Ekspertlərin fikrincə, zibillərin arasında üzük tapmaq demək olar ki, mümkün deyil, lakin bu hal istisnadır.

ABŞ-ın Cənubi Karolina ştatında təkrar emal zavodunun işçiləri şəhərli qadının itirdiyi brilyant nişan üzüyünü tapmaq üçün bir neçə saat konteynerdəki zibilləri eşələyiblər.

araz.az-ın xarici KİV-ə istinadən bildirdiyinə görə, Qrinvill şəhərinin administrasiyası məlumat yayıb ki, yanvarın 28-də Melani Harper Rezerford küçəsindəki təkrar emal mərkəzinə baş çəkib və zibilləri konteynerə boşaldarkən onun brilyant nişan üzüyü təsadüfən barmağından düşüb.

“Ot tayasında iynə tapmaq çətindir. Zibil qutusunda üzük tapmaq demək olar ki, qeyri-mümkündür”, – administrasiyadan bildirilib.

Qadın yardım üçün bələdiyyə kommunal xidmətlərinə məktubla müraciət edib.

“Anlayıram ki, üzük tapmaq şansı azdır. Ancaq zibilin çeşidlənməsi prosesində tapılsa və mənimlə əlaqə saxlansa, çox minnətdar olacağam”, – qadın müraciətində yazıb.
Ertəsi gün gələn ictimai işlər şöbəsinin işçiləri zibil qutusunun içindəkiləri yerə atmaq və Harperin üzüyünü tapmaq ümidi ilə diqqətlə yoxlamaq qərarına gəliblər.

“Bir neçə saatlıq axtarışdan sonra Trevis Qolden qızıl tapıb. Ağ qızıl”, – şəhər rəhbərliyinin açıqlamasında bildirilir.

Üzüyin sahibi qiymətli əşyasına qovuşmaq üçün mərkəzə dəvət edilib.

araz.az xəbər portalı.