Artıq, gündəm zəbt edən bu paylaşımı görüb, həqiqətən də, çox pis oldum. Açığı, xalq artisləri nə Flora Kərimovanı, nə də, Niyaməddin Musayevi qınamıram.
Baxmayaraq ki, ölkəmizdə kifayət qədər hörmət-rəğbət sahibi olan bu xalq artistləri belə hərəkətə yol verməli deyildilər. Ancaq, məni daha çox hiddətləndirənlər, sözün həqiqi mənasında, belə epizodları tutub, foto və ya video görüntülər kimi çəkərək, ictimaiyyət arasında yayan şəxslərdir.
Hələ də, çoxlarının belə, əxlaq anlayışı barədə heç bir təsəvvürə malik olmadıqları qənaətindəyəm. Doğrudan da, tanınan və hörmət etdiyimiz belə şəxslərin belə görüntülərini yayanlar anlamaq istəmirlər ki, onlar bu xoşagəlməz bəd əməlləri ilə, cəmiyyətin çoxdan oturuşmuş əxlaq norma və prinsiplərini silkələyirlər. Konkret desək, tanınmış şəxslər nümunəsində, cəmiyyəti belə hərəkətlərə adi hal kimi yanaşmağa formalaşdıraraq, Azərbaycan xalqının mental dəyərlərinə, həmin o xalq artistlərindən də betər zərbələr vururlar. Bu tip xəbərlərlə reytinq, oxucu sayı dalınca qaçanların özləri isə, o “pis hərəkət” edənlərdən də, abır və tərbiyə sarıdan tam məsuliyyətsiz adamlardır. Bir də ki, namuslu olmaq, təkcə, öz namusunu qorumağınla bitmir. Cəmiyyətin, xalqın əxlaqını, namusunu qorumaq, pis nümunələrin, vərdişlərin qarşısını almaq, yayılmasını əngəlləmək gözəl əxlaq, əsl namus deməkdir.
Bir sözlə, bu sarıdan əsl səmimiyyət hər şeyi demək, göstərmək yox, lazımsız və dəyərsiz, ən əsası, həddən ziyadə zərərli olanları dilə salmamaq, göz önünə gətirməmək deməkdir — bu, mənim milli dəyərlərə söykənən son qənaətimdır!
Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ qazisi.
araz.az xəbər portalı.