Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Araz.az xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, təklif edilən dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Belə ki, məhkəmənin qərarı ilə vəsait tutulan şəxsdən tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçiriləcək.
Ə.Hüseynli bildirib ki, mövcud vəziyyətə görə Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərcləri məbləği dövlət hesabına həyata keçirilirdi.
Millət vəkili Qüdrət Həsənquliyev isə qanun layihəsinə dəyişikliyin müzakirəyə ehtiyac olduğunu deyib: “Əgər qanuna bu dəyişikliyi edəcəyiksə, o zaman gərək penitensiar xidmətin əməkdaşlarının, polis, prokurorluq orqanlarının saxlanması xərcləri də cinayətklarların üzərinə qoyulsun. Hər bir məhbusa görə xərcləri dövlət çəkir. Bu xərclərin məhkumun üzərinə qoyulması doğru deyil. Bu məsələ üzərində düşünməliyik”.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib. /A24.Az/
araz.az xəbər portalı.