Bakıda 20 min manat dəyərindən yuxarı daşınmaz əmlakların alqı-satqısı zamanı vətəndaşlardan gəlir deklarasiyası tələb olunur.
araz.az xəbər verir ki, notariuslar yanvarın ilk günlərindən etibarən daşınmaz əmlak əldə etmək istəyən şəxslərdən pulun mənbəyinin göstərilməsi haqda rəsmi sənəd tələb edirlər.
Bu, vətəndaşların narazılığına səbəb olub. Bildirilir ki, əmlak almaq istədikləri zaman süründürməçiliklə üzləşiblər.
Son zamanlar əmlak bazarında durğunluğun yaranmasına səbəb kimi bu amillər də göstərilir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a bunları deyib:
“Artıq bir müddətdir ki, alqı-satqılar zamanı notariuslar tərəfindən 20 min manatdan yuxarı məbləğə görə gəlir deklarasiyası tələb olunur kimi xəbərlər var idi. Lakin qanunvericilikdə bir çox müddəalar var ki, onların biri də alqı-satqı, böyük məbləğdə pul əməliyyatları zamanı, bank əməliyyatları və digər pul dövriyyəsi zamanı Azərbaycan qanunvericiliyinə görə 20 min manatdan yuxarı məbləğin gəliri soruşulur. Amma rəsmi deklarasiya tələbi yoxdur. Lakin notariuslar tərəfindən pulun haradan əldən olunduğu ilə bağlı vətəndaşdan məlumat alınır. Bu məlumatlar hansı hallarda alınmır: əgər mənzil ipoteka və digər kreditli yolla əldə olunursa, mənzil bağışlanılırsa, yaxud mənzilin alınması üçün vətəndaş digər bank hesabından notariusun hesabına pul köçürürsə. Digər hallarda vətəndaş əmlak alırsa, əmlakın ümumi məbləğindən 20 min manat çıxılır, yerdə qalan hissə ilə bağlı vətəndaşdan qısa məlumat alınır. Yəni əldə etdiyi pul vahidini vətəndaş haradan əldə etdiyini qısaca deməlidir. Bir çox insanlar var ki, evlərini satıb yeni ev alırlar. Yaxud xarici ölkədə biznesləri var və ya qohumları göndərir. Azərbaycanda vergiyə cəlb olunmayan bir çox sahələr var ki, onlardan biri kənd təsərrüfatı sahəsidir, bu sahədən də vətəndaşlar gəlir əldə edə bilib, həmin gəlirlə əmlak alırlar. Yəni notariusda rəsmi şəkildə soruşularsa, vətəndaşın pulun mənbəyi ilə bağlı qısa məlumat verməsi kifayət edir. Rəsmi gəlir deklarasiyası tələbi konkret olaraq yoxdur. Qısaca məlumat vermə bu işi yekunlaşdıra bilər”.
Ekspert xarici ölkələrdə ev alqı-satqısı zamanı gəlir deklarasiyasının tələbi ilə bağlı məsələyə də münasibət bildirib:
“Xarici ölkələrdə gəlir deklarasiyasının tələbi var. Bizdə ölkə əhalisinin bir hissəsi xarici ölkələrdə yaşadığı üçün və oradan əldə etdiyi gəlirlərdən daha çox Azərbaycanın əmlak sektoruna yatırdığına, vətəndaş rəsmi gəlir deklarasiyasını təqdim edə bilmədiyinə görə qanunvericiliyimizdə ciddi tələb yoxdur, sadəcə şifahi cavablandırma lazımdır”.
araz.az xəbər portalı.