219.jpg

“Azərbaycan ATƏT müşahidəçi missiyasının artırılmasına heç vaxt razılıq verməməlidir”

Bildiyiniz kimi bu ilin yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərlərinin görüşündən sonra Minsk Qrupunun həmsədrləri belə bir bəyanatla çıxış etdilər ki, görüşdə nazirlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətinin genişləndirilməsi və atəşkəs rejimini monitorinq edən ofis əməkdaşların sayının artırılması ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə edib. Bu məsələyə “kreativ” yanaşan Xarici işlər naziri Elmar Məmmədyarovun mövqeyi birmənalı qarşılanmadı və bir sıra politoloqlar tərəfindən tənqid edildi.
 
Tanınmış konfliktoloq Elxan Mehdiyevin bu məsələ ilə bağlı Moderator.az -a göndərdiyi yazını həyəcan təbili kimi də qəbul etmək olar. 
 
Araz.az Elxan Mehdiyevin yazısını diqqətinizə çatdırır.
 
“Çoxlarına müşahidəçi qrupun artırılması, mövcud ofisin sayının 7 nəfər artırılması kimi sadə gələ bilər. Lakin bu heç də belə deyildir. Bu iş incə diplomatiyanın elementidir və işğal edilən əraziləri leqallaşdırmaq yolunda atılan önəmli addımdır.
 
Əgər Azərbaycan bu razılaşmanı qəbul etsə, bu məsələ erməni işğalının davam etdiyi 25 il ərzində Azərbaycana qəbul etdirilən ilk razılıq-saziş olacaq. Azərbaycan bu razılığı qəbul etsə, bu tarixdə müqayisəsi olmayan bir hala çevriləcək. Onun qəbul edilməsi Azərbaycanın dünyada indiki tutduğu yeri ilə və onun hərbi –iqtisadi güçü ilə bir yerə sığmayacaq. Ordusunun və iqtisadiyyatının zəif dönəmində Azərbaycan indikindən daha da üstün mövqede idi.
 
  Məsələnin olduqca böyük tarixi-diplomatik mənası vardır. Bu nədən ibarətdir? Baxın, Azərbaycanın bu əraziləri işğal altındadır və BMT Təhlükəsizlik Şurası bunu belə də qəbul edərək 4 qətnamə qəbul edib və torpaqlardan dərhal və qeyd – şərtsiz çıxmaq tələbini qoyub. Atəşkəs imzalanması da bu qətnamələrin yerinə yetirilməsi üçün olmuşdur və 25 illik danışıqlardan, görüşlərdən, vədlərdən sonra bir kənd belə azad edilmədən işğal xəttində sakitliyin və təhlükəsizliyin təmin edilməsi üçün atəşkəs xətti Beynəlxalq müşahidəçilərin ixtiyarına verilir.  Biz öz əlimizlə erməniləri dediyimiz işğalçı durumundan çıxarırıq, nəticədə bizim və erməni tərəfinin məsuliyyəti eyni olur.
 
Təbii, işğalçı işğal etdiyi torpaqlarda möhkəmlənmək üçün yollar arayır və apardığı diplomatiya da ona xidmət edir. Bu yolla Ermənistan beynəlxalq birliyin əli ilə həqiqətən də işğalı mübahisəli ərazi statusunda beynəlmiləlləşdirir.  Əgər Azərbaycan da buna razılıq verirsə, o zaman bu cür statusa faktiki olaraq razılaşır və Ermənistana edə bildiyi minimum təsir və təzyiqləri də heçə endirir. Ermənilərin işğal etdikləri torpaqlardan dinc yolla çıxmaq fikirləri yoxdur. Minsk Qrupunun təkliflərinə də işçi sənədi kimi baxıb, özlərinin dedikləri kimi onun ətrafında diplomatiya aparır, Azərbaycanın başını qatır və dövrün və zamanın nəbzinə uyğun hərəkət edirlər.
 
Bəs bu kimə lazımdır? Bu, uzun müddətə hesablanmış siyasətdir və 25 il bu torpaqları işğalda saxlamaq başarısına nail olan tərəf üçün gələcək 25 il də ələ düşməz fürsətdir. Bu əlbəttə erməni tərəfinin işğalı saxlamaq istəyinə və işğal edilmiş rayonları yavaş- yavaş məskunlaşdırmağa ,infrastruktur qurmağa və uzun on illiklər saxlayıb reallığa çevrimək istəyinə hesablanmışdır. Ermənlər heç kim tanımasa da, bu əraziləri özününkü etməyə qərarlıdır. Ermənilərin bu fikirləri ilə razılaşmayan Azərbaycan qoy son 25 ilə bir daha nəzər salsın. Keçən 25 il göstərib ki, erməniyə Azərbaycandan hər hansı bir hərbi təzyiq, təsir də olmayıb və aprel hadisələri də göstərdi ki, Azərbaycan irəli getməkdə qərarlı deyil! Bu, acı da olsa həqiqətdir, reallıqdır!
 
 Minsk Qrupu həmsədrləri nəzərdə tutulan razılaşmadan nə qazanır? Minsk Qrupundan olan Fransa onun əleyhinə deyil, amma məqsədləri hec də bəd niyyətli deyil. Amerika tərəfinin də heç bir etirazı yoxdur, üstəlik Konqresin və ABŞ-daki onların önəmli saydığı erməni qüvvələrinin də arzusu budur və ona görə onlar da bu işi dəstəkləyir. Burada əsas aparıcı qüvvə Rusiyadır və onlar vəziyyətin bu cür qalmasında fövqəladə maraqlıdırlar. Bir çox hallarda Lavrov və hətta Medvedyev ermənılərin sozçüsü kimi çıxış edir. Yəni, guya tərəflər razılaşmırlarsa, o zaman işğal- əsaslı status- kvonun davam etməsi daha da əhəmiyyətlidir. Bəs, Azərbaycan nə qazanacaq? Beynəlxalq birlik qarşısında əlavə öhdəlik götürəcək. Bu planı qəbul edəndən sonra Azərbaycan ermənilərlə yox, ATƏT-in müşahidəçiləri ilə münaqişədə olacaq. Çünki onların işi davamlı olaraq ön cəbhəni və ya erməni kəşfiyyatının Azərbaycan ordusunun yerdəyişmələri haqqında Kasprcikə ötürdüyü məlumatları yoxlamaqdan ibarət olacaq.
Bu arada Elmar Məmmədyarova da işlətdiyi sözə görə bir sual ortaya çıxır: Dekabr ayında Nalbandyanla görüşdən sonra önümüzdəki bir ay ərzində Ermənistanın nə etmək istəyini biləcəyik deyirdi. İndi iki aya yaxın keçdi və Krakovda görüşdülər.  Nəticədə prinsip etibarı ilə Kasprcikin ofisinin genişlənməsinə razılıq verdilər. Əvəzində Elmar Məmmədyarovun substantiv, kreativ,loqik sözlərini Nalbandyan lağa qoydu. Və haqlı olaraq dedi ki, bu görüşlər logik deyilsə onda o bu görüşlərə niyə gəlir? Dostu Lavrov isə bu gün Azərbaycanın xarici işlər nazirinin yuxarıda ifadə olunan kimi şübhələrini kənara qoydu və bu məsələdə çox dərinə gedərək missiyanın tezıiklə böyüməsini gözlədiyini dedi. Bəs Azərbaycan xalqının yenicə öyrəndiyi “substantiv” harda qaldı?
 
Elxan Mehdiyev – Qubadlı qaçqını
 
Redaksiyadan: Elxan Mehdiyev imzasında statusunu “Qubadlı qaçqını” kimi göstərməklə doğma yurdu işğal altında olan yüzminlərin adından danışdığını önə çəksə də, biz müəllifin tanınmış, təcrübəli bir konfliktoloq olduğunu, bir müddət ABŞ universitetlərində, indi isə Türkiyənin Marmara Universitetində siyasi biliklər üzrə dərs dediyini bilirik. Konfliktoloqun həyəcan təbili çalmasını hamımız anlayırıq və inanırıq ki, Azərbaycan qazılmış tələyə düşməyəcək.

araz.az xəbər portalı.