Hesabat dövrünün bir aylıq vaxtı ərzində, seçki prosesinin gedişi zamanı baş verənləri, tam təfsilatı ilə, Monitorinq Koalisiyası Aralıq Hesabatında da, apardığı monitorinq üzrə ətraflı dəyərləndirib

Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində də, müşahidəçilik fəaliyyəti həyata keçirməyin ağırlığı, daha çox, vətəndaş cəmiyyətinin inkişafda olan institutları kimi özlərini çoxdan tanıtdıqlarına görə, bütün hallarda yaxından dəstəkləndikləri üçün, əsas tərəfdaşları olan dövlətlə və digər ictimai qurumlarla geniş əlaqədə fəaliyyət göstərən, ictimai, milli-mənəvi və beynəlxalq maraqlar baxımından gördükləri yaxşı işləriylə adlarını cəmiyyətə çoxdan tanıdan qeyri-hökumət təşkilatlarıdır. Onlardan biri də, seçki prosesinin gedişi zamanı uzunmüddətli qaydada həyata keçirəcəyi müşahidəçilik fəaliyyəti yüksək səviyyədə qurulan “Sivil Toplum” Monitorinq Koalisiyasıdır. Elə, böyük məsuliyyət tələb edən bu istiqamətli işi yüksək səviyyədə qurulduğuna görədir ki, ötən ilin dekabr ayının 27-sindən, bu ilin yanvar ayının 27-sinədək keçən vaxt ərzində, seçkiylə bağlı “Sivil Toplum”un adından həyata keçirilmiş çoxsaylı tədbirlər barədə ətraflı hazırlanan Aralıq Hesabatında da, ümumən götürdükdə, ölkə ictimaiyyətinin çoxdandır marağında duran epizodik nüanslar çoxluq təşkil edir.

Ümumiyyətlə, seçki prosesinin müşahidəsini, seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirən əsas amil və meyarlardan olduğunu fəaliyyət proqramında öndə qeyd edən bu Monitorinq Koalisiyası tərəfindən təqdim olunan və araz.az-ın redaksiyasına da daxil olan, xülasə və girişlə başlayıb, namizədlərin irəli sürülməsi, bundan sonra onların qeydiyyatı mərhələsinin, həmçinin təşviqat prosesinin müşahidəsi üzrə gəlinən son nəticələrlə və seçki prosesinin yaxşılaşdırılması məqsədi ilə, irəli sürülən tövsiyələrlə tamamlanan olduqca vacib bu məlum hesabat sənədində xüsusi qeydlərlə göstərilənlər, əsasən, seçkiqabağı siyasi mühitlə, namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı ortada olan reallıqlarla, seçki prosesinin gedişi zamanı seçki komissiyalarının, müşahidəçilərin və medianın fəaliyyətləriylə bağlı bir sıra maraqlı məqamlar diqqəti daha çox özünə cəlb edir.

Məhz yuxarıda qeyd etdiklərimizə görə, eləcə də, bu yazımızda yoruculuq gətirən uzunçuluq olmasın deyə, seçki prosesinin gedişini tam təfsilatı ilə özündə əks etdirən “Sivil Toplum”un Aralıq Hesabatının surətini araz.az-ın dəyərli oxucularının da diqqətinə çatdırırıq:

07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı

ARALIQ HESABAT

(27 dekabr – 27 yanvar 2024-cü il)

I. XÜLASƏ

07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində “Sivil Toplum” Monitorinq Koalisiyası uzunmüddətli qaydada müşahidəçilik fəaliyyətini həyata keçirir. Hesabat dövründə namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrünü seçki komissiyalarının fəaliyyətinin, təşviqat kompaniyasınınaparılmasını və s. ümumiyyətlə seçki proseslərini cəlb etdiyi könüllü müşahidəçinin məlumatları, seçki komissiyaları üzvləri, siyasi partiyalar, namizədlər, onların nümayəndələrindən daxil olan məlumatlar, habelə KİV-də və sosial şəbəkələrdə aparılan monitorinq üzrə dəyərləndirilib. Ötən seçkilərə nisbətən seçicilərin və seçki məntəqələrinin sayı artıb. Əvvəlki seçkilərdən fərqli olaraq ilk dəfə işğaldan azad olunmuş ərazilərdə yaradılmış seçki komissiyaları vasitəsi ilə həmin ərazilərdə məskunlaşmış vətəndaşlarımız əvvəllər olduğu kimi müvəqqəti məskunlaşdıqları ərazilərdə deyil, daimi qeydiyyatda olduqları yerlərdə səs vermək imkanı əldə ediblər. Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 6319 seçki məntəqəsi (onlardan 29-u işğaldan azad olunmuş ərazilərdə yerləşir) üzrə 6 328 476 nəfər olan siyahı ilə başa çatdırılmışdır. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) ədəd seçki bülleteninin çap edilməsi ilə bağlı MSK qərar qəbul edib. MSK-nın elan etdiyi seçici siyahıları hələki, əvvəllər olduğu kimi ciddi narazılığa səbəb olmasa da, adlarını seçici siyahılarında tapmayanlarla bağlı sosial mediada bəzi məlumatlara rast gəlinir. Aparılan müşahidələrə görə bəzi seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, çətinliklə görmək mümkündür. Müşahidəçilər seçici siyahısı haqda müfəssəl məlumat ala bilmirlər. Prezidentliyə namizədliyə 17 iddiaçıdan 10-nun namizədliyi qeydə alınmamış və bunlardan üçü isə bunun səbəbi kimi MSK-nın yaratdığı maneələri qeyd ediblər. Yeddi nəfərin isə namizədliyi qeydə alınıb. Ümumiyyətlə isə bir neçə nüfuzlu müxalifət partiyaları və siyasətçilər seçkilərdə iştirak etməyəcəklərini bəyan ediblər. Müşahidələrə və mediada dərc olunan fikirlərə görə növbədənkənar seçkilərin elan edilməsi onları hazırlıqsız vəziyyətdə yaxalayıb, həmçinin seçki müddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seçkiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Hakim partiya təmsilçiləri isə seçkiləri boykot edən müxalif partiyaları elektroratlarının yetərli olmamasında, ötən dövrdə seçki hazırlığı ilə ciddi məşğul olmamaqda ittiham edir, onların prezident seçkilərində iştirakdan imtinasını da bu səbəblə bağlayır. MSK-nın qəbul etdiyi qərara əsasən bütün namizədlər üçün təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək hüququ əldə ediblər. Həmçinin namizədlərin seçicilərlə görüşü və mitinqlər üçün şəhər və kəndlərdə yerlər müəyyələşdirilib və hər kəsə bərabər imkanların yaradılması bəyan edilib. Eyni zamanda təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək istəyən KİV-lərin və TV kanalların qiymətləri əksər namizədlər ücün maliyyə durumları səbəbindən əlçatan olacağı sual doğurur. Seçkilərdə beynəlxalq və yerli müşahidəcilərin iştirak edəcəyi barədə məlumat verilib. Müşahidəçilərin qeydiyyatı prosesində problemlər barədə hələ məlumatlar yoxdur. Amma xaricdə yaşayan və fəaliyyət göstərən bəzi fəalların bununla bağlı yubanmalar və məhdudiyyətlərin olacağı barədə öncədən şübhələri və ciddi narazılıqları yayılır.

II. GİRİŞ

07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində “Sivil Toplum” Monitorinq Koalisiyası uzunmüddətli qaydada müşahidəçilik fəaliyyətini həyata keçirir. “Sivil Toplum” Monitorinq Koalisiyası keçiriləcək seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədiilə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin iştirakının vacibliyini nəzərə alaraq bir neçə tanınmış, bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik ictimai təşkilatlar – “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyi seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq məqsədi ilə təsis edilib. Təsisçi təşkilatların hər biri bu sahədə geniş təcrübəyə malikdirlər və həm ölkə daxilində, həm xarici ölkələrdə seçkilərin monitorinqi prosesində iştirak ediblər. Həyata keçirilən fəaliyyətin keyfiyyətini və əhatə dairəsini artırmaq məqsədi ilə Koalisiya ölkədə fəaliyyət göstərən digər QHT-ləri (30-a yaxın), ictimai fəal insanları, müstəqil KİV nümayəndələrini cəlb edib.

III. SEÇKİQABAĞI SİYASİ MÜHİT

Məlum olduğu kimi nəzərdə tutulan seçkilər vaxtından əvvəl 2024-cü il fevralın 7-də, yəni onun qanunla nəzərdə tutulan müddətinin başa çatmasından təxminən 14 ay əvvəl keçiriləcək. Rəsmi açıqlamalarda növbədənkənar prezident seçkisinin keçirilməsi səbəbləri kimi suverenliyin bərpası, ilk dəfə ölkənin bütünündə seçki keçirilməsi imkanı və s. qeyd edilir. Regionda baş verən proseslər, siyasi dəyişikliklər seçkilərin vaxtının irəli çəkilməsini zəruri etdi. Seçkilərə diqqətin və marağın olduğu aydın hiss olunur və bunun səbəblərini şərti olaraq ölkədaxil və ölkəxarici olmaqla iki qrupa bölmək olar. Məlum olduğu kimi, 2020-ci sentyabrın 27-dən başlanan və 2023-cü il sentyabrın 20- də başa çatan proseslər həm ölkə daxilində, həm də regionda yeni düzən formalaşdırdı. Ölkəmizdə, həm də regionda yeni reallıqlar yarandı. Yeni yanaşmalar, yeni standartlar, tələblər irəli sürülməsi prosesinə start verildi. Seçki ərəfəsində ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin Azərbaycanı 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarı, Fransa Respublikası Senatının 2024- cü il yanvarın 17-də qəbul etdiyi qətnamə və bu kimi məsələlər Qərbin Azərbaycanla bağlı gözləntilərinin, tələblərinin yeni müstəviyə keçdiyinə dəlalət edir. Digər tərəfdən, 30 il ərzində əsas problemi Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların azad olunması olan vətəndaşlar könüllü olaraq bəzi hüquqlarından imtina etməyə belə hazır idilər, artıq yeni şərait həmin hüquqların reallaşmasını şərtləndirir, gözləntilərin səviyyəsini artırır. Demək olar hər şey dəyişib, insanlarda inam hissi artıb, yeni münasibətlər, yeni tələblər dövrü başlanıb. Vətəndaşlar artıq daxili problemlərin həllinin diqqət mərkəzinə gətirilməsini istəyirlər. Bəzi ekspertlər bu seçkiləri islahatların, yeni dövrün başlanğıcı hesab edirlər. Bu mənada seçkilərin əhəmiyyəti daha artıqdır. Əvvəlki seçkilərdə Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb, Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. 2020-ci ilə qədər keçirilən seçkilərdə namizədlər çıxışlarını əsasən “Qarabağ münaqişəsi” ətrafında quraraq rəqibi hədəf alırdılar. Bu gün seçkilərdə Qarabağ mövzusu siyasi spekulyasiya aləti kimi istifadə olunmur, daha çox sosial, iqtisadi məsələlərə diqqət cəlb edilir. Seçkilər ərəfəsində Qərb institutları ilə yaxınlığı olan bəzi jurnalistlərin, ictimai-siyası fəalların həbsi qeydə alınıb, bununla bağlı beynəlxalq və yerli təşkilatların iradları səslənir. Ölkədə nüfuza malik bir neçə müxalifət partiyalarının –Müsavat, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası, Milli-İstiqlal Partiyası və Respublikaçı Alternativ Partiyası (REAL) seçkilərdə iştirak etməmək qərarına gəlib. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə ümumiyyətlə seçkiləri boykot etmək çağırışı edib. Seçkilərdə iştirakdan imtina səbəbi kimi ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmaması bildirilir. Təşviqat dövründə əvvəlki seçkilərdən fərqli olaraq rəqiblərə qarşı qara piardan, söyüş-təhqirdən, böhtan xarakterli çıxışılardan istifadə olunmasa da, namizədlərin kəskin tənqidlərdən çəkinməsi və kifayət qədər fəal olmamaları da müşahidə olunur. Bütün hallarda bu gün Azərbaycan əvvəlki illərdən daha çox dünyanın, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

IV. NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ VƏ QEYDİYYATI

Əslində, bu seçkilərdə bir çox ekspertlər namizədlərin çox olmayacağını təxmin edirdilər. Lakin gözləntilərdən fərqli olaraq daha çox iddiaçı namizədliyini irəli sürdü. Əvvəlki prezident seçkiləri ilə müqayisədə bu dəfə namizədliyini irəli sürənlərin sayının xeyli çox olması maraqlıdır. Digər diqqətçəkən məqam isə daha çox müstəqil namizədlərin sayının artmasıdır. Amma o da maraqlıdır ki, özünü ənənəvi olaraq əsas alternativ kimi göstərən müxalifətin əhəmiyyətli hissəsinin namizədləri yoxdur. Onu da qeyd etmək lazımdır ki, namizədləri qeydə alınmış siyasi partiyalar hamısı Azərbaycan Respublikası Parlamentində təmsil olunurlar. Parlamentdə təmsil olunmayan, o cümlədən müxalifət hesab edilən digər partiyaların bir çoxu isə hazırda fəaliyyətdə olan Prezident İ.Əliyevin namizədliyini dəstəklədikləri barədə əvvəllər bəyanatlar veriblər.

Namzidəliklərini irəli sürən 17 nəfərin siyahısı:

1.Əliyev İlham Heydər oğlu

2.Oruc Zahid Məhərrəm oğlu

3. Mustafa Fazil Qəzənfər oğlu

4.Əliyev Fuad Ağasi oğlu

5.Musayev Elşad Nəbi oğlu

6.Həsənquliyev Qüdrət Müzəffər oğlu

7.Nurullayev Razi Qulaməli oğlu

8.Kərimov Sərvan İdris oğlu

9.Mütəllimli Mətləb Əzizulla oğlu

10.Səmədov Abutalıb Qənbər oğlu

11.Yusifov Fikrət Hüseyn oğlu

12.Bağırzadə Yusif Qəzənfər oğlu

13.Abdulkərimov Arzuman Səid oğlu

14.Oğuz Yunus İsaxan oğlu

15.Əlibəyli Qulamhüseyn Surxay oğlu

16. Səfərov Namizəd Heydər oğlu

17. Temirxan Əvəz Bəbirxan oğlu

Namizədlərin 5-i siyasi partiyalar tərəfindən – Əliyev İlham Heydər oğlu (Yeni Azərbaycan Partiyası), Mustafa Fazil Qəzənfər oğlu (Böyük Quruluş Partiyası), Musayev Elşad Nəbi oğlu (Böyük Azərbaycan Partiyası), Həsənquliyev Qüdrət Müzəffər oğlu (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Nurullayev Razi Qulaməli oğlu (Milli Cəbhə Partiyası). Digər namizədlər isə bunu öz təşəbbüsləri ilə ediblər. Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb. MSK-nın yaydığı məlumata görə yeddi nəfər – Əliyev İ.H., Oruc Z. M., Mustafa F. Q., Əliyev F. A., Musayev E. N., Həsənquliyev Q. M. qeydiyyata alınıb. Digər namizədlərin – 11 nəfərin isə qeydiyyatına imtina edilib. Mətbuatdan verilən məlumatlara görə namziədliyi qeyd alınmayanlardan bir neçə nəfəri bunu qanunvericiliyə uyğun olaraq, tələb olunan sayda imzaları toplaya bilmədiklərini etiraf etsələr də, bəzi namizədlər bununla bağlı öz narazılıqlarını bildiriblər. Bunu süni yaradılmış maneələrlə izah edərək MSK-nı ittiham ediblər. Lakin MSK-nın rəsmi saytında (https://www.msk.gov.az/az/elections/view/1193) namizədliklərinin qeydiyyatından imtina edilənlərin hamısında imza vərəqələrinin geri qaytarılmaması barədə qeyd var. Apardığmız təhlillərə görə, Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi həm vaxt baxımından – 21 gün ( 2023-cü il dekabrın 19-dan başlanıb və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək), toplanması tələb olunan imzaların sayı baxlmından (namizədliyin rəsmi qeydə alınması üçün lazım olan (ən azı 40 min seçici imzası (60 seçki dairəsini əhatə etməklə, hər seçki dairəsindən azı 50 imza) ciddi və çətin bir prosesdir. Bunun öhdəsindən gəlmək üçün kifayət qədər insan resursları, maliyyə tələb olunur.

V. SEÇKİ KOMİSSİYALARI FƏALİYYƏTİ

Seçki prosesinə təsir edən seqmentlərdən biri də seçki administrasiyasının təşkili və fəaliyyətidir. Müşahidələrimizin nəticəsi olaraq, qeyd edə bilərik ki, hesabat dövründə Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini davam etdirib. MSK mütəmadi olaraq tələb olunan normativ sənədləri qəbul etməkdədir. MSK iclasları mətbuat və müşahidəçilərə açıqdır. Qərarlar rəsmi mətbuatda və MSK-nın internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır. Bununla belə, bir sıra məlumatları (seçicilərin real sayı, yerli və beynəlxalq müşahidəçilərin sayı və s.) MSK-nın saytında əldə etmək çox çətindir və məlumatların dəyişmə dinamikası uyğun olaraq vaxtaşırı yenilənmir və ya bununla bağlı məlumatlar vaxtaşırı paylaşılmır. Ötən seçkilərə nisbətən seçicilərin və seçki məntəqələrinin sayı artmışdır. Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 6319 seçki məntəqəsi (onlardan 29-u işğaldan azad olunmuş ərazilərdə yerləşir)üzrə 6 328 476 nəfər olan siyahı ilə başa çatdırılmışdır. Seçkilərdə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi ilə bağlı da məlumat yayılıb. Yayılan məlumata uyğun olaraq, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Qeyd edək ki, Azərbaycanın Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Amma yaradılan seçki məntəqələrinin sayı, yaradılacaq şərait xaricdə yaşayan Azərbaycan vətəndaşlarının sayı nəzərə alınıbmı? Xarici ölkələrdə məskunlaşmış hər kəsin öz səsvermə hüququndan istifadəsini təmin edə biləcəkmi? Bu barədə, xaricdə yaşayan seçicilərin ümumi sayı, məntəqələr üzrə seçicilərin sayı, komissiyaların tərkibi və s.ilə bağlı məlumat hələ əldə etmək mümkün deyil. Nəhayət seçkilərlə əlaqədar istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi ilə bağlı məlumatlar yayılsa da, müşahidəçilərimiz seçicilərin ümumi sayı, məntəqələr üzrə seçicilərin sayı, komissiyaların tərkibi və s.ilə bağlı hələ məlumat əldə edə bilməyiblər.

VI. SEÇKİQABAĞI TƏŞVİQAT

Seçkiqabağı təşviqatın aparılması qaydası və şərtləri Azərbaycan Respublikası seçki qanunvericiliyində təsbit edilib. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2.-ci maddəsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçki Məcəlləsinin 74.2-ci maddəsinə uyğun olaraq seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:

1. Kütləvi informasiya vasitələri ilə;

2. Kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər

və s.) keçirilməsi yolu ilə;

3. Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması

yolu ilə;

4. Qanunla qadağan edilməyən digər usullarla.

MSK-nın qəbul etdiyi qərara əsasən bütün namizədlər üçün təşviqat dövründə pulsuz efir vaxtı əldə etmək huququ təmin edilib. Həmçinin namizədlərin seçicilərlə görüşü, mitinqlər üçün şəhər və kəndlərdə yerlər müəyyənləşdirilib. Hər kəsə bərabər imkanların yaradılması bəyan edilib. Seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilib. Artıq İTV-də və İctimai Radioda namizədlərin debatlarına start verilib. Eyni zamanda təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək mümkündür.

Seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulan media qurumlarının siyahısı dərc edilib. Lakin qeydə alınmış namizədlərin təbliğat aparması üçün dövlət büdcəsindən maliyyə ayrılması qaydası olmadığı və dövlət televiziya və radiosunda təşviqat imkanları qadağan edildiyi üçün bu imkandan istifadə etmək istəyənlərin KİV-lərin və TV kanallarının qiymətləri bəzi namizədlər ücün əlçatan olacağı sual doğurur. Əvvəlki seçkilərin təcrübəsi göstərir ki, televiziyalarda pullu efir vaxtının qiyməti reklam qiymətinin maksimum həddində və çox yüksək olduğu üçün namizədlər çox hallarda bu imkandan istifadə etmirlər. Məlum olduğu kimi namizədlər və onların nümayəndələri üçün radio efirlərində ödənişsiz vaxt verilir. Lakin çıxışları yalnız canlı dinləmək mümkündür, yəni həmin çıxışlar canlı efir vaxtı imkanı olmayanlar, təkrar dinləmək istəyənlər üçün əlçatmazdır. Bu problemin aradan qaldırılması üçün radio verilişlərin internet resurlarda

yerləşdirilməsi lazımdır. Yuxarıda qeyd edildiyi kimi qanunvericiliyə uyğun olaraq təşviqat çap, audio, video yazılar həmçinin qanunla qadağan edilməyən digər üsullardan istifadə etməyə şərait yaratdığı üçün namizədlər yeni medianın imkanlarından istifadə edə bilər, sosial şəbəkələrdən namizədlərin təbliğatları, çıxışları, müraciətləri və s. üçün yararlana bilərlər. Təəssüf ki, hələ də bu sahədə ciddi bir irəliləyiş görünmür. Həmçinin Seçki Məcəlləsi namizədlərin seçkiqabağı təşviqatın kütləvi tədbirlər vasitəsilə aparılmasına imkan yaradır. Hətta buna görə dövlət orqanları, bələdiyyə qurumları namizədlərə, siyasi partiyalara təşviqat dövründə vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində, keçirilməsində yerlərin ayrılmasında kömək etməklə bağlı öhdəlik də qoyur. Lakin hesabat dövründə görüşlərin keçirilməsi sıxlığı hiss edilmir, yalnız qapalı məkanlarda məhdud sayda seçicilərlə keçirilən görüşlər barədə məlumatlar var. Açıq havada kütləvi mintinqlər keçirilməsi isə müşahidə olunmayıb. Onu qeyd etmək lazımdır ki, namizədlərdən biri çağırış edərək, küçə və meydanlarda mitinq və görüşlər keçirmək praktikasından imtina etməyi təklif edib. Açıq havada görüşlərin keçirlməməsini namizədlər havaların soyuq keçməsi ilə izah edirlər. Qapalı məkanlarda keçirilən görüşlər barədə də seçicilər tərəfindən tənqidi məlumatlar daxil olur, həmin məkanların qızdırılmadığı, əksər tədbirlərin həddən artıq soyuq bir şəraitdə keçirildiyi bildirilir. Müşahidələrimizin nəticəsi olaraq, təəssüflə qeyd etməliyik ki, qapalı müəssisələrdə, o

cümlədən hərbi hissələrdə və cəzaçəkmə müəsissələrində namizədlər tərəfindən təşviqatın aparılması və onlara şəraitin yaradılması ilə bağlı hər hansı bir məlumat, rəsmi açıqlama verilməyib. Namizədlərin qapalı müəssisələrdə olan seçicilərlə görüşlərinə, ünsiyyətinə imkan yardılacağı qeyri-müəyyəndir.

VII. MEDİA

“Sivil Toplum” Monitorinq Koalisiyasının media qrupu məxsusi olaraq KİV-də mütəmadi olaraq seçkiqabağı mühiti, ümumiyyətlə proses barədə məlumatları izləmək, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi, seçkinin gedişatının mətbuatda işıqlandırılması, təşviqat prosesinin bərabər və ədalətli aparılmasını və s. təhlil məqsədi ilə KİV-in də monitorinqini həyata keçirir. Monitorinq 40-dan artıq KİV-i əhatə edir və hər bir mətbu orqan gündəlik olaraq izlənilir və medianın seçkilərdə fəaliyyətini qiymətləndirilərək təhlil edilir. Bu dövr ərzində mətbuatda seçkilərlə bağlı 600-dən artıq müxtəlif mövzularda xəbərlər, məlumatlar, o cümlədən Koalisiyanın fəaliyyəti barədə, keçiridyi tədbirlər barədə müxtəlif KİV-lərdə 120-dən artıq məlumat dərc edilib. Hesabat dövründə namizədlərin KİV-də təşviqat kompaniyasının intensiv və davamlı olduğunu demək çətindir. Əsasən MSK-nın rəsmi məlumatları, ayrı-ayrı namizədlərin bu və digər

məsələlərlə bağlı açıqlamaları, keçirlən tədbirlərlə bağlı məlumatlar dərc edilib. Namizədlərin təşviqat prosesində baş verən bu və ya digər pozuntulara aid hər hansı bir narazılığına rast gəlinməyib. Monitorinq prosesində KİV-lərdə, o cümlədən TV-lərdə xəbərlərin təktərəfli və təbliğat xarakterli, qərəzli olub-olmaması, aktual ictimai-siyasi çəki daşıması, ictimai müzakirələr aparılması, müxalif və ya tənqidi fikirlərin səsləndirilməsi və s. məsələlərə xüsusi diqqət verilir. TV və radio kanallarının heç birində seçki gündəmi tərəfsiz qaydada müzakirəyə çıxarılmır. Bunun isə şübhəsiz seçici fəallığına və keçiriləcək seçkiyə münasibətə təsirsiz ötüşməyəcəyi qənaətindəyik. Əlbəttə, təşviqat prosesinin əsas mərhələsi hələ qabaqdadır. Həmçinin Müstəqil Media Mərkəzi yaradılması (https://secki-2024.az/) seçki prosesində operativ məlumatların yayılmasına xidmət edəcək. “Sivil Toplum” Monitorinq Koalisiyasının izlədiyi media subyektlərinin siyahısı:

1. Azərbaycan Dövlət İnformasiya Agentliyi . Azertag.az (AZƏRTAC)

2. Trend.az

3. Apa.az

4. Report.az REPORT İnformasiya Agentliyi

5. Qafqazinfo.az

6. Olaylar.az

7. Musavat.com

8. Azadliq.org

9. Bbc.com/azeri

10.Baku.ws

11.Turan.az

12.Modern.az

13.Day.az

14.Publika.az

15.1news.az

16.Ayna.az

17.Axar.az

18.Azsiyaset.com

19.Azvision.az

20.Cebhe.info

21.Qaynarinfo QaynarInfo.az – Xəbər portal

22.Media.az

23.Moderator.az

24.Oxu.Az

25.Ölkə.Az

26.Haqqin.az

27.YeniCag.az – Yeniliklər saytı

28.Modern.az

29.Aznews.az

30.Telegraf.com

31.Az.xeber.com

32.Iki sahil

33.SİA.az

34.Lent.az

35.Ordu.az

36.Milli.az

37.Sfera.az

38.Cehbe.az

39.Azadlıq radiosu (sosial media)

40.Ədalət

Sonda onu qeyd etmək lazımdır ki, media ilə bağlı məhdudiyyətlər və təşviqatla məşğul ola bilməyən dairələrin qanunda konkret olaraq subyektləri müəyyən olunub. Xarici KİV, QHT-lər, kapitalının 30 %-i xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar da təşviqatla məşğul ola bilməz.

VIII. MÜŞAHİDƏÇİLƏR

Seçkilərin müşahidəsi seçkilərin ədalətli, şəffaf keçirilməsini şərtləndirən əsas meyarlardan biridir. Azərbaycan Respublikası seçki qanunvericliyi beynəlxalq və yerli seçki müşahidəsinin aparılmasını nəzərdə tutur. Yerli müşahidəçilər fərd və ya qeydiyyatdan keçmiş namizəd, partiya və ya QHT nümayəndəsi kimi qeydiyyata alınırlar. MSK bütövlükdə ölkədə müşahidə aparmağı arzulayan müşahidəçiləri qeydiyyata alır, DSK-lar isə məhz öz dairəsində müşahidə aparacaq müşahidəçilərin akkreditasiyası ilə məşğuldur. Hesabat dövründə, MSK rəsmi məlumatına görə 64 minə yaxın müşahidəçi

qeydiyyata alınıb. Onlardan 400-ü beynəlxalq müşahidəçilərdir. Məxsusi olaraq qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkiləri QHT-lərin təşkilatlanması və koalisiyalarda birləşməsinə səbəb olub. Əldə olunan məlumatlardan görünür ki, hazırda seçkiləri monitorinq etmək üçün QHT- lərin 3 koalisiyası elan olunub: “Mənim səsim” Seçki Monitorinq Koalisiyasında tanınmış ictimai xadimlər – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı birləşərək seçkinin bütün mərhələlərinin monitorinqini aparmaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim etmək niyyətindədir. Koalisiya seçki dairələrinin 50%-dən çoxunda müşahidə aparacaq. Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasında “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyini sədri Mirvari Qəhrəmanlı, “Vətəndaş Cəmiyyəti uğrunda” İctimai Birliyin sədri Rafiq İsmayıl, “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüz birləşib. “Sivil Toplum” Monitorinq Koalisiyasında isə yuxarıda qeyd olunduğu kimi “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli resurslarını birləşdirib. STMK artıq 45-dən artıq dairəni və 700-dən artıq məntəqəni əhatə edə biləcək sayda müşadiçi korpusu formalşdırıb. Seçki günü respublika üzrə müşahidə aparacaq nümayəndələrinə təlimlər keçirilir. Müşahidəçilərin seçki prosesini diqqətlə izləməsi və düzgün qiymətləndirməsi üçün ciddi hazırlıq aparılır. Bütün Kolasiyalar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri ilə görüşlər keçirib. Görüşdə əməkdaşlıq imkanları, məlumat mübadiləsi və s. kimi məsələlər müzakirə edilib. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Koalisiyalardan kənarda da xeyli sayda QHT-nin də respublika üzrə seçkiləri izləmək üçün MSK-ya müraciət etmələri barədə məlumatlar yayılıb. Belə ki, Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası mətbuata açıqlamalarında seçki günü seçkiləri müşahidə edəcəklərini bəyan ediblər. Həmçinin beynəlxalq müşadəçilərin, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli və qısamüddətli müşahidəçilərinin, MDB Müşahidə Missiyasının və s., 7 fevral – növbədənkənar Prezident seçkilərində seçki

prosesinin müşahidə edəcəyi bildirilib. Lakin beynəlxaql təşkilatlar və müşahidəçilərlə bağlı hələ də dəqiq məlumatlar əldə etmək mümkün olmadı. Güman edirik ki, bu günə əldə edilmiş rəqəmlər son deyil və bununla bağlı MSK tərəfindən əlavə məlumatlar veriləcək. Bunlara baxmayaraq müşahidəçilərin qeydiyyatı və seçki prosesində iştirak məslələrinə tənqidi yanaşan ekspertlər bəzi təşkilatların builki seçkilərin müşahidəsindən kənarda qalması və hüquqi problemlər səbəbilə seçkilərə dair təcrübəsi olan bir neçə yerli QHT- nin də bu seçkiləri müşahidə etməkdən məhrum olması ilə bağlı iddialarla mətbuatda çıxış ediblər. Lakin həmin təşkilatların MSK-ya rəsmi müraciət etmələri və qeydiyyatdan imtina səbəbləri barədə məlumat əldə etmək mümkün olmadı. Bütün deyilənləri nəzərə alaraq, birmənalı olaraq qeyd etmək olar ki, seçki prosesində QHT sektoru kifayət qədər aktiv olacaq. Yayılan məlumatlara görə, artıq ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.

IX. NƏTİCƏLƏR

“Sivil Toplum” Monitorinq Koalisiyası 07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinin, həmçinin təşviqat prosesinin müşahidəsi üzrə gəldiyi nəticələr aşağıdakılardı:

-. Proseslərin uğurla başa çatdırılması üçün müvafiq qurumlar daha çox diqqət, daha çox

həssaslıq və məsuliyyət nümayiş etdirməlidir.

– Əhalinin seçki debatlarına xüsusi marağının olmaması müşahidə edilir, prezidentliyə namizədlərin və onların səlahiyyətli nümayəndələrinin TV debatlardakı çıxışları gündəm yaratmır;

– Hakimiyyətin davranışları əvvəlki seçkilərlə müqayisədə xeyli yumşaqdır, əminlik hissi yüksəkdir, azad və demokratik seçki mühitinin yaradılması ilə bağlı siyasi iradənin olduğu aşkar hiss olunur;

– Vətəndaş cəmiyyətinin seçki müşahidəçiliyində heç vaxt olmayan qədər fəallığı müşahidə olunur, bu isə şəffaflıq üçün çox vacibdir. Bu dəfə respublikanın bütün ərazisində müşahidə aparacaq QHT nümayəndələrinin sayı 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da görünməmiş artım var, müşahidəçilər ümumilikdə 78 QHT-ni təmsil edir;

– Namizədlikləri qeydə alınmayan bir neçə iddiaçıların narazılıqlarına baxmayaraq, bu prosesdə bürokratik əngəllərin yaradılması, onların nümayəndələrinə qarşı təzyiqlərin edilməsi barədə ciddi faktlar, sübutlar yoxdur;

– Təşviqat kompaniyası zamanı hesabat dövründə tərəfli, hər hansı bir namizədin hüquqlarının pozulması, qeyri-bərabər şəraitin yaradılması iə bağlı digər namizədlər tərəfindən hər hansı bir irad səsləndirilməyib. Namizədlər açıq havada kütləvi tədbirlərin, görüşlər və mitinqlər keçirməyə deyil, qapalı məkanlar seçicilərlə görüşlərə üstünlük

verirlər.

X. TÖVSİYƏLƏR

“Sivil Toplum” Monitorinq Koalisiyası seçki prosesinin yaxşılaşdırılması məqsədilə aşağıdakı tövsiyyələri irəli sürür:

– Yerli və beynəlxalq müşahidəçilərin cağırış və təkliflərinə diqqət yetirilsin. Onların sərbəst faəliyyəti üçün şərait təmin edilməlidir:

– Seçki huququnu pozmağa cəhd edən bütün şəxslər, o cümlədən seçki prosesilə bilavasitə məşğul olan, prosesə müdaxilə etməyə çalışan dövlət və bələdiyyə orqanlarının vəzifəli şəxsləri barədə dərhal tədbirlər görülsün. Qaninvreciliyə zidd olan hərəkərlərin qarşısı dərhal alınmalıdır.

– Namzədlərin təşviqat kompaniyası zamanı ödənişli efir vaxtı ağlabatan qiymətdə təklif edilməlidir;

– Məntəqə seçki komissiyalarının hamısı üçün qanunvericliyin tələblərinə uyğun şəraitin yaradılması təmin edilsin. Seçici siyahısı tərtib edilərkən, vətəndaşlar üçün daha yaxın, daha rahat səsverməsi təmin edilsin

– MSK-nın müşahidəçilər üçün hazırladığı Təlimat və Yaddaş kitabçası təkmilləşdirilməli, yerli müşahidəçilərin səlahiyyətləri, bununla bağlı tənzimləmə sənədləri və qaydaları beynəlxalq norma və standartlara uyğunlaşdırılmalıdır.

– Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə maksimum içtirakının, seçki hüququndan istifadəsinə şəratinin yaradılması təmin edilməlidir.

– Seçkilərlə əlaqədar istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində yaradılacaq seçki məntəqələrində müşahidəçilərin iştirakı təmin edilməlidir.

– Seçki proseində hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində namizədlərin təşviqat aparması, görüşlərin keçirlməsi üçün şərait yardılmalıdır.

– Bütün siyasi qüvvələrin, o cümlədən seçkilərdə iştirakdan imtina edən müxalifət partiyalarının və ictimaiyyətin digər təbəqələrinə də seçki prosesində, səsvremə günü müşahidə aparmaları üçün MSK tərəfindən şərait yaradılmalıdır. Bu həm də əhalinin seçki fəallığına təsir edər.

Rəşad CƏFƏRLİ,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

REDAKSİYADAN:

Bu barədə daha geniş yazılarla, tezliklə, araz.az-da tanış ola bilərsiniz.

araz.az xəbər portalı.