Ötən gün Mətbuat Şurasına üzv qəbul edilən “kobramedia.az” saytı adına və fəaliyyətinə görə sosial şəbəkələrdə ciddi tənqid olunub.
“Qafqazinfo” məsələ ilə bağlı saytın rəhbəri Valeh Mirzə və Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovla əlaqə saxlayıb.
V.Mirzə tənqidlərə cavab olaraq qeyd edib ki, rəhbəri olduğu sayt satirik-yumoristik və ədəbi publisistik janrda fəaliyyət göstərir: “Saytın adı mənim xoşuma gəlir. Burada nə var ki? Necə olur ki, “sim-sim” adında sayt olur, yaxud da başqa qəribə, eybəcər adda saytlar olur, ancaq kobra ola bilmir? Heç kimin də saytına nə ad qoymasına iradım yoxdur.
Bizdə satirik sayt yoxdur. O mənada mən bu adı seçmişəm. Kimin ürəyindən nə keçib deyirsə və tənqid edirsə özü bilər”.
Sayt rəhbəri reketçiliklə məşğul olmadığını bildirib: “Mənim yazılarımı açıb oxumaq lazımdır. Hələ bir nəfər deyə bilməz ki, mən reket olmuşam. Özüm reketçiliyə qarşı mübarizə aparan jurnalistəm. Jurnalistikamızın şəffaflaşmasına, saflaşmasına peşə hazırlığının yüksəlməsiniə xidmət edən bir adamam. İxtisasca müəlliməm. “Azərbaycan müəllimi” qəzetində çalışmışam. İl yarım isə “Baku post” qəzetində baş redaktor olmuşam. Mən ancaq saf amallara xidmət etmişəm. Münaqişə zonasından həmişə kənarda olmuşam və bu cür bazarda da özümü görməmişəm.
“Kobra media”mənim şəxsi saytımdır. O qəzet kimi 2003- cü ildən qeydiyyata alınıb. Qəzet buraxmaq imkanım yoxdur. Ona görə də öz yazılarımı dərc etmək üçün elektron versiyasını açmışam ki, heç kimdən yazılarımı dərc etməsi üçün xahişim olmasın.
Heç kimə də jurnalist vəsiqəsi verməmişəm ki, gedib reketçiliklə məşğul ola.
Saytım heç yerdən maliyyələşmir. Heç kimin qoltuğunda deyiləm. 5 il olar ki bu sayt fəaliyyət göstərir. Gələcəkdə saytların maliyyələşməsi baş verərsə, heç olmasa mən də bir dənə yazar işçi götürərəm. Sloqandakı seçdiyim cümlə də satirik janrdadır. Bu da kobranın dilindən deyilir. Özüm şairəm. 20-yə yaxın kitab müəllifiyəm. Satirik şeirlərim də həddindən artıq çoxdur”.
MŞ-nin sədri Ə. Amaşov isə bildirib ki, digər xəbər portalları kimi “kobra media” da Azərbaycan Mətbuat Şurasının üzvü seçilib: “Bilirsiniz ki, Mətbuat Şurasına üzv olmaq üçün müəyyən prosedur qaydaları var. Onlar da üzv olmaq üçün quruma müraciət edirlər. Bundan sonra Mətbuat Şurası tərəfindən həmin media monitorinq edilir və izlənir. Əgər onlarla bağlı Mətbuat Şurasına şikayət gəlmirsə, yazılarda etik normalar gözlənilirsə onlar qeydə alınırlar.
“Kobra media”nın üzv seçilməsi və onun adı müəyyən müzakirələrə səbəb oldu. Ancaq saytda daha çox satirik-yumoristik materaillar çoxdur. Saytla bağlı Mətbuat Şurasına heç bir şikayət daxil olmayıb. Saytın rəhbəri Valeh Mirzə də Azərbaycan və rus dillərində mükəmməl yazılar yazan jurnalistdir. Azərbaycan dövlətinə xidmət edən və kifayət qədər peşəkar yazıların müəllifidir. Bu baxımdan da Mətbuat Şurasına üzv qəbul edilib. Mən bunda heç bir qəbahət görmürəm.
Saytın adının araşdırılması məsələsi ona təklif olundu. Deyildi ki, imkan varsa saytın adını dəyişdirsin”.
Reketçilik fəaliyyətinə gəlincə isə Amaşov vurğulayıb ki, saytda ola bilsin ki, hansısa sərt ifadələr işlənsin: “Çünki saytın mahiyyəti satirik ruhdadır. Ancaq o saytda reket yazıların getməsi ilə bağlı Mətbuat Şurasına heç bir şikayət daxil olmayıb”.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azadınform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev BakuPost-a açıqlamasında bildirib ki, hər hansı bir qəzetin və yaxud da saytın adı ilə bağlı tənqidi müzakirələr normaldır: “Biz bu saytın adının kobramedia.az olduğunu əsas göstərib Şuraya üzv qəbul etməyə bilməzdik. KİV orqanlarının üzvlük məsələsi onların adına görə deyil, fəaliyyətinə görə müəyyən edilir. Kobrameda.az-ın təsisçisi tanınmış jurnalist, uzun illər Azərbaycanın sanballı media orqanlarında çalışan, adı hansısa reket fəaliyyətində hallanmayan Valeh Mirzədir. V.Mirzə həm də şairdir. Saytın adı ilə bağlı biz də suallar verdik, hətta dəyişdirlməsi təklif olundu, onun da cavabına hörmətlə yanasdıq”.
N.Niftiyev bildirib ki, saytın adını müzakirəyə çıxarıb Mətbuat Şurası İdarə Heyəti üzvlərini tənqid edənlər haqlı deyillər: “Biz Valeh Mirzənin və saytının fəaliyyətində qeyri-qanuni heç nə görməmişik, saytla və baş redaktorla bağlı heç bir müraciət, şikayət yoxdur. Adı əsas gətirib Şura üzvlüyünə müraciətinə rədd cavabı verə bilməzdik”.
Baş redaktor sonda bildirib ki, həm Sovet dövründə, həm də müstəqillik illərindən bu sayaq adlar altında fəaliyyət göstərən kifayət qədər satirik-yumoristik KİV adlarına rast gəlmək mümkündür.
Günel Türksoy
araz.az xəbər portalı.