Cari ilin 22-26 yanvar 2024-cü il tarixlərində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığı arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə SOMDA-nın nümayəndə heyəti Türkiyə Respublikasının Ankara, Zonquldağ və İstanbul şəhərlərində səfərdə olmuşlar.
Agentliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, SOMDA-nın nümayəndə heyətini polkovnik Qəmərli Ceyhun, polkovnik-leytenant Abıyev Anar, mayor Mustafayev Anar və leytenant Nağıyev Rüstəm təmsil ediblər.
Ankara şəhərində Jandarma Baş Komandanlığında Strateji və xarici əlaqələr rəhbəri general-leytenant Nail İlbəy, Mühafizə idarəsinin rəisi polkovnik Tolqa Gemrek və digər yüksək rütbəli zabitlərlə görüşlər keçirilərək Jandarma rəhbərliyinə SOMDA haqqında ətraflı məlumat verilərək əlaqələrin mövcud vəziyyəti və daha da inkişaf etdirilməsi müzakirə olunmuşdur.
Səfər çərçivəsində Jandarma Komando Xüsusi Asayiş Birliyində (JÖAK) JÖAK rəisi general mayor Yusuf Aslan, Jandarma komandanlığının Aviasiya qüvvələri rəisi general-mayor Ferrux Taraxtaş, BOTAŞ-ın (Boru Kəməri Neft Nəqliyyatı Anoniş Şirkəti) rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirilmiş terrorla mübarizə, eləcə də hədəflərin havadan kəşfiyyatı, müşahidəsi və zərərsizləşdirilməsi kimi əhəmiyyətli vəzifələr haqqında müzakirələr edilmiş BOTAŞ (Boru Kəməri Neft Nəqliyyatı Anonim Şirkəti) şirkətinin qaz idxalı, ixracı, saxlanması və ötürülməsi sahəsində fəaliyyəti ilə tanış olmuşlar. Nümayəndə heyəti Trans Anadolu Təbii Qaz Boru Kəməri(TANAP) layihəsinin müzakirə olunduğu ofisinə də baş çəkmiş, layihənin Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığında əhəmiyyətini vurğulamışdır.
SOMDA-nın nümayəndə heyəti Zonquldağda ictimai asayişin qorunmasında və Filyos Təbii Qaz Emalı Terminalının qorunmasında Jandarma Qüvvələrinin rolu ilə tanış olub. İstanbula səfər çərçivəsində şəhər Jandarma İdarəsinin rəisi general-leytenant Yusuf Kenan Topçu ilə görüşmüşlər, İstanbul Yeni Hava Limanını və Topkapı Sarayını mühafizə edən obyektlərə baş çəkmişlər. Səfər çərçivəsində İctimai asayişin təmin edilməsində, qaçaqmalçılığın qarşısının alınmasında və kritik yerlərin qorunmasında Jandarmın üzərinə düşən vəzifələr vurğulanmışdır.
Bütövlükdə səfərin məqsədi Azərbaycan və Türkiyə arasında müxtəlif strateji və təhlükəsizliklə bağlı sahələrdə əməkdaşlığı gücləndirmək və məlumat mübadiləsi aparmaq olub.
Sonda xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.
araz.az xəbər portalı.