“Cəmiyyətdə gözləntilər hər zaman var. Ancaq məsələ, sadəcə olaraq, gözlənti deyil, əksinə, bu gün həm regional, həm də qlobal səviyyədə bəzi riskli çağırışlaırn olmasıdır”.

Bu sözləri araz.az-a açıqlamasında politoloq Natiq Miri söyləyib.

Analitik 7 fevral tarixində keçirilməsi planlaşdırılan prezident seçkilərindən sonra ölkədə gözlənilən yeniliklərdən söz açıb.

Xatırladaq ki, bir sıra analitiklər və media qurumları hakimiyyətin siyasi kuluarlarındakı mənbələrinə istinadla bildirirlər ki, 7 fevral seçkilərindən sonra hökumət kabinəsi ilə yanaşı Milli Məclisdə də bir sıra dəyişikliklər olacaq.

İddialara əsasən, ölkədə referendumla yanaşı Konstitusiya dəyişikliyinin də olması gözlənilir. Bundan əlavə, parlament üzvlərinin sayının 125-dən 200-ə artırılması da artırılması da səslənən ehtimallar sırasındadır.

Məsələyə münasibət bildirən N. Miriyə görə isə bu islahatların keçirilməsi, dolayısı ilə, sözügedən çağırışlara ən adekvat cavab olardı:

“Çünki bu islahatların keçirilməsi cəmiyyətin açılması anlamına gəlir ki, bu da cəmiyyətdə yığılmış bəzi neqativ enerjinin xərclənməsi və dağılmasına gətirib çıxarar. Bu baxımdan, Azərbaycan dövləti və cəmiyyəti adıçəkilən məsələdə qələbə çala bilərdi. Ona görə ki, bunlar Azərbaycan dövləti və cəmiyyətinin xeyrinə olacaq bir məsələdir”.

“O ki qaldı konkret hansısa dəyişikliklərin olub-olmaması ilə bağlı siyasi iradəyə, biz bilirik ki, dövlət başçısı Azərbaycan televiziyalarına verdiyi sonuncu müsahibədə bununla bağlı bəzi mesajlar verdi. Mesajlardan biri də Azərbaycandakı seçkilərdən sonra dəyişikliklərlə bağlı idi. Hətta Prezident bəzi beyin mərkəzləri və siyasətşünaslardan bundan sonrakı cəmiyyətin inkişafı və birliyi ilə bağlı yeni qayələr istədi”, – deyə o, əlavə edib.

Müsahibimizin sözlərinə görə, hər bir halda, əgər burada Azərbaycan dövlətini möhkəmlətmək və cəmiyyəti inkişafına nail olmaq niyyəti varsa, deməli, ortada konkret hədəflər də mövcuddur:

“Çünki əvvəlcə hədəf müəyyənləşdirilir, sonra isə niyyət. Bu baxımdan, bu cür hədəf və niyyətlərin varlığı ölkədəki dəyişikliklərə bilavasitə həm də bir işarədir. Ancaq hər bir halda Milli Məclisdən tutmuş dövlət strukturlarında, eyni zamanda kadr və digər məsələlərdə, xüsusilə də ədalət sahəsində və ədalətin tam bərpa və bərqərar olması kontekstindəki dəyişiklər Azərbaycan cəmiyyətinin xeyrinə ola bilər”.

Siyasi təhlilçi əmin edib ki, bu gün Azərbaycana, ilk növbədə, lazım olan sülhdür:

“Bu sülh isə Ermənistanla olacaq sülh deyil, çünki bu, kiçik bir barışdır. Əsl böyük sülh bizim özümüzlə olan sülhdür. Əgər belə bir sülh və barış olarsa, düşünürəm ki, yeni və güclü Azərbaycanın məhz bu təməllər üzərində qurulması ən doğru və strateji qərar olardı. Yəni dövlət bir baba kimi qucaqlayıcı olmalıdır. Bunun üçün də cəmiyyətdə barışa ehtiyac var və qətiyyən cəmiyyətin parçalanmasına imkan vermək olmaz. Bu məsələdə dövlətin imkanları da məhdud deyil. Sadəcə, siyasi iradə bu yöndə veriləcək qərarlar və sözügedən qərarların tətbiq olunması cəmiyyətin önünü açar, ədaləti bərpa edər. Ədalətin bərqərar olunması üçün isə təkcə Azərbaycan üçün deyil, bütün dünyaya ən böyük nümunə olardı”.

araz.az xəbər portalı.