millimeclisdf“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunda hədiyyənin yuxarı məbləği müəyyənləşir

Milli Məclisin deputatları yalnız dəyəri 55 manata qədər olan hədiyyələr qəbul edə biləcəklər.

Dəyəri 55 manatdan yuxarı olan hədiyyələri isə Milli Məclis Aparatına akt üzrə təhvil verməli olacaqlar.

Hədiyyənin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Deputatların hədiyyə alma ilə əlaqədar məhdudiyyətləri qanunun 10-cu maddəsində nəzərdə tutulub. Bu maddəyə əsasən, deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan, vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə, həmçinin qəbul edə bilməz.

B maddədə qeyd edilir ki, bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləği keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Yeni layihədə maddəyə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Qanunun 10.2. maddəsinə əsasən, deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

Yeni əlavə edilməsi təklif olunan 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli, və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunu ötən il parlamentdə qəbul edilib və prezidentin 7 avqust 2017-ci il tarixli Fərmanı ilə qüvvəyə minib.

araz.az xəbər portalı.