Yanvarın 23-də Mətbuat Şurasında “Ədalət” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist, şair və publisist Əbülfət Mədətoğlunun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib.

araz.az   xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Xocavənd rayonunun Tuğ kəndində anadan olmuş yubilyar jurnalist 1980-1985-ci illərdə “Təşviqatçı” jurnalında korrektor kimi fəaliyyətə başlayıb.Həmin müddətdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1984-cü ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. “Araz” qəzetində şöbə müdiri (1986-1988), “Qarabağ” qəzetində (1988-1990) və “Azərbaycan ordusu” qəzetində (1990-1992) müxbir vəzifələrində çalışıb. 1992-ci ildən “Ədalət” qəzetinin baş redaktor müavinidir.

R.Məcid müxtəlif illərdə “Qızıl qələm”, “Şahmar Ələkbərzadə”, “Məmməd Araz”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə”,həmçinin “Media Açarı” mükafatlarına layiq görülmüş Ə.Mədətoğlunun peşəkar jurnalist fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığa böyük önəm verdiyinidə vurğulayıb. Şura sədri yubilyar qələm sahibinin şeirlərinin ecazskar duyğulara kökləndiyini bildirib, bu nümunələrin özünə geniş oxucu auditoriyası topladığını diqqətə çatdırıb.

MŞ sədri Ə.Mədətoğlunun çoxşaxəli yaradıcılıq dünyasında sənədli povestlərinmüstəsna yer tutduğundan söz açaraq onu da bildirib ki, jurnalistin yazdığı şeirlərə tanınmış bəstəkarlar unudulmaz musiqi əsərləri bəstələyiblər. Həmin bəstələri xalq artistləri və başqa müğənnilər ifa ediblər. Qələm sahibinin yaradıcılığı barəsində qüdrətli söz adamları dəyərli fikirlərdə söyləyiblər. R.Məcid Ə.Mədətoğlunun 65 ildə keçdiyi ömür yolunun ən xoş sözlərə layiq olduğunu bildirib və ona Mətbuat Şurasının diplomunu təqdim edib.

Toplantıda çıxış edən Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Ə.Mədətoğlunu jurnalistika ilə bədii yaradıcılığın uğurlu sintezinə nail olmuş söz adamı kimi xarakterizə edib. O bildirib ki, yubilyarın şeirləri onun zəngin iç dünyasının məhsulu olmaqla yanaşı, həm də doğma el-oba, vətən həsrətinin niskilini yaşatması ilə yaddaqalandır.

Şairə Kəmalə Abıyeva Ə.Mədətoğlunu zamanın sərt sınaqlarından etibarla və sədaqətlə çıxmış xarakterə malik parlaq sima kimi dəyərləndirib. O bildirib ki, yubilyarın, xüsusən, sevgi mövzusunda qələmə aldığı şeirlər müasir ədəbiyyatımızda müstəsna yerə və rola, xüsusi çəkiyə malikdir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Ə.Mədətoğlu ilə birgə xatirələrindən söz açıb. Jurnalistin təvazökar, zəhmətkeş obrazını canlandıran xüsusiyyətlərə diqqət çəkib.

Toplantıda çıxış edənlərdən Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mirqiyas Seyidsoylu, yazıçı-publisist Ramiz Göyüş, yubilyar qələm sahibinin ailə dostu Vəsimə İsmayılqızı və başqaları Ə.Mədətoğlunu jurnalist peşəsinə yüksək sədaqəti ilə seçilən dəyərli söz adamı, vətənpərvər ziyalı, qayğıkeş və fədakar insan kimi səciyyələndirən cəhətlərdən söz açıb, xatirələrini bölüşüblər. Onlar, həmçinin, Ə.Mədətoğlunu yaradıcılığı Qarabağ acına köklənmiş şair olaraq qiymətləndirərək, 65 illik yubileyinin torpaqlarımızın işğaldan qurtulduğu dönəmə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövrünə təsadüf etməsinin ona ən böyük hədiyyə olduğunu bildiriblər.

Sonda çıxış edən Ə.Mədətoğlu jurnalist fəaliyyətinə, ümumən yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.