Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin siyasi yolla həlli hələ ki, tükənməyib. Siyasi ekspertlər hesab edirlər ki, sözügedən münaqişənin siyasi yolla həlli mümkündür. Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”.
Onun sözlərinə görə, Qarabağ probleminin siyasi yolla həlli üçün beynəlxalq şərait də mövcuddur. Belə ki, BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 №-li qətnaməsinin 3-cü bəndində göstərilir ki, bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını və münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmin qətnamənin 9-cu bəndinə əsasən Şura Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 №-li qətnamənin müddəalarına əməl etməsi və ATƏM-in Minsk qrupunun təkliflərini həmin tərəfin qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır.
BMT Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cü il tarixli 874 №-li qətnaməsinin 3-cü bəndinə əsasən, 822 və 853 №-li qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yeniləşdirilməsini alqışlayır. BMT kimi mötəbər beynəlxalq təşkilatın bu qətnamələri bu günə kimi icra edilməmişdir.
Nəhayət, BMT Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il tarixli 884 №-li qətnaməsinin 4-cü bəndində Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), (S/26522, əlavə) saylı qətnamələrinin yerinə yetirilməsini, hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını, Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından qəsbkar qüvvələrin çıxarılmasını maraqlı tərəflərdən tələb edir.
Burada haqlı sual meydana çıxır. Əgər BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qətnamələri indiyə kimi icra edilmirsə, onda bu qərarlar kimin üçün və nəyə görə qəbul edilir? Bütün bunlar dünyada hələ də beynəlxalq səviyyədə müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını bir daha təsdiq edir.
BMT-nin San-Fransisko şəhərində 26 iyun 1945-ci il tarixdə qəbul edilmiş nizamnaməsinin 39-41-ci maddələrinə əsasən Təhlükəsizlik Şurası iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsi kimi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edə bilər. Lakin BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrinin bu günə kimi Ermənistan tərəfindən yerinə yetirilmədiyi halda, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilməmişdir.
Alim
araz.az xəbər portalı.