Rayon Komitəsinin rəhbəri Sübut Əsədov, qurum üzvü ilk həmkarlar ittifaqlarının yeni seçilən sədrlərini və heyət üzvlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik edərək, tövsiyyələrini verir

 

Avropadan Rusiyaya, oradan Azərbaycana yayılan, daha dəqiq desək, yaranması ölkəmizdə ötən əsrin əvvəllərinə təsadüf edən, o dönəmlərdə açıq-aşkar əsarət altına düşdüyü üçün, ölçüyəgəlməz müxtəlif təzyiqlərlə üzləşməsi səbəbindən, hərtərəfli formalaşaraq, möhkəmlənməsinə zaman-zaman imkan verilməyən, bütün bunlara baxmayaraq, fəaliyyətini açıq müstəviyə keçirməklə, öz ətrafında milli düşüncəli insanları bir araya gətirib, birləşdirməyə qadir olması müqabilində formalaşması getdikcə daha geniş vüsət alan həmkarlar hərəkatının ümumxalq mənafeyinə istiqamətləndirilən bütün önəmli işlərdə rolu danılmaz olub. Konkret desək, ətrafında birləşdirdiyi fəal və mübariz çoxsaylı təşkilatlarla təkcə işçilərin sosial-iqtisadi problemlərinin həlli ilə məşğul olmaqla kifayətlənməyərək, ölkədə cərəyan edən ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilərək, dövlət qurumları və sahibkarlar qarşısında belə çəkinmədən kəskin siyasi tələblər qaldırıb. Öz müstəqilliyinə qovuşan Azərbaycan Respublikasında bərqərar olan demokratiya şəraitində isə, həmkarlar hərəkatının formalaşmasının belə geniş vüsət almasının, birbaşa, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin dövlət rəhbəri fəaliyyətləriylə bağlılığı göz önündən getməyib. Bəli, deyilənlər, məhz, hər iki ölkə başçısının ciddi göstərişləri və qəti tələbləri hesabına mümkün olub. Reallıq belə bir daha sübut edir ki, bu sahədəki hərtərəfli belə tərəqqi və inkişaf da, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibindəki həmkarlar təşkilatlarının işlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıyla bağlı dövlət səviyyəsində qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən misilsiz işlərin nəticəsidir.

 

Yeri gəlmişkən, bir daha xüsusi olaraq onu vurğulamaq istəyirik ki, getdikcə daha sürətli inkişafıyla durmadan genişlənməsinə və ölkə həyatının bütün sahələrini hərtərəfli əhatələməsinə Azərbaycanın həmkarlar hərəkatı, açıq-aydın, onun sıralarında birləşən ayrı-ayrı adlara malik olduqca fəal və mübariz çoxsaylı həmkarlar təşkilatlarının göstərdikləri daim seçilən, cəmiyyət tərəfindən alqışlanaraq, qəbul edilən nümunəvi fəaliyyətləri hesabına nail ola bilib. Belə təşkilatlardan biri də, həyatın bütün dönəmlərində bir-neçə ad altında aktiv olaraq, ölkənin çoxsaylı təhsil işçilərini, həmçinin bir vaxtlar mətbuat əməkdaşlarını da bir araya gətirərək, öz ətrafında birləşdirib. Hal-hazırda isə, ölkə üzrə təhsil işçilərinin həmkarlar təşkilatı öz funksiyasını ATİAHİ RK — Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Respublika Komitəsi adı altında həyata keçirir.

 

Bu yerdə, xüsusi olaraq onu da qeyd etməyi vacib bilirik ki, rəsmən fəaliyyətinin startı verildiyi gündən indiyədək, öz alqışalayiq işini Azərbaycan təhsilinin taleyinə cavabdeh yüksək səlahiyyət sahibi rəsmi dövlət qurumları ilə əlaqəli şəkildə qurmağı bacaran və milli təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin fəal iştirakçısına çevrilən bu həmkarlar təşkilatı, həm əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirib, həm də məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb, siyasi maarif idarələri… işçilərinin mənafeyi naminə bir sıra önəmli və vacib işlər də görüb. Ən əsası odur ki, bu sahədə çalışan insanların əmək hüquqlarının qanun tələbləri çərçivəsində təmin olunması ilə bağlı mühüm təkliflər proqramı əsasında çıxış edərək, istəyinə tam şəkildə nail ola bilib.

 

Deyilənlər, ATİAHİ RK-nın VIII Məclisi tərəfindən verilən Qərara əsasən, Respublika Komitəsinin üzvü olan ayrı-ayrı rayon komitələrinin son vaxtlar keçirilən hesabat-seçki yığıncaqlarında ortaya qoyulan məlumatlarda da, öz inkarolunmaz təsdiqini tapır. ATİAHİ Nizami Rayon Komitəsinə üzv həmkarlar təşkilatlarında, Komitənin 21 noyabr, 2023-cü il tarixli Qərarına əsasən, keçirilməsinin iki həftə öncə startı verilən ötən ilin yekunları ilə bağlı hesabat-seçki yığıncaqlarında, xüsusi olaraq qeyd olunanları isə, deyilənlərə daha bir sübut kimi göstərmək kifayətdir.

 

ATİAHİ RK-nın VIII Məclisinin məlum Qərarına əsasən, növbəti axırıncı belə bir tədbir yanvarın 17-də 103 saylı Körpələr Evi — Uşaq Bağçasında və Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika İnternat Məktəbində keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirilərək, şəhidlərimizin əziz xatirəsi ayaq üstə yad edildikdən sonra başlayan bu yığıncaqda, öncə, bu Körpələr Evi –Uşaq Bağçasının və İnternat Məktəbinin həmkarlar ittifaqı komitələrinin sədrləri Firuzə

Əsədovanın və Ərəstun Hidayətovun, eləcə də, hər iki təşkilatın təftiş komissiyaları rəhbərlərinin çıxışları, 2018 – 2023-cü illər üzrə 5 illik fəaliyyətin hesabatı şəklində dinlənilib. Bundan sonra, açıq səsvermə yolu ilə, bağçanın ilk Həmkarlar İttifaqı Komitəsinin 5, Təftiş Komissiyasının 3, inetnat məktəbinin ilk Həmkarlar İttifaqının 7 və Təftiş Komissiyasının isə, 3 nəfərlik yeni tərkibləri seçilib. Hər iki kollektiv tərəfindən yüksək etimad göstərildiyindən, həm Firuzə Əsədovanın, həm də Ərəstun Hidayətovun namizədlikləri yenidən irəli sürülüb. Onların əvvəlki vəzifələrində saxlanılmaları, hesabat-seçki yığıncağında baş tutan açıq səsvermə prosesi zamanı, səs çoxluğu ilə, bir daha təsdiqlənib.

 

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, eyni ssenari ilə, ATİAHİ Respublika Komitəsinin 21 noyabr, 2023-cü il tarixli məlum Qərarına əsasən, yeni ilin ötən günlərində, yüksək səviyyəli bu tip yığıncaqlar, ATİAHİ Nizami Rayon Komitəsinin üzvü olan digər bir-neçə təşkilatda da keçirilib. Konkret desək, Kamil Əyyubov adına 12, Məzahir Rüstəmov adına 32, Kamil Əliyev adına 61, Vüqar Sadıqov adına 214 saylı tam orta məktəblərdə, 31, 113, 175 saylı körpələr evi-uşaq bağçalarında, 8 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsdə (8 saylı UGİM PHŞ), Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təshil Mərkəzində, 1 saylı İdman Liseyi Publik Hüquqi Şəxsdə, Xalid Quliyev adına 62 saylı məktəb-liseydə, 13 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində (İOEUGİM) də, hesabat-seçki yığıncaqlarının yüksək səviyyədə təşkili baş tutub. Bu təşkilatların sədrlərinin, nəzarət-təftiş komissiyaları rəhbərlərinin çıxışları da, 2018 – 2023-cü illər üzrə, 5 illik fəaliyyətin hesabatı şəklində dinlənilib. Keçirilən bu tədbirlərdə fəaliyyətlərinə yüksək qiymət verildiyi üçün, adları yuxarıda qeyd olunan həmin ilk təşkilatlara ötən 5 ildə rəhbərlik etmiş Yasəmən Şahverdiyevaya, Səyyarə Məsimovaya, Aynur Rəhimovaya, Pərvanə Musayevaya, Səadət Əliyevaya, Pərvin Məmmədovaya, Elnur Ağayevə, Mədinə Əkpərovaya, Ülviyyə Məmmədovaya, Şəlalə Rüstəmovaya, Qahir Şikarova və Nübar Hacıyevaya, ilk növbədə, üzvləri olduqları kollektivləri tərəfindən yüksək etimad göstərildiyi nəzərə alınıb və bu vəzifə postlarına namizədlikləri təkrarən irəli sürülüb. Açıq səsvermə proseslərinin gedişi zamanı isə, hər birinin sədrliyə layiq namizədlikləri, yüksək səs çoxluğu ilə, öz təsdiqni tapıb. Beləcə, adları çəkilən təşkilatların həmkarlar ittifaqlarının və nəzarət-təftiş komissiyalarının əvvəlcədən müəyyən edilən sayda yeni tərkibləri də, seçki yolu ilə müəyyən edilərək, təsdiqlənib.

 

Bir sözlə, mövcud qayda-qanunlar çərçivəsindəki şərtlərə və normalara uyğunlaşdırılaraq, yüksək səviyyədə keçirilən hər bir yığıncağın sonunda isə, ATİAHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov çıxış edərək, yeni seçilənləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edərək, gələcək uğurlu fəaliyyətləri üçün, önəmli və vacib tövsiyyələrini verib.

Tahir HÜSEYNOV,

Fərhad MƏMMƏDOV, 

araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.