Məlumdur ki, mənzil-kommunal təsərrüfatı müəssisələrinin əsas vəzifə və funksiyaları mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirməkdən, kommunal təsərrüfatının və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etməkdən, mənzil fondunun uçot qaydasını müəyyən etməkdən, mənzil kirayə haqlarının və məişət tullantılarının daşınması haqlarının yığılmasını, mühəndis qurğularının və kommunikasıyaların saxlanılmasını və istismarını, mənzil fondunun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına uyğun saxlanılmasının istismarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə sahəsində tədbirlərin həyata keçirilməsini, əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini və çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, əhatə etdiyi ərazidə məişət tullantılarının daşınmasını və s. təmin etməkdən ibarətdir
araz.az GundemXeber.az-a istinadən bildirir ki, görəsən Mənzil Kommunal Təsərrüfatı Müəssisələri, o cümlədən Cəlilabad Rayon Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirirmi, yoxsa “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutur. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, 19 oktyabr 2022-ci il tarixdən Cəlilabad Rayon MKTM-nə (Komxoza) İslam İsgəndərov rəhbərlik edir və ötən müddət ərzində o, elə bir formada idarəçilik həyata keçirir ki, bu dövlət qurumunda çalışan Həmzə Sadıqov adlı şəxs, az qalır ki, fərdi qaydada öz rəhbərinin yarıtmaz idarəçiliyinə qarşı “sosial inqilab”a başlasın. Yəni, bunu 21 dekabr 2023-cü il tarixdə Həmzə Sadıqovun Facebook səhifəsində yayımladığı paylaşımdan da görmək mümkündür. Paylaşıma diqqətlə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, bu şəxs İslam İsgəndərovun rəzalətindən, hədələrindən cana doyduğundan, təhqiramiz ifadələri ilə üzüzə qaldığından o, möhtərəm Prezidentdən, Birinci vitse-prezidentdən, Baş Prokurordan və digər vəzifə sahiblərindən imdad diləyir. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, Həmzə Sadıqov yayımladığı paylaşımında İslam İsgəndərovun ona dediklərini, yəni “Mən heç kimdən qorxmuram, get kimə, hara istəyirsən de, mənim adamım var” ifadələrini dilə gətirir. Bəli bu cür ifadələr, həqiqətən də hər kəsi düşündürən ifadələrdir. Çünki, Cəlilabad Rayon MKTM-nin rəhbərliyi bu cür yanaşması ilə, məhz Azərbaycan Respublikasının dövlət qurumlarını və dövlət qurumlarına rəhbərlik edən vəzifə sahiblərini saya salmır. Əcəba, bu necə ola bilər? Bu cür yanaşma onu söyləməyə əsas verir ki, İslam İsgəndərov ona verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Yəni, CM-nin 308.1. maddəsinin tələblərinə uyğun addımlarını atır. Bir sözlə, İslam İsgəndərov xidməti vəzifələrinin icrası ilə əlaqədar, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edir. CM-nin 308.1. maddəsinin tələblərinə əsasən, belə bir əmələ qol qoyan şəxs şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məsələnin daha maraqlı, daha düşündürücü tərəfi ondan ibarətdir ki, Cəlilabad Rayon MKTM rəhbərliyinin qanunsuzluğa söykənən əməlləri ilə bağlı Həmzə Sadıqov, bir neçə gündən sonra Facebook səhifəsində fərqli formada yeni paylaşım yayımlayır. O, budəfəki paylaşımında İslam İsgəndərovu “aydan arı, sudan duru” olan vəzifə sahibi olaraq qeyd edir. Bu paylaşımdan sonra ehtimal etmək olar ki, İslam İsgəndərovun “misri qılınc”ı Həmzə Sadıqovun başı üzərində elə bir formada “fırladılır” ki, ayda 326 manat əməkhaqqı almağa möhtac olan MKTM-nın fəhləsi, sanki əvvəlki paylaşımındakı danışdıqlarına kor-peşman edilir. Yəni, Cəlilabad Rayon MKTM rəisinin daşıdığı vəzifəsinin imkanları Həmzə Sadıqovu elə bir formada kor-peşiman edir ki, o, əvvəlki mövqeyindən 100% daşınmağa məcbur olur. Bütün bunlar qalsın bir yana, İslam İsgəndərovun bəzi şəxslərin vasitəsilə ayrı-ayrı media qurumlarına “yol tapması” da, hal-hazırda daha çox müzakirə olunan mövzulardandır. Çatdırılan məlumatlara görə, adı çəkilən bu vəzifə sahibi Həmzə Sadıqovun ikinci paylaşımından sonra, məhz öz maraqlarına uyğun addımlarını atmaq qərarına gəlir. Yəni, İslam İsgəndərov öz işçisinin ikinci paylaşımını bir neçə media qurumunda yayımlatdırır və bir növ özünün heç bir günah sahibi olmadığını sübuta yetirməyə çalışır. Amma, bu şəxs növbəti dəfə də bəzi addımlarına görə günah sahibi olur. Bəli, bütün bunlar İslam İsgəndərovun hansı amal və əməl sahibi olduğunu göstərməyə imkan verir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov, MKTM rəisinin bu cür çirkin əməllərinin “saf-çürük” olunması istiqamətində lazımi addımlarını atacaq. Yəqin ki, o halda hər kəsə aydın olacaq ki, İslam İsgəndərov öz işçisinə qarşı atdığı addımların bənzərini, məhz digər şəxslərə qarşı da atır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya yenidən qayıdacağıq.
araz.az xəbər portalı.