“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna edilən dəyişikliyə əsasən, “JEK”lərin (Mənzil-kommunal İstismar Sahələri (MİS)) bu günə qədər mənzil sahiblərindən tələb etdikləri xidmət haqlarına aid vahid tarif çoxdan ləğv edilib. Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilənin bu vaxta qədər olmamasına baxmayaraq, sözügedən təşkilatlar mənzil sahiblərindən  hələ də  “xidmət haqqı” tələb edirlər. 2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsi ilə “JEK”lər mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırılıblar. Vətəndaşların da hüququ var ki, onlara hər hansı haqq ödəməsinlər. Bəs “JEK”lər qanunvericiliyə məhəl qoymadan əhalidən niyə hələ də “zibil pulu”, “mənzil haqqı” yığırlar? 

 

araz.az  bildirir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, hazırda MİS-lə bələdiyyələrin işi arasında paralellik var:

“Eyni zamanda vergi ödəmələri də bələdiyyələrə edilir. Bundan başqa, bir sıra kommunal və digər məsələlərlə də bələdiyyələr məşğul olmalıdır. Doğrudur, 2009-cu ildə mövcud qanuna edilmiş dəyişikliyə əsasən, MİS-lərin bu fəaliyyətinə yekun vurulub. Əslində, belə etməli deyillər, lakin bildiyimiz kimi, bu təşkilatlar faktiki fəaliyyət göstərirlər. Onlar fəaliyyətlərinin təsərrüfat istiqamətlərinin müəyyən xərclərini təmin etməkdən ötrü əhalidən beləcə vergi toplayırlar. Bu barədə bir neçə dəfə məsləhətləşmələr aparmışıq. Hesab edirəm, prezident seçkiləri başa çatandan sonra bu məsələnin həllinə ciddi ehtiyac var. Şəxsən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə bununla bağlı məsləhətləşmələr aparacağıq. Lazım olan dövlət orqanlarını da dəvət edəcəyik. Məsələni yoluna qoymaq lazımdır. Hazırda “JEK”lər seçkilərin keçirilməsində də iştirak edirlər. Seçkinin təmin olunmasında “JEK”lərin rolları var. Onlar müəyyən təşkilati işlər görə bilirlər, seçici siyahılarının müəyyən edilməsi, onların seçkiyə gəlmələrinin təmin olunması, seçki hüququ olan şəxslərə müvafiq xəbərdarlıqların göndərilməsi sahəsində doğrudan da işlər görürlər. Nəzərə alsaq ki, bu il bir neçə seçki keçiriləcək. Seçkilərdən sonra “JEK”lərin qanunauyğun fəaliyyətinin təmini ilə bağlı müəyyən dəyişiklik edilməlidir. Yəqin ki, bu məsələlər müzakirə olunar. Bir sözlə, problemdən xəbərdarıq. Bizə də bununla bağlı müraciətlər daxil olur ki, bələdiyyə də, “JEK” də – hər ikisi vergi tələb edir. Belə halların kütləvi olduğunu bilirik. Mənzil, vergi, mülki qanunvericilikdə müəyyən dəyişikliyə ehtiyac var”.

araz.az xəbər portalı.