Azərbaycanda kombi ustası fırıldaq işlədərək ev sahibini aldadıb.
araz.az xəbər verir ki, bu barədə Abşeron rayon sakini Aqil Tağıyev yazıb. O bildirib ki, usta ondan kiçik bir detala görə 120 manat pul alıb.
“Kombi keçən il bu ərəfələrdə qəfil dayandı. Usta çağırdım. Gəlib baxdı, “platadandır, aparım şirkətdə dianostika edim, ehtimal ki, dəyişmək lazım olacaq” dedi. Elə də oldu. Gedib bir saatdan zəng vurdu ki, xarabdır, dəyişilməlidir. “Nə edək, dəyişək” cavabını verdim. Mən evdə olmayanda gətirib quraşdırıb, kombi işləyib, 120 manatını da alıb.
Evə qayıdan kimi kombini açdım. Çünki ustanın başı qarışanda markerlə platanın üstünə kiçik bir işarə qoymuşdum, şəklini də çəkmişdim. Baxdım ki, işarə yerində qalıb, dəyişilən isə qoruyucu olub. Zəng vurdum, şirkətə ki, elədiyiniz bu iş kişi hərəkəti deyil və uzağı bir dəfə aldadarsınız. And-aman etdi ki, elə bir şey olmayıb. Dedim, “istəyirsiniz, ustanızı da götürüb gəlin, həmin gün çəkilən şəkli və indi kombinin üstündə olan platanı göstərim”. Səs gəlmədi, mən də uzatmadım”.
A.Tağıyev bildirib ki, növbəti dəfə kombidə yaranan problemi cəmi 20 manata həll etmək mümkün olub:
“Dünən kombi su axıdırdı, təcrübədən də bilirəm ki, hava təzyiqi düşüb. Axan su platada da bir detalın yanmasına səbəb olmuşdu. Platadakı detalın dəyişməsinə 5 manat verdim, 15 manat da hava vurmaq üçün nasosa ödədim. Vəssalam, kombi işləyir. İş yoldaşım deyir ki, iki gün əvvəl bizdə də hava təzyiqi düşmüşdü, usta gəlib hava vurdu, 50 manat aldı. Demirəm hamısı elədir, amma çoxdur”.
Billurə
araz.az xəbər portalı.