Bu gün Borçalı ağsaqqallarından olan, Gürcüstan azərbaycanlıları arasında öz nüfuzu ilə sayılıb-seçilən böyük kişilərindən biri Allahverdi Hümbətovun anım günüdür.

Allahverdi Hümbətov 1944-cü ilin oktyabrın 6-da Tiflisdə anadan olub. O, 1961-ci ildə Tiflisdəki
72 nömrəli rus orta məktəbini bitirib və 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb.
Təyinat müddəti başa çatdıqdan sonra doğma vətənə – Borçalıya, elinə-obasına qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib.

1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.

Allahverdi Hümbetov 2004-cü ildə Burcanadze-Demokratlar blokundan Gürcüstan Parlamentinə deputat seçilib və ömrünün son illərində parlamentin deputatı kimi də öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib.

Allahverdi Hümbətov tanınmış ictimai-siyasi xadim olmaqla yanaşı, həm də
Borçalının sayılıb-seçilən el ağsaqqallarından biri olub.

Ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş məlum hərc-mərclik dövründə, erməni-sivan birləşmələrinin Borçalının bir çox yerlərində təxribatlar törədərək soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salmağa çalışdıqları zaman Allhverdi Hümbətov həmin təxribatların qarşısının alınmasında böyük xidmətlər göstərmişdir.

Allahverdi Hümbətov Dünya Azərbaycanlılarının təşkilatlanmasında da yaxından iştirak edib və Dünya Azərbaycanlılarının I və II Qurultaylarının nümayəndəsi olub. Odur ki, onun fəaliyyəti Azərbaycan və Gürcüstan dövləti tərəfindən də yüksək qiymətləndirilib.

Allahverdi Hümbətov 2008-ci il fevralîn 5-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. Əziz xatirəsini dərin hörmətlə yad edirik!

araz.az xəbər portalı.