Ötən çərşənbə günü Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Saatlı rayonunun Gənclər Mərkəzində növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki, qəbulda rayonun Mollavaizli kəndindən Nəbi İsmayıl oğlu İsmayılov, Sarıcalar kəndindən Elşad Əsgər oğlu Ağayev, Rayon Mərkəzi Xəstəxanasının hüquqşünası Habil Sabir oğlu Ağayev, şəhid atası Bahəddin Zahir oğlu Məmmədov, Saatlı şəhər sakinləri Davud Nəzir oğlu Rəsulov, Şakir Hacağa oğlu Əliyev, Kamal Məmiş oğlu Tağıyev və başqaları iştirak ediblər. Qəbuldakı sakinlərin dinlənilən şikayətləri qeydə alınaraq, nəzarətə götürülüb.

Məlumat üçün bildirək ki, fərdi qaydada keçirdiyi bu tədbirdə seçiciləri tərəfindən qaldırılan bütün məsələləri diqqətlə dinləyən millət vəkili Əziz Ələkbərli, öz növbəsində, xüsusi olaraq onu vurğulayıb ki, öz seçicilərini vaxtaşırı qəbul etmək hər bir deputatın əsas iş prinsiplərindən biridir. Uzun illərdən bəri formalaşan və sistematik olaraq həyata keçirilən bu ənənə onun da iş prinsipində başlıca yer tutur. Məhz indiyədək keçirdiyi belə tədbirlər zamanı ona edilən şikayət xarakterli çoxsaylı müraciətlərin, demək olar ki, böyük əksəriyyətinin icraya yönləndirilməsi hesabına, həllinə nail ola bilib.

Əziz Ələkbərli, elə, bu qəbul zamanı da, ona edilən şikayət xarakterli hər bir seçici müraciətinin onun tərəfindən hərtərəfli araşdırılacağına, qaldırılan bütün problemlərinin tez bir zamanda həlli istiqamətində müvafiq addımlar atacağına, aidiyyatı dövlət qurumlarına və digər müvafiq strukturlara qəti şəkildə müraciətlər edəcəyinə söz verib.

Yeri gəlmişkən, qeyd edək ki, keçirilən bu tədbirdə deputatın Saatlı rayonu üzrə köməkçisi Samir Nəsirov da iştirak edib.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.