ikram-rafiqoglu.jpg
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, İkram Rafiq oğlu Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə, İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. Oktyabrın 26-da isə, İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumatda o da qeyd edilirdi ki, hazırda bu iş üzrə istintaq araşdırmaları davam etdirilir.

Metbuat surasiDövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatdan dərhal sonra, bu barədə Azərbaycan Mətbuat Şurası da Bəyanat yayıb. Bəyanatda, öncə, xüsusi olaraq vurğulanıb ki, Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelələrindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib: “Ötən müddətdə Şuranın cəmiyyətdə etibarlı ictimai institut kimi özünü təsdiqləməsi də, məhz, bu məramın gerçəkləşməsinə olan məsuliyyətli yanaşmadan irəli gəlib.
Mətbuat Şurasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn missiyası heç də birmənalı qarşılanmayıb. Fəaliyyətinin ilk illərində bir-birinə zidd siyasi qütblər tərəfindən qınaq obyektinə çevrilmiş Şura sonrakı zaman kəsiyində mətbuatdan sui-istifadə, şantaj və böhtan əməllərini gerçəkləşdirmək niyyətində olan şəxslərin tənələri, təhdidləri ilə üzləşib. Qurumun İdarə Heyətinin üzvləri təhqirlərə, nalayiq ifadələrə məruz qalıblar. Mətbuat Şurasına qarşı məhkəmə iddiaları da olub.
Nə özlərinin media ilə bağlı yarımçıq təsəvvürlərini həqiqət hesab edib cəbhə açanlar, nə də kimlərəsə sığınıb guya komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanıblar. Ölkə ictimaiyyəti onların düşdükləri durumun acınacaqlı sonluğunun görüb. Bu aqibət söz və ifadə azadlığının ruhuna, mahiyyətinə xəyanətin məntiqi nəticəsidir. Təəssüf ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər qalmaqdadırlar. Onlar jurnalistika ilə bağlı bəsit təsəvvürlərini dəyər kimi ictimailəşdirməyə cəhd göstərirlər.
Mətbuat Şurasının istədiyi «Reallıq.info» və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı «damokl qılıncı» obrazını heçə endirmək, bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır.
Mətbuat cəmiyyətdəki naqislikləri, ayrı-ayrı məmurların özbaşınalıqlarını, onların ictimai maraq və mənafeləri heçə saymasını arqumentli şəkildə göstərməli, ifşa etməlidir. Müstəqillik illərində bununla bağlı kifayət qədər nümunələr var. Bu nümunələrin nəticəsidir ki, mediamız ictimai qınaq institutu olaraq qəbul edilir, onun funksiya və vəzifələrinə dəyər verilir. Ancaq İkram Rafiq oğlu Rəhimov kimi «reallıq axtarıcıları» nə istedad, nə şəxsi keyfiyyətlər baxımından bu nümunələrdə nəinki yer alıblar, heç həmin nümunələrin kənarına yaxın düşəcək səviyyəyə belə qalxmayıblar.
Bu gün Mətbuat Şurası ikramları, informasiya reallığını gözlərində gilyotin kimi görən rafiqoğluları və onun düşüncə kasadlığını bölüşənləri öz ofisinə dəvət edib, onlarla söhbətlər aparırsa, nəyi və nələrisə izah etməyə çalışırsa, tutduqları yolun yanlışlığını anladırsa, bu, Şuranın öz prinsiplərinə verdiyi dəyərdir. Qurumun yanaşmasından nəticə çıxaranlar və çıxarmayanlar var.
Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin yaratdıqları, tərkibini seçdikləri medianın özünütənzimləmə orqanıdır. Qurumun İdarə Heyətinin hər bir üzvünə aşağılayıcı münasibət, böhtan və təhqir onları bu mövqeyə layiq görmüş media cameəsinə ünvanlanmış davranışdır.
İkram Rafiq oğlu Rəhimov «Reallıq.info» və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı. Şura «Reallıq.info»nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçmiş, adını özünün «qara siyahı»sına daxil etmişdi. Lakin İkram Rafiqoğlu heç bir halda bundan nəticə çıxarmamış və yarıtmaz fəaliyyətini davam etdirmişdi”
Bəyanatın sonunda o da bildirilir ki, artiq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan İkram Rəhimova qarşı irəli sürülən ittihamlar, Mətbuat Şurasına «Reallıq.info»nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Buna görə də, Şura tam əminliyini ifadə edib ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaqdır.

araz.az

araz.az xəbər portalı.