“Azərsığorta” ASC-nin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq.
araz.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) birgə açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortası ilə bağlı əsas fəaliyyəti və səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, Nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artıb.
Yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti onun Direktorlar Şurasına və AİH-ə Mülki Məcəlləyə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət edib. Həmin müraciəti AİH və Direktorlar Şurası təhlil edilərək dəstəkləyib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
Şura təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı ölkə Prezidenti qarşısında vəsatət qaldırıb və dövlət başçısının 31 yanvar 2024-cü il tarixli fərmanı ilə şirkət ləğv edilib.
Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət ediləcək.
Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək.
Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq.
araz.az xəbər portalı.