2017-ci ildə Azərbaycana 10 milyon 377 min 300 ABŞ dolları dəyərində 40 milyon 516 min 800 ədəd quş yumurtaları idxal olunub. Təqribən yumurtanın bir ədədi 0.25 AZN-ə başa gəlir. 2017-ci ildə 31 milyon 24 min 600 ABŞ dolları dəyərində 25 milyon 829 min 600 ton quş əti və onun əlavə məhsullar idxal olunub.
Məlumatı Cebhe.info-ya Dövlət Statistika Komitəsi verib. Statistik məlumatlardan bəlli olur ki, hər il Azərbaycana gətirilən quş əti və yumurta idxalının həcmi artır. Yerli istehsal daxili tələbatı ödəmir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli Cebhe.info-ya bildirib ki, rəsmi statistikaya əsasən, ölkənin yumurtaya olan tələbatı 100.5 faiz həcmindədir, yəni, tam ödənilir:
“Lakin ölkəmizin quş ətinə olan tələbatında bir qədər açıq görünür. Yerli istehsalın təxminən 79 faizi quş ətinə olan tələbatı ödəyir. Azərbaycanda təxminən 1 ildə 1 milyard 714 milyon ədəd yumurta istehsal olunur. Ölkənin əsas problemi quş əti ilə bağlıdır. Hazırda 104 min ton quş əti istehsal olunur, amma reallıqda bu, 131 min ton olmalı idi ki, ölkə əhalisini tam təmin etsin. Əgər rəsmi rəqəmlərin doğruluğuna inansaq, ölkəyə ildə 21 min ton quş əti idxal olunur. 4 min ton da hindquşu və digər bu qrupdan olan ət idxal olunur. Ümumilikdə il ərzində ölkəyə 2 milyarddan çox bir-iki günlük cücələr gətirilir. Bizim bu prosesə il ərzində xərclədiyimiz ümumi vəsait 27 milyon dollar civarındadır”.
Yerli tələbat nəyə görə təmin olunmur?
Ekspert vurğulayıb ki, quşçuluq heyvandarlığın ən çətin və investisiya tələb edən sahəsidir:
“Son illər dövlət səviyyəsində görülən işlər çərçivəsində bu sahəyə ciddi investisiyalar qoyulub. Bu sahənin inkişafı etməsi üçün yeni fabriklər qurulub və texnologiyalar gətirilib. 2017-ci ilin yanvarın 1-dən quş əti satışına əlavə dəyər vergisi (ƏDV) ləğv olundu. Bu, nəticə etibarilə məhsulun maya dəyərinin ucuzlaşmasına təsir edən ən mühüm faktorlardan biri olub. Dövlət səviyyəsində bu addımlar atılıb. Lakin Azərbaycanda quşçuluğun damazlıq problemləri var. Ölkəmizdə damazlıq təsərrüfatları ya yox səviyyəsindədir, ya da çox zəifdir. Mövcud təsərrüfat damazlıq quşa olan tələbatı ödəmir. Əslində, 27 milyon dollar civarında xərclənən vəsaitin böyük əksəriyyəti damazlıq məqsədi ilə gətirilən quşlara sərf olunur. Bu günə qədər yerli sahibkarlar damazlıq quşları İngiltərə, Macarıstan, Türkiyə kimi ölkələrdən idxal edirdilər. Amma son məlumatlara əsasən, ərazi baxımından yaxınlığa görə artıq bu siyahıya İran da daxil olub. Burada əsasən damazlıq ehtiyacları nəzərə alınır. Yumurta və bir günlük cücələrin İran İslam Respublikasından idxalı barədə artıq razılıq əldə edilib. Bu, Azərbaycanın uzun illərdir quşçuluq sənayesinin asılı olduğu problemdir. Yerli elmi müəssisələr olmalı, onlar daim elmi seleksiya və sınaq işlərini aparmalıdır. Həmin tədqiqat müəssisələri yeni quş sortlarının yaradılması, quş cinslərində məhsuldarlıq göstəricilərinin artırılması üzrə araşdırmalar aparmalıdır. Halbuki bu işi həmin ölkələrdəki elmi tədqiqat müəssisələri həyata keçirir, yeni nailiyyətlər əldə edir və onu bizə pulla satırlar. Halbuki, bu iş Azərbaycanda təşkil olunmalıdır. Azərbaycanda quşçuluq sektorunun birinci problemi damazlıq təminatının olmamasıdır”.
Nicat Nəsirli hesab edir ki, quşçuluğun həm maya dəyərini artıran, həm də bu sahəni çətinləşdirən istiqamət yem istehsalıdır:
“Təkcə 2017-ci ildə Azərbaycanda 300 min ton quş yemi istehsal olunub. Bu, hətta kənd təsərrüfatı üzrə strateji yol xəritəsində etiraf olunan bir rəqəmdir ki, 1 il ərzində 300 min ton quş yemi istehsal olunub. Lakin bunu da bütün xammalın idxalı təşkil edir. Yəni, quş yeminin istehsalı üçün yem komponentləri üzrə Azərbaycan xaricdən asılıdır. Quş yeminin əsasını qarğıdalı, soya, balıq unu və müxtəlif vitamin preparatları təşkil edir. Bu komponentlərin hamısı ən uzaq Braziliyadan belə gətirilir. Hökmən Azərbaycanda yemçilik elmi istiqamətdə təşkil olunmalıdır ki, maya dəyərinə təsir etsin”.
Analitikin qənaətincə, bütün dünya ölkələrində toyuqçuluq həssaslıq baxımından ən həssas kateqoriya sayılır:
“Bu sahədəki həssaslığı təkcə Azərbaycana aid etmək olmaz. Əgər bir xəstəlik düşərsə, burada ən azı yüz minlərlə quş tələf ola bilər. Əslində quşçuluqda 13 növ xəstəlik var ki, Azərbaycan üçün bunlardan iki qrip mənşəli virus aktualdır. Xəstəliklər quşların özlərinə və təsərrüfatlardakı məhsuldarlığın gəlirlərinə ən azı 70 faiz ziyan vurur. Azərbaycanda quşçuluq sahəsində həssas baytarlıq sistemi qurulmayıb. Onu da nəzərə alaq ki, Azərbaycanda quş ətinin və yumurtanın böyük hissəsi fərdi təsərrüfatlardan formalaşır. Təxminən 826 mindən çox fermer ailəsi var və onların böyük əksəriyyəti quşçuluqla məşğuldur. Xəstəliklər fərdi təsərrüfatların gəlir səviyyəsinə çox ciddi ziyan vurur. Bəzən mütəmadi fərdi təsərrüfat sahiblərinin fermasında kütləvi qırğınla bağlı informasiyalar yayılır. Bu cür faktlar göstərir ki, Azərbaycanda quşçuluq sənayesinin baytarlıq təminatında ciddi sistem qurulmayıb. Halbuki dünya praktikasında bu sistemlər var. Tutaq ki, Gəncə-Qazax bölgəsində quşçuluğa hansısa bir xəstəlik düşürsə, bu çox sürətlə yayılıb digər bölgələrə keçə bilər. Elə bir sistem olmalıdır ki, xəstəlik yerində lokallaşdırılsın. Hesablamalar göstərir ki, quşçuluq ciddi investisiya tutumlu bir sahədir. Bura marağı olan istehsalçı quşçuluq sənayesinə girə bilməz. Bunun texnologiya, yem və baytarlıq təminatı kimi tərəfləri var. Quşlar xəstəliyə və ətraf iqlim amillərinə qarşı çox dözümsüzdür. Hesablamalar göstərir ki, quş ətinin maya dəyərinin formalaşmasında təxminən 70 faizi yem komponentlərinin yerli istehsal olmaması təşkil edir. Əgər Azərbaycanda yemçilik qurulsa, quş ətinin maya dəyərində ciddi ucuzlaşma əldə edə bilərik. Uzun illərdir quş ətinin maya dəyərinin digər ölkələrə müqayisədə baha başa gəlməsi barədə müzakirə gedir. Normalda dünyada il ərzində adambaşına düşən quş ətinin istehlakı ortalama 350-366 kiloqramdır. Amma Azərbaycanda bu, 300 kiloqrama gəlib çatmır, azdır. Bu da quş ətinin əlçatan olmaması ilə bağlıdır”.
Yeganə Oqtayqızı
Cebhe.info
araz.az xəbər portalı.