“Yenə də qardan üzüağ çıxa bilmədik, biabır olduq”.

araz.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı son günlər ölkə ərazisinə yağan qardan sonra yollarda yaranan problemlərlə bağlı Bakıvaxtı.az-a danışarkən deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar yenə də təcrübəsizlik nümayiş etdirdilər: “Onlar qar yağanda özlərini itirdikləri üçün belə bir mənzərənin şahidi olduq”.

Ekpert bildirib ki, aidiyyəti  qurumlar konfliktli nöqtələrin hara olduğunu yaxşı bildikləri üçün ən azından həmin əraziləri nəzarətə götürüb yaxınlığında texnika saxlaya bilərdilər: “Ancaq bunlar aləmin bir-birinə dəyməyini gözləyirlər. Məsələn, Biləcəri enişində, Yeni Yasamalda, Günəşlidə, Zığ tərəfdə qəzalar baş verir, ondan sonra ərzaiyə texnika gəlir, yola duz, qum səpir, təhlükəni aradan qaldırmağa çalşırlar. Və yaxud da görürsən ki, eyni yolda dörd texnika işləyir, heç biri yolu təmizləmir. Nə vaxta kimi görüntü nümayiş etdirəcəklər?”

E.Muradlı qeyd edib ki, aidiyyatı qurumlar qışqabağı yalandan çıxıb texnikalarını nümayiş etdirirlər ki, qışa hazırıq: “Bir damcı da qar düşən kimi aləm bir-birinə dəyir.

Bakı meri deyir ki, dünyanın heç bir ölkəsi qarla anında mübarizə apara bilmir. Bəli, elədir. Amma burada söhbət dəhşətli qar yağıntısından gedir. Bakı kimi əraziyə 20 santimetr qar düşən kimi təslim oluruq. Bir gündən sonra da açıqlama verirlər yollar açıqdır.

Parisdə, Londonda və s. kimi şəhərlərdə belə qar yağsa, onu heç yerə düşməmiş göydə həll edərlər.

Yollar vaxtında açılmalı, bir yolda ən azı bir neçə texnika işləməlidir. Siz ancaq rəhbər şəxslərin keçdiyi yolları təmizləyirsiniz. Digər yollarda da “vəziyyətə baxarıq” prinsipi ilə hərəkət edirsiz. Bu prinsipdən uzaq durmaq lazımdır”.

Ekspert vurğulayıb ki, yağan qar bölgələrə gedən yollarda da təhlükəli vəziyyət yaradıb: “Xüsusilə Ağsu aşırımında, İsmayıllı-Şamaxı yolunun Cənub istiqamətində xeyli sayda avtomobil yolda qaldı. Sürüşmə nəticəsində qəzaya düşənlər oldu. Şükürlər olsun ki, ölüm hadisəsi baş vermədi. Səhlənkarlıq edən qurumlara görə xeyli insan maddi zərər gördü. Bu, illərdir belə davam edir”.

araz.az xəbər portalı.