_20180130_164143_1517316510.jpg

20-ci əsrin əvvələrində meksikalılarla Panço Vili ərazisində döyüşən amerikalıların yüksək atəş gücünə və sürətli silah sisteminə ehtiyacları yarandı. Həmin ərazidəki qoşunların komandiri general Perşinqin əlində zirehli texnikalar olmadığına görə, qərargaha aid 1914-cü il buraxılışlı “Overland” avtomobilinin üzərinə M1909 pulemyotu quraşdırılmasına göstəriş verdi. Az sonra eyni metoddan ingilislər türklərə qarşı Fələstində istifadə etdilər: “Ford-T” üzərinə “Luis” pulemyotu quraşdırdılar. 

 

İndi dünyanın barıt qoxusu gələn istənilən nöqtəsində “silahlı” fermer pikaplarına rast gəlmək mümkündür. Hərbçilərin pikaplara meylli olmasının səbəbləri kifayət qədər anlaşılandır: avtomobil zirehli texnikaların təchiz edildiyi silahların ekvivalentində atəş gücünə malikdir, bu silahlar qısa zamanda digərləri ilə əvəz oluna bilir, artilleriya və aviasiya zərbələrindən yayınmaq onlar üçün asandır, manevr və maneə dəf etmək imkanları yüksəkdir, daha səssizdir, 20-yədək şəxsi heyəti və ya tonlarla sursatı daşımağa qadirdir, təmir üçün texnikanı xüsusi hərbi təmir bazalarına təhvil verməyə gərək yoxdur və s. Normal şərtlərdə zirehli texnikaları əvəz edə biləcək silahlı pikaplar bölmələri dəstəkləməklə yanaşı, xüsusi təyinatlı bölmələrin spesifik tapşırıqlarını yerinə yetirmək üçün də əvəzedilməz vasitədir. Bütün göstərilənləri nəzərə alaraq digər ölkələrlə yanaşı Azərbaycan Müdafiə Sənayesi də kəşfiyyat patrul avtomobillərinin istehsalı ilə məşğul olmağa başladı. Baza olaraq dünyada “Toyota”dan başqa “Land Rover”, “Renault”, “Rheiinmetall” və “Ford” konsernlərinin pikaplarından istifadə olunur. Əvvəlcə Azərbaycanın “Toyota”ya üstünlük verməsinin səbəblərini araşdıraq.


Əslində “Toyota” pikaplarına əsl dünya şöhrətini Əfqanıstandakı hərbi əməliyyatlar gətirdi. Kanada hərbçilərinə verilən pikaplar sonradan taliblərin əlinə keçdi. Ən pis istismar şərtlərində belə “Toyota”nın özünü dözümlü, etibarlı və kaprizsiz nümayiş etdirməsi bu markaya qarşı tək Əfqanıstanda deyil, bütün dünyada müsbət münasibətin formalaşmasına səbəb oldu. Dünyada ən möhkəm lonjeron quruluşuna malikdir. Əlavə olaraq “Avro NCAR” standartlarına görə bu model ən yüksək təhlükəsizlik standartına sahibdir. Belə bir performansa malik pikapın Azərbaycanlı silah mütəxəssisləri tərəfindən xüsusi nəqliyyat vasitələri üçün baza seçilməsi təsadüfi deyil.

Xüsusi təyinatlı nəqliyyat vasitələri kəşfiyyat, patrul, nəzarət xidmətini və döyüş əməliyyatlarında birbaşa iştirak etmək funksiyalarını yerinə yetirir. Başqa dillə desək, silahlı pikaplar “vur-qaç” taktikasını həyata keçirmək üçün ideal vasitə hesab olunur. Bu metodla zərbə endirən düşmənə qarşı əks-kəşfiyyat mübarizəsi aparmaq üçün XTQ və çevik hərəkət bölmələri də daha müasir kəşfiyyat patrul maşınları ilə təçhiz olunmalıdır. 


Afrika, Asiya və Avropanın müxtəlif bölgələrini əhatə edən döyüş əməliyyatlarının müxtəlif sahələrində əməliyyatlar aparmaq üçün çox sayda xüsusi təyinatlı zirehli pikaplardan istifadə olunur. 

Xüsusi əməliyyatlar üçün nəzərdə tutulan maşınlar müştərinin xüsusi tələblərinə cavab verməlidir. Bu tələblər həmin maşınların istifadə olunacağı əməliyyat rayonunun coğrafi relyefi, iqlim şərati, yerinə yetirəcəyi tapşırıqlara görə dəyişə bilər. 4×4 təkər, bəzən də 6×6 formulasına malik xüsusi təyinatlı maşınlar XTQ, dəniz piyadaları, sərhəd qoşunları və daxili qoşunlarda istifadə oluna bilər. Bu texnikalara qarşı sürülən tələblər arasında yüksək manevr və sürətlə yanaşı müxtəlif silah və müdafiə sistemləri də yer ala bilir. Müxtəlif təyinatlı çoxsaylı xüsusi maşınlar mövcuddur. Bu dəfə xüsusi təyinatlı zirehlı maşınlar barədə məlumat verəcəyik.


Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun mütəxəssisləri tərəfindən yaradılan patrul maşını barədə ilk məlumat ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində verilib. “Toyota HILUX 12” modelinin bazasında hazırlanan “Gürzə-1” taktiki kəşfiyyat patrul maşını 4×4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Ekipaj sürücü və komandir daxil olmaqla 5 nəfərdən ibarərdir. Arxa hissədə yerləşən silahları əlavə 2 nəfər atıcı idarə edir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12,7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 45 dərəcə bucaq altında firlana və 10-45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 2 ədəd 7,62 mm çaplı pulemyot və bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. 12,7 mm-lik pulemyot üçün 300 ədəd, 7,62 mm çaplı pulemyot üçün isə 3000 ədəd mərmidən ibarət döyüş dəsti nəzərdə tutulur. Avtomobildə quraşdırılan 7,62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür. KN-A markalı kollimator və SPP-M optik nişangahlar silahlardan günün istənilən vaxtında dəqiq atəş aparmağa imkan verir. Yüksək keçicilik qabiliyyətinə malik maşın 144 at gücündə 6 silindirli D-4D dizel mühərrik və 5 ötürücülü mexaniki transmissiya ilə təchiz olunub. Mühərrik, tansmissiya və asqılar əlavə olaraq zirehlə qorunur. Klirens standart modeldən daha yüksəkdir. Əlavə su və yanacaq çənləri mövcuddur. Yanğın əleyhinə sistem avtomatik rejimdə çalışır. 


Maşının digər versiyalarının silahlanmasına həmçinin avtomatik qumbaraatan, tank əleyhinə idarəolunan raket kompleksi kimi atəş vasitələri əlavə və ya əvəz etmək mümkündür. Sifarişə uyğun olaraq gülləkeçirməz zirehli avtomobillər də istehsal oluna bilər.

Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan “Gürzə” adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2013” beynəlxalq müdafiə sərgisində nümayiş olunub. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənib. Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX 2016” İkinci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində də nümayiş etdirilib.

Hal-hazırda bu tipli kəşfiyyat-patrul maşınlarından Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı bəzi müttəfiq ölkə orduları da müvəffəqiyyətlə istifadə edir.

GDOTS

Uzaq məsafəli və daha yüksək manevr imkanlarına malik yeni kəşfiyyat və döyüş nəqliyyat vasitələrinin axtarışları daim davam edir. 2016-cı ildə 20-dən artıq ölkənin xüsusi əməliyyat qüvvələrinin nümayəndələrinin Vilnüsdə görüşü keçirildi. Görüşdə Silahlı Qüvvələrin, Müdafiə sənayesinin və elmi mərkəzlərin nümayəndələri iştirak edirdilər.


2013-cü ildə GDOTS şirkəti 7 il müddətinə 60 milyom dollar dəyərində 1300 ədəd GMV1.1 maşınlarının təchizatı ilə bağlı USSOCOM-la (ABŞ-ın xüsusi əməliyyatlar komandanlığı) müqavilə imzalayıb. Müqavilə 2017-ci ilin yanvarından başlayaraq hər il 170 ədəd GMV1.1 vasitələrini ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlılarına təhvil verilməsini nəzərdə tutur. Hal-hazırda müqavilənin icrası qrafikə uyğun davam edir. 

GMV1.1 platformasını baza konfiqurasiyası zirehli və zirehsiz modelləri nəzərdə tutur, maşın “Alliant Techsystems” şirkətinin istehsalı olan 30mm MK44 “Bushmaster” topu ilə, üç, dörd və ya yeddi yerlik ekipaj üçün oturacaqlarla və pis hava şəraitinə qarşı qorunma üçün bir açılan tentlə təmin təmin olunur. GMV1.1 avtomobili “Flyer 72 Advanced Light Strike” platformasında icra edilib və CH-47 “Chinook” helikopterlərinin və C-130 “Hercules” nəqliyyat təyyarələrinin yük bölmələrində daşına bilir. GMV1.1 maşınları 2268 kiloqram çəki ilə desant enişindən bir dəqiqə sonra silahları quraşdırılaraq döyüşə hazır olur. Hazırda bu vasitələrlə İtaliya XTQ də maraqlanır.

“Polaris”

Eyni zamanda “Polaris Defence” şirkəti də 5 illik müqavilə çərçivəsində MRZR-2 və MRZR-4 avtomobilləri ilə USSOCOM-u təchiz edən tədarükçüdür. “Polaris” sirkəti bu yaxınlarda həmin avtomobillərin dizel mühərrikləri ilə təchizatı barədə müqavilə imzaladı. 


MRZR-D4 vasitələrini ABŞ-ın dəniz piyadaları Korpusu, USSOCOM və Kanada ordusu alacaq. 

İkiyerli (MRZR-2) və dördyerli (MRZR-4) konfiqurasiyaları mövcuddur. “Polaris” platforması 96 km/saat maksimal sürətlə 680 kq yük apara bilər. Platformalar döyüş tapşırıqlarının tələblərinə uyğun olaraq müxtəlif silah və köməkçi qurğuları qəbul edə bilər. Bunlar V-22 “Osprey” konvertaplanının yük bölməsində, təhlükəsizlik qövslərini qatladıqdan sonra nəql edilə bilər.

“Polaris” şirkəti həmçinin DAGOR (Deployable Advanced Ground Off – inkişaf edən yolsuzluq layihəsi) adlı avtomobilinin Birləşmiş Ərəb Əmirlikləri səhralarında sınaqlarını başa çatdırıb.

DAGOR, CH-47 və CH-53 helikopterlərinin həm yük bölməsində, həm də asılı formada daşına bilər. 1474 kq-lıq faydalı yük daşıma qabiliyyətinə və 3515 kq kütləyə malik olan DAGOR, beş nəfər ekipaj üzvlərini daşıya bilir. Maksimum 805 km məsafəni birdəfəyə qət edə bilir.

“Avstraliya DAGOR avtomobilini sınaqlarını bitirib. Hazırda isə MRZR-D sınaqlarına başlayır.

“SC Group”

Böyük Britaniyanın “SC Group” şirkəti “Defence Vehicle Dynamics 2016” konfransında yüngül kəşfiyyat vasitəsi olan “Light Reconnaissancey Vehicle” (LRV 400) 4×4 modelinin müəyyən qədər yüksək yükgötürmə qabiliyyətinə, uzun məsafə qət edə bilmə və manevr imkanlarına sahib olan 6×6 konfiqurasiyasında variantını təqdim etdi. LRV 400 modelindən LRV 600 konfiqurasiyasına keçmək üçün əsas bazaya əlavə təkər körpüsü və korpusun bir hissəsi əlavə edilir. Bu transformasiya işləri cəmi bir neçə saat çəkir. Nəticədə 1500 kq faydalı yükgötürmə qabiliyyəti 2350 kiloqrama qədər artır. Hər iki variantda avtomobilin eni 1700 mm olaraq qalır ki, bu da onların CH-47 helikopterlərində daşınmasına imkan verir. 


LRV 600 avtomobillərinin texniki xüsusiyyətləri LRV 400 pikaplarının göstəricilərindən ciddi fərqlənmir. 80 litr yanacaq tutumu olan hər iki vasitə 800 km məsafəni birbaşa qət edə, maksimum 160 km sürət toplaya və dərinliyi 0,75 metr olan su maneələrini aşa bilir.

LRV avtomobili Yeni Zelandiya Xüsusi Təyinatlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Müasir döyüş əməliyyatlarında xüsusi təyinatlıların artan rolunu nəzərə alarsaq, gələcəkdə də bu tip silahlı maşınlara olan tələbatın artacağı gözləniləndir. Bu tip texnikaları məlumatların taktiki səviyyədə operativ toplanması, işlənilməsi və analizi məqsədilə radiokəşfiyyat, döyüşün başlanması ilə 1-ci eşalon hərbi hissələrinin idarəetməsini pozmaq üçün radioelektron mübarizə vasitələri ilə təchiz edilməsi də mümkün variant kimi dəyərləndirilməlidir. Ordu.az

araz.az xəbər portalı.