Əksər hallarda kirayəçilər müəyyən haqsızlıqlarla üz-üzə qalırlar. Bunun da əsas səbəbi həmin şəxslərin qeyri-rəsmi halda bağladığı müqavilələr, ya da ümumiyyətlə öz hüquqlarından xəbərsiz olmalarıdır. Ekspertlər bu kimi hallarla qarşılaşmamaq üçün kirayəçilərə bir sıra tövsiyələr verir ki, bunlardan biri tərəflər arasında rəsmi qaydada kirayə müqaviləsinin bağlanmasıdır. Maraqlıdır, həmin sənəddə hansı müddəalar yer alır?
araz.az bildirir ki, Mövzuya münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev “Yeni Sabah”a bir sıra detalları açıqlayıb. O, qeyd edir ki, bu tip müqavilələr 2 qaydada bağlanır:
“Hər hansı bir əmlak kirayə verilirsə, mütləq şəkildə kirayəgötürənlə kirayəverən arasında müqavilə bağlanmalıdır. Əksər hallarda bu tipli müqavilələrin bağlanılması alqı-satqı ofisləri tərəfindən həyata keçirilir və burada sadəcə müqavilənin kiçik predmetləri öz əksini tapır. Lakin qanunvericiliyə əsasən, kirayə verilən istənilən əmlakla bağlı müqavilələr rəsmi formada və notarial qaydada bağlanılmalıdır. Notarial qaydada bağlanan müqavilədə kirayəverən və kirayəgötürənin bütün öhdəlikləri qeyd olunur və hər iki tərəf öz öhdəliyinə görə məsuliyyət daşıyır. Əksər hallarda kirayə verilən mənzillərdə tərəflər arasında müxtəlif problemlər yaranır, ya kirayəgötürən şəxslər ev sahibi ilə yola getmir, ya da mənzilin yiyəsi kirayə ödənişinin məbləğini artırır, kirayəçini evdən çıxarır. Ancaq rəsmi qaydada tərəflər müqavilə bağladığı halda bir şəxs digərinin hüququnu poza bilmir”.
Ekspert ev sahiblərinin kirayə müqaviləsi bağlamaqdan imtina etmə səbəblərini də sadalayıb:
“Rəsmi müqavilələrdə ev sahibi vergiyə cəlb olunur və aldığı kirayəpulunun 14 faizini dövlətə ödəyir. Vergi faizinin çox olması kirayəverənlərin rəsmi qaydada müqavilə bağlamaqdan imtina etməsinə səbəb olur. Əgər kirayəçi məcburi qaydada mənzil sahibindən bu sənədi tələb edərsə, bu zaman ev yiyəsi kirayə məbləğini artırır ki, bu vergini ödəyə bilsin. Düşünürəm ki, verginin faiz dərəcəsi 4 faizə enərsə, bu zaman sadalanan problemlər də aradan qalxmış olacaq. Başqa bir tərəfdən isə, maarifləndirici tədbirlər həyata keçirilərsə, kirayəçi şəxslər öz hüquqlarının tapdalanmasına icazə verməz və ev sahibindən məcburi olaraq rəsmi müqavilə tələb edərlər”.
Elnur Fərzəliyev kirayə mənzillərin sığorta məsələsinə də toxunub:
“Kirayə mənzillərin siğortalanması mütləqdir. Çünki bu növ əmlaklarda sığorta hadisələri daha çox baş verir. Sığortalanmayan mənzillərdə hər iki tərəf subasma, yanğın və digər bu kimi hallarda məhkəməyə müraciət edərək öz haqlarını bu formada tələb etməyə məcbur olurlar. Təbii ki, bütün mənzillər sığortalanmalıdır. Lakin kirayə evlərin sığortası əsas məsələdir. Bu zaman hər hansı bədbəxt hadisə səbəbindən dəymiş zərəri tərəflər yox, sığorta şirkətləri qarşılayır”.
araz.az xəbər portalı.