolayısı ilə bu ərazilərdən imtina etmiş olur. Ərazi bütövlüyü məsələsi hələ də müəyyən olunmayıb.
Bəzən deyirlər ki, BMT-yə ölkələr hansı şəkildə, hansı ərazilərlə daxil olubsa, o ərazilər də qarşılıqlı tanınmaldır. Mən də sual verirəm: xəritələr BMT binasında hansı mərtəbədə yerləşən hansı otaqdadır? Elə düşünülməsin ki, ölkələr BMT-yə daxil olarkən hansısa xətirələr verirlər, ərazi bütövlüyü ilə bağlı sənəd verirlər, orada rəqəmlər göstərilir və s. Bu, gülməlidir. BMT-yə üzv ölkələrin 70 faizində hələ də delimitasiya və demarkasiya prosesi yekunlaşmayıb.
Demək istəyirəm ki, bütün məsələlər danışıqlardan, Azərbaycanın mövqeyindən asılıdır. Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən, işğalı rəsmiləşdirəndən sonra iki ölkə arasında sərhədlər mövcud deyil. Bu sərhədin müəyyənləşməsi danışıqlar mövzusu olmalıdır.
Anar BAYRAMOĞLU.
araz.az xəbər portalı.