Bir çox insanlar kredit kartından ya öz pulları kimi istifadə edir, ya da geri ödəniş etmək məqsədi ilə istifadə etsələr də, geri qaytarmaqda çətinlik çəkir.
Kredit kartlarından xərcləmək niyə insanlara daha bu qədər asan gəlir? Kredit kartlarından necə istifadə etməliyik ki, borclarımız yığılmasın?
Bu barədə “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, bir çox bankların kredit kartlarında güzəşt müddəti olur. Bu, nağdsız əməliyyatlar üçün verilən güzəşt müddətidir. Müştəri həmin əməliyyatları aparan zaman belə nəzərdə tutmalıdır ki, ay ərzində istifadə etdiyi məbləği ayın sonunda əmək haqqı alan zaman onu ödəsin: “Bu tipli məqsədlər üçün istifadə olunan zaman kredit kartları daha faydalı olur. Müştəri demək olar ki, faiz, komissiya ödəmir, nağdsız əməliyyat aparır və əmək haqqı alan zaman ödəniş edir. Bu, müştəri üçün çox faydalıdır. Uzunmüddətli məqsədlər üçün də kredit kartlarından istifadə oluna bilər. Bunun üçün hissə-hissə ödəniş funksiyaları var ki, əməliyyat olunan zaman həmin məbləği bir neçə ay ərzində müştəri geri qaytarır. Eyni zamanda kredit kartları sərbəst qrafik əsasında verilir, adətən ayın sonunda güzəşt müddəti bitəndən sonra faizlər ödənilir və əsas məbləğin ödənilməsinə limit qoyulmur”.
“Hər kəs özünün maliyyə planlaşdırmasını aparmaldır. Maliyyə nə üçün istifadə olunur və onu nə vaxt geri qaytara biləcək? Bu suallar əsasında kredit kartlarından səmərəli istifadə olunarsa, bundan fayda götürmək olar. Amma plansız şəkildə, sanki şəxsi vəsaitmiş kimi istifadə olunarsa və onun ödənişi planlaşdırılmazsa, bu zaman təbii ki, çətinlik yaranır” – deyə ekspert qeyd edib.
X.Məmmədli vurğulayıb ki, kredit kartı seçimini də düzgün etmək lazımdır: “Bəzi bank kartlarında belədir ki, məsələn, müştəri min manatlıq xəttdən bir il ərzində kredit xətti kimi istifadə edir və təyin olunmuş müddətdə yalnız faizləri ödəyir, əsas borcu ödəmir. Amma bir ilin tamamında bu yenidən qrafik şəklində kreditə çevrilir və müştəri əsas borcu hissə-hissə ödəyir. Bu cür kredit kartları daha uyğundur və insanlar onu ödəyən zaman çətinlik çəkmirlər”.
araz.az xəbər portalı.