Milli Məclisin yaz sessiyası üzrə keçirilən iclasında deputat Elnur Allahverdiyevin ödənişli hərbi xidmətlə bağlı çıxışı müzakirələrə səbəb olub.
araz.az xəbər verir ki, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Globalinfo.az-a açıqlamasında millət vəkillərinin Azərbaycanda alternativ hərbi xidmət haqqında qanun qəbul etməlidi olduqlarını bildirib.
Onun sözlərinə görə, qanun çoxdan hazırdır, sadəcə, Qarabağ məsələsi yeni həll edildiyi üçün qəbul edilməyib:
“Səbəb olaraq da müharibə şəraitində yaşadığımızı göstərirdilər. Deyirdilər ki, müharibədən yayınmaq istəyənlər bundan istifadə edəcəklər və s. Deputatın açıqlaması diletant yanaşmadır. Bir neçə il bundan öncə qanunda göstərilirdi ki, dini əqidəsinə və ya inancına görə, başqa səbəblərdən əlinə silah götürə bilməyənlər alternativ xidmət keçirlər. Məsələn, normal qaydada ali təhsili olan bir il xidmət keçirsə, alternativdə bu, iki il olur. O cümlədən də qardaş Türkiyədə olduğu kimi, ödənişli hərbi xidmət keçə bilərsən. Əgər insan həqiqətən də xidmət etmək istəmirsə, sən ona Vətəni zorla sevdirə bilməzsən. İmkanı olan gedib pul verib xidmət etməyəcək və bu, neqativ hallara yol açacaq”.
Ü.Cəfərov deyib ki, hərbi xidmətə gedən hər kəsin marağına uyğun olaraq şərait yaradılmalıdır:
“Qanun qəbul edildikdə Elm və Təhsil Nazirliyi, güc strukturları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digərləri əlaqəli işləməlidirlər. Deputat deyir ki, ali təhsil alanlar hərbi xidməti başa vurduqdan sonra təhsillərini davam etmək istəmirlər, maraqları olmur. Hörmətli deputat, bəs bunun üçün də hərbi xidmətdə normal şərait, kitabxana olmalıdır ki, həmin gənc hərbi xidməti bitirdikdən sonra gəlib magistratura və ya doktoranturanı davam etdirə bilsin. Ümumiyyətlə, meyli hərbə yox, elmə olan biri üçün şərait yaradılmalıdır. Öz işini sevən, peşəkar kadrlar olmalıdır. 100 qeyri-peşəkar əsgər saxlamaqdansa, 50 peşəkar hərbçi saxlayaram, həmin yüz nəfərə verdiyim pulu 50 nəfərə verərəm, büdcəyə də yük düşməz. Bu haqda düşünmək, Azərbaycan dövləti və xalqı üçün real iş görmək lazımdır”.
Deputat Aqil Abbas həmkarının fikri ilə razılaşmadığını deyib:
“Çox yanlış yanaşmadır. Bu dəqiqə Azərbaycanda belə bir qərar qəbul etmək olmaz! Ödənişli hərbi xidmət nə deməkdir?! Müharibədən yeni çıxmışıq. Ermənistanı Fransa, Avropa və s. ölkələr kimi qızışdıran revanşist qüvvələr var. Belə vəziyyətdə ödənişli hərbi xidmət olar?! Pulun varsa, deməli, əsgərlikdən yayınmalısan? Qəti razı deyiləm!”
araz.az xəbər portalı.