Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bir qrup tələbəsi Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

Tələbələr AZƏRTAC-ın binasında yaradılan şəraitlə tanış olublar, muzeyə və Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara baxıblar.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tələbələrlə görüşüb, onları 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Bildirilib ki, Agentlikdə həyata keçirilən təcrübə proqramında Jurnalistika fakültəsinin tələbələri fəal iştirak edir, bacarıqlı gənclər işlə təmin olunur. Ötən il təşkil edilən proqramın bir neçə iştirakçısı artıq AZƏRTAC-da əmək fəaliyyətinə başlayıb.

Kollektiv ilə görüş zamanı tələbələrə AZƏRTAC-ın tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, ölkədə və xarici media üçün agentlik rəsmi xəbərlərin ilk mənbəyi olmaqla yanaşı, həm də ictimaiyyət üçün etibarlı informasiya mənbəyidir. Gün ərzində agentliyin xəbər lentində 8 dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan) 500-dən artıq xəbər yayılır və ölkənin həyatında baş verən əsas hadisələr barədə məlumatlar xarici medianın xəbər bloklarında yerləşdirilir.

Görüşdə sosial media, qlobal informasiya məkanı, xəbər yazılışı, jurnalistika ənənələri və digər istiqamətlər barədə də geniş məlumat verilib.

araz.az xəbər portalı.