Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
araz.az-ın xəbərinə görə, İclasda MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb, texniki tənzimləmə prosesi aparılır və bu proses gələn həftə yekunlaşacaq.
MSK sədri Məzahir Pənahovsa qeyd edib ki, orta məktəblərdəki seçki məntəqələrində həm də yanğın təhlükəsizliyi kameraları var:
“Seçki zamanı seçki məntəqəsində yalnız bizim veb-kameralar olmalıdır. Ancaq orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var.
Biz orada MSK-nın veb-kameralarından başqa, heç bir kamera olmasını istəmirik.
Burada bir məsələ də ortaya çıxır: Yanğın baş verəndə bəs necə olsun? Ona görə hesab edirəm ki, məktəbdə səsvermənin olacağı yerdə yanğın təhlükəsizliyi kamerasını çıxarmaq olar”.
M.Pənahov qeyd edib ki, bir gün üçün belə riskə getmək mümkündür:
“Səsvermə kiçik bir otaqda olur. Səsvermə keçirilən məntəqə otaqlarında veb-kameradan başqa heç nə olmamalıdır. Çünki beynəlxalq təşkilatlar da seçki məntəqələrində bəzən yanğın təhlükəsizliyi kameralarının olmasını bizə irad tuturlar”.
araz.az xəbər portalı.