Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir.
araz.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: “Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də dilinə gətirməyən qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur. Belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmır. Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə bir araya sığmır və qəbul edilə bilməz. Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfini Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırır”.
araz.az xəbər portalı.