Amy və Ano tək yumurta əkizləridir, lakin onlar doğulduqdan dərhal sonra analarından götürülərək müxtəlif ailələrə satılıblar.
İllər sonra onlar bir televiziya proqramı və TikTok videosu sayəsində bir-birlərini təsadüfən tapıblar. Onlar keçmişlərini araşdırarkən Gürcüstanda xəstəxanalardan oğurlanaraq satılmış minlərlə körpə arasında olduqlarını anlayıblar.
İndi isə onlar suallarına cavab axtarırlar.
Leypsiqdə bir otel otağında Amy əsəbi halda bir küncdən digər küncə addımlayır.
“Qorxuram, həqiqətən qorxuram, – o, əsəbi halda deyir, – Bütün həftəni yatmamışam. Bu, nəhayət başımıza gələnlərlə bağlı bəzi cavablar almaq şansımızdır”.
Onun əkiz bacısı Ano kresloda oturaraq telefonunda TikTok videolarına baxır. “Bu, bizi satan qadın ola bilər”, – deyərək gözlərini zilləyir.
Ano da həyəcanlı olduğunu etiraf edir. Çünki necə reaksiya verəcəyini və hirsini necə cilovlayacağını bilmədiyini deyir. Gərginliyinin səbəbi də elə budur.
Uzun bir səyahətin sonu. Onlar pazlın itmiş parçasını tapmaq ümidi ilə Gürcüstandan Almaniyaya gəliblər. Nəhayət, doğma anaları ilə görüşəcəklər.
Son iki il ərzində nələr olduğunu başa düşməyə çalışırlar. Onlar həqiqəti üzə çıxaranda başa düşüblər ki, Gürcüstanda on minlərlə şəxs körpə ikən xəstəxanalardan götürülüb və onilliklər ərzində satılıblar. Rəsmilərin baş verənləri araşdırmaq cəhdlərinə baxmayaraq, hələlik heç kim məsuliyyətə cəlb edilməyib.
12 yaşında başlayan hekayə
Amy və Anonun bir-birini kəşf etmə hekayəsi onlar 12 yaşında ikən başlayıb.
Amy Xvitiya xaç anasının Qara dəniz sahilindəki evində sevdiyi “Gürcüstanın istedadı var” televiziya proqramına baxırdı.
Ekranda ona çox bənzəyən bir qız rəqs edirdi. Nəinki bənzəyirdi, eynisiydi.
“Hamı anama zəng edir, “Amy niyə başqa adla rəqs edir?” – deyə soruşurdular.
Amy bu barədə ailəsinə deyib, lakin onlar dərinə getməyiblər.
“Hər kəsin əkizi var”, – anası deyib.
Yeddi il sonra, 2021-ci ilin noyabrında Amy mavi saçlı və qaşında pirsinq olan videosunu TikTokda paylaşıb.
320 kilometr uzaqlıqdakı Tbilisidə yaşayan 19 yaşlı başqa qıza, Ano Sartaniyaya bir dostu həmin vidonu göndərib. “Mənə bu qədər oxşaması əladır”, – Ano düşünüb.
Ano pirsinqli qızı internetdə axtarmağa çalışsa da, onu tapa bilməyib. Ona görə videonu universitetin WhatsApp qrupuna göndərərək kömək istəyib. Nəhayət, Amyni tanıyan biri onları Facebook-da bir araya gətirib.
Amy dərhal anladı ki, Ano illər əvvəl “Gürcüstanın istedadı var” proqramında gördüyü qızdır.
araz.az xəbər portalı.