• Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bölgədə sülh, əmin-amanlıq üçün səsləndirdiyi fikirlər reallığı hələ də dərk etməyən Ermənistanda yenə də cığallıqla şərh edilməkdədir.

Ayrı-ayrı politoloqların, deputatların, siyasətçilərin revanşçılığı təbliğ etmələri “Hraparak”ın bugünkü yayımında da geniş yer alıb. Parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri isə necə deyərlər, birinciliklərində təsdiq üçün xarici işlər naziri Ararat Mirzoyanla məxfi görüş keçirib gələcəkdə görüləcək işlərin müzakirəsini aparmaq məqsədilə ona müraciət ünvanlayıb. İlkin razılığa görə görüş yanvarın 24-də keçiriləcək və sülh müqaviləsi barədə ətraflı müzakirə aparılacaq. Bildirilir ki, bu taleyüklü müzakirədə digər yüksək vəzifəli şəxslər də iştirak edəcəklər. Müxbirin qısa şərhində o da vurğulanır ki, Ermənistanın ən düzgün yolu sözügedən müqavilədən imtina etmək olardı. Bu isə hayların yeni təxribatlara hazırlaşdığını deməyə əsas verir.

N.QARAMANLI.

araz.az xəbər portalı.