Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə dünyada bel ağrılarından əziyyət çəkən, belində problem yaranan insanların sayı 619 milyona çatıb. Böyük Britaniyanın “Guardian” qəzetində xarici mütəxəssislərin boyun, bel və kürək ağrılarının qarşısını almaqla bağlı 5 məsləhəti yayımlanıb. 
araz.az   sözügedən yazını tədqim edir:
1. Aktiv olun
Tədqiqatlar göstərir ki, məşq həm onurğada olan fəqərəarası disklərə vacib qida maddələrinin çatdırılmasında, həm də bu bölgədəki əzələlərin inkişafında mühüm rol oynaya bilər.
Nottinghamda onurğa cərrahı olan Michael Grevitt boyun, bel və kürək ağrıları haqqında deyir: “Daimi aerobika bu ağrılarının qarşısını almağın ən yaxşı yoludur”.
Ürək ritmini sürətləndirəcək gəzinti, qaçış, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətlər faydalıdır.
Dr. Stiven Humble isə gərgin idman edən insanlarda yırtıqların da müşahidə edildiyini vurğulayaraq diqqətli olmağa çağırır.
Prof. Peter O’Sullivan istirahət, yuxu, sağlam qidalanma və psixi sağlamlığın vacibliyinə diqqət çəkir.
2. Siqareti tərgidin
Bir çox araşdırmalar göstərir ki, siqaret çəkmək həm boyun, həm də kürək nahiyəsində problemlərə səbəb olur. Həmçinin siqaret fəqərəarası disklərə qan axınını azaldır, qan dövranını pozur. Məhz buna görə də siqaret çəkənlərdə bel ağrısı daha çox olur.
3. Kreslodan qalxın
Biz ovçuluq və yığıcılıqdan təkamül etmişik. Buna görə bədən quruluşumuz bütün günü kompüter qarşısında oturmaq və ya telefona baxmaq üçün uyğun deyil.
Philip Sell deyir ki, onurğanı stressdən qorumağın ən yaxşı yolu ayaq üstə durmaqdır. Bu səbəbdən masa arxasında işləyirsinizsə, hündürlüyü tənzimlənən bir masa seçərək işinizi ayaq üstə görsəniz daha yaxşı olar. Bu, mümkün deyilsə, bel və omba nahiyələrini dəstəkləyən stullardan istifadə etmək lazımdır. Ancaq kresloda oturarkən necə dayandığınız da vacibdir. Məsələn, irəli əyilmək boyun əzələlərini gərginləşdirə bilər.
O’Sullivan həmçinin stuldan qalxmağın və tez-tez hərəkət etməyin vacibliyini vurğulayır.
4. Ağırlıq qaldırarkən diqqətli olun
Böyük Britaniyada fəaliyyət göstərən Unison şirkətinin məlumatlarına görə, ölkədə hər il 300 min insan ağır yük qaldırdıqlarına görə problem yaşayır. Bu səbəbdən ağırlıq qaldırarkən dizləri əymək və hər iki əldən istifadə etmək vacibdir.
5. Ağrı hiss etdiyiniz zaman yataqda uzanmayın
“Yataqda nə qədər çox qalsan, bir o qədər çox zəifləyirsən” – deyə Qrevit xəbərdarlıq edir. O bildirir ki, ağrıdan qaçmaq üçün hərəkətsiz qalmaq bədəndəki əzələləri zəiflədir. Buna görə də idmanın vacibliyini vurğulayır.

araz.az xəbər portalı.