“2023-cü ildə ölkədə​ 7,2 milyon baş​ qoyun və keçi,​ 2,5 milyon baş​ iribuynuzlu mal-qara olub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 113,4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 705,1 min baş azalıb. Bu göstərici son 10 ilin ən aşağı həddidir. Artıq statistik məlumatlar da sübut edir ki, xeyli vaxtdır iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb”.

araz.az bildirir ki, bunu  iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki,​ təxminən 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı aşağı düşür. Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına aid torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır:

“İldən-ilə torpaqların böyük hissəsi şoranlaşaraq əkin dövriyyəsindən çıxır. Həmçinin ölkədə toxumçuluq, seleksiya işi dövrün tələblərinə uyğun olaraq qurulmayıb. Ona görə də fermerlər hər il müəyyən qədər əkin sahələrini dövriyyədən çıxarmaq məcburiyyətində qalırlar. Ötən il də xeyli əkin sahəsi dövriyyədən çıxarılıb”.

Akif Nəsirli qeyd edib ki, işğaldan azad edilən ərazilərdə heyvandarlıq sahəsinin inkişafı üçün əlverişli şərait var. Bu şəraitdən lazımınca istifadə olunsa, ölkədə heyvandarlığın artımına nail olmaq olar:

“Kütləvi şəkildə heyvanların Laçın və Kəlbəcər yaylaqlarına aparılması məqsədəuyğun olar. Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər və bunun üçün potensial var”.

araz.az xəbər portalı.