“Ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası, başqa sözlə desəm, istismardan çıxarılması proseduru artıq, bəllidir.
Nazirlər Kabinetinin (NK) “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” Qərarı bu sahədə hər şeyi müəyyən edir.
Eyni zamanda, “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” da təsdiq edilib”
Bu sözləri iqtisadçı -ekspert Pərviz Heydərov bildirib.
‘Beləliklə də, istismar müddəti köhnə, ekoloji cəhətdən zərərli, həmçinin ağır yol-nəqliyyat hadisələrinin baş verməsi üçün potensial təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrini “aradan götürmək” mexanizmi müəyyənləşdirilib.
Əslində bu, qeyd olunan məqsəd naminə atılan növbəti bir addım, yeni bir vasitə və üsuldur. Belə ki, hələ illər öncədən buraxılış ili köhnə olanların ölkəyə idxalına qadağa qoyulmuşdu.
Ümumiyyətlə, 2014-cü ildən ölkədə şəxsi nəqliyyat sahibinə sahib olmaq imkanları hökumət tərəfindən həyata keçirilən müvafiq iqtisadi siyasət nəticəsində xeyli məhdudlaşıb. Hətta bu sahədə inzibati xarakterli qərarlar da tədbiq edilib.
Xatırladım ki, öncə, kredit yolu ilə avtomobil alınması şərtləri çətinləşdirildi, sonra mühərrik həcminə görə gömrük rüsumları ardıcıl bir neçə il qaldırıldı, 2015-ci ildə isə manatın devalvasiyası nəticəsində avtomobillərin satış qiymətləri də iki dəfə artmışdı.
Odur ki, utilizasiya ilə bağlı hazırda bir qədər paradoksal mənzərə yaranıb. Bir tərəfdən utilizasiya vacib görünür və bu sahədə bzdə də konkret mexanizmin olması zəruri sayılır, digər tərəfdənsə ölkədə mövcud nəqliyyat vasitələri parkında yenilənmə sürəti və imkanları məhdud görünür.
Bu baxımdan, yaxşıdır ki qüvvəyə minən haqqında söz açdığımız utilizasiya mexanizmi bir sıra müvafiq ödənişlər nəzərdə tutmaqdan savayı məcburi xarakter daşıyan heç bir element diqtə etmir.
Ona görə də hökumətin təsdiq etdiyi utilizasiya prosesi və mexanizmi daha çox dövlətə səmərə gətirəcək ki, bunu birmənalı şəkildə qeyd etməkdə məncə, səhv etmərəm. Bu o demək deyil ki, utilizasiya ilə bağlı ödəniləcək məbləğlər yüksək həddədir.
Xeyr ! Qərarda qeyd olunan rəqəmlər kifayət qədər aşağıdır.
Sadəcə olaraq, utilizasiya haqqı iki kanal vasitəsilə tutulacaq ki, bunun birincisi, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üzrə gömrük rəsmiləşdirilməsindən, ikincisi isə mütəmadi olaraq keçirilən dövlət texniki baxışdan həyata keçiriləcək.
Başqa sözlə desəm, istismar müddəti 4 ili keçən avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdən sonra ölkəyə gətirildiyi təqdirdə gömrükdə, ölkə daxilində isə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdəsə ildə bir dəfə dövlət texniki baxışından keçən zaman utilizasiya haqqı ödəyəcəklər.
Qərarlar mətbuatda dərc olunduğu üçün rəqəmlərə təkrar toxunmuram. Sözügedən qərardan gəlinən ilkin nəticə budur ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin, xüsusən də əhalidə olan minik avtomobillərinin istifadəsi çətinləşəcək. Çünki istismar xərcləri bahalaşacaq, yeni avtomobil sahibi olmaq isə indi hər vətəndaşın işi deyil.
Düzdür, yeni istehsal olunmuş, ekoloji və texniki cəhətdən təhlükəsiz nəqliyyat vasitələrinin ölkəyə idxalı üçün hökumət hər cür stimullaşdırıcı addımlar atır – gömrük rüsumları götürülür, müvafiq infrastrukturun yaranması üçün müvafiq şəraitin təşkili qayğısına qalınır və sair…
Lakin elektriklə işləyən nəqliyyat vasitələrinin geniş istehlakı üçün vaxt lazımdır.
Əsas odur, ölkəmizdə istifadədə olan nəqliyyat vasitələri parkı təzələnsin. İndiyədək qəbul edilən qərarlar və atılan addımlar təəssüflər olsun ki, bunun əksinə xidmət edib. 2015-ci və 2016-cı ildən sonra ölkədə avtomobil parkı sürətlə köhnəlməyə doğru inkişaf edir. Və bu, sanki qarşısıalınmaz prosesə çevrilib.
Qeyd olunan hal yaxşı tendensiya deyil.
İstifadədə olan avtomobilləri utilizasiyaya cəlb və məcbur etməklə, başqa sözlə bunu stimullaşdırmaqla yanaşı, sözügedən sahədə yenilənmə qayğısına da qalınmalıdır. Ölkə vətəndaşlarının müasir minik avtomobillərinə əlçatanlığı asanlaşmalıdır. Dəxli yoxdur, lap istəyir, xarici istehsala məxsus avtomobillər alınsın.
Əsas odur ki, parkın çox hissəsi yeni olsun…
Bəli, ölkəmizdə yerli avtomobil istehsalı da mövcuddur. Lakin, yerli zavodlarımız istehsaldan çox yığıma üstünlük verir, istehsalla sırf xaricdən alınan ehtiyat hissələri hesabına məşğul olurlar. Ona görə də rəqabətqabiliyyətlilik aşağı səviyyədədir. 2023-сü ildə ölkədə 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal edilib.
Ölkədə yeni avtomobil alanların sayı nə qədər çox olsa utilizasiya da bir o qədər çox işə yarayar. Utilizasiya həm də yeni avtomobil satışına xidmət gösməlidir”.

araz.az xəbər portalı.