Yanvarın 17-də Mətbuat Şurasında “Şuşa” qəzetinin redaktoru, yazıçı-publisist və tədqiqatçı Vasif Quliyevin 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

araz.az bildirir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid müqəddəs Şuşa, o cümlədən, Qarabağla bağlı canlı ensiklopediya funksiyasını yerinə yetirən V.Quliyevi sadəlik və təvazökarlıq simvolu kimi xarakterizə edən məqamlardan söz açıb. O bildirib ki, yubilyar jurnalistin müqəddəs yurd yerlərimizlə bağlı apardığı tədqiqatlar bütöv bir institutun görməli olduğu işlərdir. Şura sədri bütün bunlara görə V.Quliyevi böyük təltiflərə layiq şəxs kimi səciyyələndirib.

R.Məcid yubilyar qələm sahibinin işğal illərində “Şuşa” qəzetinin yaşadılmasına yönələn fəaliyyətini əsl fədakarlıq, doğma el-obaya misilsiz bağlılıq nümunəsi adlandırıb. O, Mətbuat Şurasının  diplomunu V.Quliyevə təqdim edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elşən Əliyev təmsil olunduğu qurumun V.Quliyevlə yaradıcılıq əməkdaşlığı həyata keçirdiyini bildirərək, yubilyarın Şuşa ilə bağlı bilgiləri əsasında broşüraların hazırlandığını diqqətə çatdırıb. O, eyni zamanda, veteran jurnalistə Komitənin təşəkkürnaməsini də təqdim edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında yubilyar qələm sahibini cəsarətli və fədakar jurnalist kimi xarakterizə edən məqamlara toxunub, bununla bağlı konkret epizodlar üzərində dayanıb. O, eyni zamanda, V.Quliyevi Şuşa irsinin qorunmasındakı və yaşadılmasındakı xidmətlərinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynov V.Quliyevin bütövlükdə Azərbaycanın mənəvi keçmişinin, irsinin daşıyıcısı olduğunu bildirib. O deyib ki, yubilyarın Şuşanın tarixi yerlərinə dair və şəxsiyyətlərinə həsr olunmuş yazıları bu qədim torpağımızın xalqımıza məxsusluğunu vurğulayan son dərəcə dəyərli məxəzlərdir.

V.Quliyevi Qarabağ uğrunda illərlə tək mübarizə aparmış yaradıcılıq adamı obrazına diqqət yetirən tanınmış jurnalist Hikmət Sabiroğlu bildirib ki, yubilyarın 50 il ərzində reallaşdırdığı tədqiqat işləri geniş diapazona malikdir və mövcud xüsusdakı fəaliyyət ona həm tarixçi, həm jurnalist, həm ədəbiyyatşünas, həm də dəyərli ziyalı olaraq yanaşmağa imkan verir.

Şuşanın Azərbaycan üçün nadir və nəhəng yaradıcılıq konveyeri olduğunu bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, Qarabağ müharibəsi veteranı İlham İsmayıl V.Quliyevin bu dolğun mənzərədə özünə layiqli yer tutduğunu bildirib, yubilyarla bağlı xatirələrini bölüşüb.

Şair, tərcüməçi və ədəbiyyat tənqidçisi Adil Cəmil çıxışında V.Quliyevi amalı ilə əməli üst-üstə düşən yaradıcılıq adamı, əsl ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb. Yubilyarın sənət dostlarından və tələbə yoldaşlarından “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov, həmçinin, Rəsul İsmayılov, Ağacəfər Həsənli, Elşad İsayev, veteran jurnalist Mədət Məmmədov onu mərd, fədakar Şuşa və Qarabağ həqiqətlərinə elmi və publisistik üslubda işıq salan ziyalı və vətənpərvər olaraq səciyyələndirən xüsusiyyətlərə diqqət çəkiblər.

Sonda çıxış edən V.Quliyev keçdiyi həyat yoluna və yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Rəçad CƏFƏRLİ,

araz.az  xəbər portalının  xüsusi müxbirir.

araz.az xəbər portalı.