Anadan şair doğulmağına, lakin Allahın verdiyi istedadı onda görmək istəməyənlərin çoxluğuna baxmayaraq, anası, sevdiyi insanlar, bir də öz auditoriyası üçün heyrətamiz dərəcədə kaloritli şeirlər yazan şair ağrısız-filansız, bir anın içində getdi.

Bu cür ölümlərə dirilər hər vaxt həsəd aparıb.

O, “Heyran türkün bayrağına”, “Tanrı türkə yar olsun”,  “Mənim generalım”, “Çiləli qurd”, “Yaralı ceyran”, “Qafqaz dağı, yol ver bizə” kimi sonradan mahnılara çevrilən şeirlərin müəllifi, üç dəfə beynəlxalq poeziya müsabiqə və festivalın – “Peyğəmbər”, “Abay” və “Sülh naminə” beynəlxalq mükafatlarının qalibi idi.

Nizami Paşa Saraclı doğulduğu, boya-başa çatdığı, buraları gəzib dolaşsa da, yenə qoynuna qayıtdıb sinəsinə sığındığı Gürcüstan Respublikasının ali mükafatına, “Şöhrət” ordeninə layiq görülüb.

Diqqət yetirdinizmi, şair bütün şüurlu həyatını həsr etdiyi, Allahdan aşağı nə varsa, anası, balasından çox sevdiyi gözəlim Azərbaycanda bircə xüsusiyyətinə- qapılar döyə bilmədiyinə görə quruca təşəkkür belə almadı.

“Mən Yazıçılar İttifaqına qəbul olmaq üçün 17 il çalışmışam, əziyyət çəkmişəm”- deyən Nizami Paşa Saraclı halal haqqı olan üzvlük biletini az qala 90-cı illərin sonlarında aldı.

Böyük duyğular şairini bircə səbəbə, “Azərbaycanda qeydiyyatda olmadığına görə” həmin qurumun üzvlüyünə qəbul etmirdilər.

Biz tərəfdə belə bir məsəl vardı: “Müxənnətin mahnası çox olar”.

Yeri gəlmişkən, o, “qeydiyyatda olmadığı” Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzbəüz qaldığı ilk vaxtlardan 1996-cı ilə qədər onun müdafiəsi uğrunda vuruşdu, müharibə veteran oldu.

Onun pal-paltarından gəlsə də, şeirlərindən “barıt qoxusu” gəlmird, o, sadəcə olaraq insanlara Vətənin sonuncu istehkam olduğunu təlqin edirdi, Vətənsiz hər bir kəsin tam ola bilməyəcəyi həqiqəti qabardırdı:

Ehey, salam sizə, a doğma yerlər,
Yad eldə adama qərib deyərlər.
Qürbətdə kef çəksən gedəcək hədər,
Vətəndə dərdinə yüz qalan olar.

Bunun üçün idi ki, sosial şəbəkə, daha çox “Facebook” və “Youtube”da milyonlarla izləyici onun həmin şeirlərinə dönə-dönə qulaq asırdı.

Bununsa sirri-filanı yoxdur, sadəcə, adamlar səmimiyyətə can atır, onun ağuşunu ana qoynu qədər dogma bilir:

Çıxdım Başkeçidə, qabardı sinə,
Boylandım o keçən ömürə, günə.
Sürüklü gölündə düşəndə çənə,
Dedim Babakərdə qəm talan olar.

Bu, duyğulu qəlbdən qopan, ilahi istedadın cilaladığı, bəlkə də hər kəsin içində zümzümə etdiyi, milyon illərdən bəri bizimlə yol gələn, milli mentalitetimizi müəyyənləşdirən və buna görə də hamımıza tanış hisslərin xatırladılmasıdır. Ona görədir ki, şair daxili inam və əminliklə öz oxucusuna deyir:

Nizami Saraclı, haqdı diləyin,
Ölüncə torpağa gəlməz kürəyin.
Sənin əlin olsun, elin ətəyi,
Eldən yazdığın söz qalan olar.

Kiminsə üzünə protokol xatirinə gülümsəyə bilərdi, amma vəzifəsinə və mövqeyinə görə heç kimə yarınmadı.
Azərbaycan Televiziyasında birgə işlədiyimiz çoxillik məqamların birində belə, onda bu keyfiyyəti nəinki görən, sezən olmadı. Bu barədə Nizami Paşadan kiminsə soruşduğunu görmədim, amma sonralar “diribaş jurnalistlərdən” birinin kiminsə ağlına gəlməyən sualı ona verdiyi gözümə sataşdı. Cavabında deyirdi: “Məni ayaq altında qoyub əzdilər, evimdən-eşiyimdən didərgin salıb küçələrdə qoydular, evimi dağıtdılar. Onda mən kiməsə gedib yaltaqlanaydım?!”

Nizami Paşa Saraclı ömrünü belə yaşadı…

Firuz NOVRUZOV.

araz.az xəbər portalı.