Fərəc Quliyev: “Qərbi Azərbaycandan qovulmuş insanlara yönəlik xüsusi yanaşmalarımız zərurətdir”
Millət vəkili Fərəc Quliyev Qərbi Azərbaycandan – indiki Ermənistandan qaçqın düşən insanlarımızın sənədləri ilə bağlı təkliflə çıxış edib. O qeyd edib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişiklik edərək 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada yaşayanlara vətəndaşlıq verilməsi zamanı xüsusi bir müddəanın da qanun layihəsinə daxil edilməsi zəruridir. Deputatın sözlərinə görə, burda mühüm bir məsələ var: “2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələnlər arasında Ermənistandan qovulmuş yüzminlərlə soydadaşlarımız da vardır. Ermənistan respublikasından qovulan soydaşlarımız abarogen xalq olaraq Ermənistan respublikası vətəndaşı pasportları ilə gəliblər. Mən hesab edirəm ki, bu Qanuna dəyişiklikdə yüz minlərlə insanın taleyi var. Onların günün birində ata yurdlarına qayıtmaq məqamı yetişdikdə və yaxud da bu gün siyasi məsələlərdə bu elementdən istifadə eləmək lazım gəldikdə, bu qanun layihəsinə təklif etdiyim xüsusi bir müddəanın salınması əhəmiyyətli olacaqdır. Təklif etdiyim əlavənin mahiyyəti odur ki, Qərbi Azərbaycandan qovulmuş insanlara Azərbaycan vətəndaşına verilən bütün hüquqlar verilmək şərtilə müvəqqəti olaraq burda yaşamaları göstərilsin. Ermənistan Respublikasının vətəndaşı olduqları haqda sənədlər də, bütün göstəricilər də saxlanılsın”.
Millət vəkili deyib ki, bu gün Ermənistanda guya Azərbaycandan qovulmuş, amma əslində 1988-ci ildə SSRİ KQB-si tərəfindən Sumqayıtda qırğın törədilməsi ssenarisinə uyğun olaraq, oradan çıxarılmış ermənilər var: “SSRİ KQB-sinin bu fəaliyyəti artıq faktlarla, məhkəmə ilə təsdiq olunub. 20 Yanvar qırğınına hazırlıq üçün də ermənilər Bakıdan çıxarıldılar, qorunmaq məqsədi ilə Ermənistana aparıldılar. Bu gün Ermənistanda Azərbaycan SSRİ-dən Qaçqınlar Assambleyası fəaliyyət göstərir. Onlar 2011-ci ildə keçirdikləri qurultayda da və 2016-ci ildə də eyni iddialarla çıxış etdilər. Bu gün də edirlər. Bu adamların Azərbaycana qaytarılmasını təmin etmə mexanizmilərin düşünürlər. İşğal faktına hüquqi don geyindirmək istəyirlər. Hətta bəzi yerlərdə artıq “Azərbaycan SSRİ-dən qovulanları” yerləşdiriblər. Məsələn Qubadlının Xanlıq kəndində 2014-cü ildə 200 erməni yerləşdirilmişdisə, 2018-cı ildə bunların sayı artıq 600-ə qalxıb. Kəlbəcərdə yeni bir qəsəbə salmaq istəyirlər. Qubadlı ərazisində yüz minlik Baqaran şəhərciyi salmaq istəyirlər. Bizim başqa ərazilərdə də “Azərbaycan SSRİ-dən qovulanları” yerləşdirirlər”.
Deputat F.Quliyev bildirib ki, ermənilər gələcəkdə ərazilərimizi işğaldan azad etməmək üçün hüquqi əsas yaratmaq istəyir, vaxtilə Azərbaycanda yaşamış, lakin sonradan Ermənistana köçürülmüş ermənilərin Azərbaycan vətəndaşları olaraq həmin ərazilərdə məskunlaşdırılmasını təmin edirlər: “Bu yaxınlarda qondarma DQR-in vitse spikeri də iddialarla çıxış etdi ki, nəinki Dağlıq Qarabağ, hətta işğal olunmuş ətraf rayonlar da bizimkidir, hətta Naxçıvanı da iddia elədi. Yəni belə bir siyasi, soyuq savaş dönəmində bizim Qərbi Azərbaycandan qovulmuş insanlara yönəlik xüsusi yanaşmalarımız zərurətdir. Ermənistandan nəinki soydaşlarımız çıxarılmış, öldürülmüş, xeylisi də də girov götürülmüşdür. Bəlkə də minlərlə insanın taleyindən xəbərimiz yoxdur. Kəlbəcərdə qızıl mədənlərində girov götürülən qadınlarımızın saxlanılıb qul kimi işlədilməsi barədə xəbərlər də yayıldı. Belə bir təqdirdə sadaladıqlarım amilləri nəzərə alaraq və alternativlər təqdim etmək baxımından mən hesab edirəm ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna xüsusi bir müddəa əlavə etməliyik. Dəyişiklikdə təsbit olunmalıdır ki, Ermənistandan qovulmuş insanlara bu hallar üçün indi bütün Azərbaycan vətəndaşlarına aid olan bütün hüquqlar verilir, amma bu insanlar Ermənistan vətəndaşlarıdır. Dövrün trendinə görə davranış eləmək lazımdır. Qanunlar hər dövrə uyğun olaraq müəyyən qədər kamilləşdirilir. Bu normal bir şeydir”.
Millət vəkili Almaniyada ilk kansler Adenaurin 1949-cu ildə konstitusiyaya xüsusi müddəa salmasını xatırladıb. Deyib ki, həmin müddəada Almaniyanın Şərqinin Qərbindən müvəqqəti olaraq ayrıldığı əksini tapıb: “AFR-i yaradan 3 dövlət buna etiraz eləsə də Adenaur bunu reallaşdırdı. Almaniya birləşəndən sonra bugün konstitusiyada o müddəa yoxdur. Biz də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna o müddəanı daxil edə bilərik ki, bizim Ermənistandan qovulmuş əhalimiz həm bugünkü siyasi məsələlərdə ciddi şəkildə hökumətimizin apardığı siyasətə dəstək versin. Həm də sabah qayıtmaq reallığı yarananda da bu məsələlərdən istifadə edə bilək”.
araz.az xəbər portalı.