Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüşüb.
araz,az xəbər verir ki, görüşdə hər iki peşə birliyinin fəaliyyəti, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlıq memorandumu imzalamaq qərarına gəlib. Memorandumun hazırlanması üçün işçi qrup yaradılıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Azərbaycan Respublikası Auditorlar Palatası (ARAP) ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. ARPA ilə əməkdaşlıq memorandumu AQC-nin ölkənin maliyyə bazarı ilə əməkdaşlıq istiqamətində növbəti addım olacaq.
AQC Azərbaycanda fəaliyyət göstərən 58 qiymətləndirmə şirkətini özündə birləşdirir və 1998-ci ildən fəaliyyət göstərən ölkəmizin ilk assosiativ təşkilatlarından biridir. 20.05.2022-ci il tarixində növbəti hesabat-seçki yığıncağında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib, İdarə Heyəti və rəhbər strukturları formalaşıb.
AQC Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsində ölkəmizi təmsil edir, Azərbaycanda qiymətləndiricilərin birləşdiyi yeganə platformadır. AQC-nin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyi təsis edilib və AQC sədri Vüqar Oruc sözügedən qurumun vitse-prezidentidir.
ARPA ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə 19 mart 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmişdir. 2014-cü ildən etibarən isə ARPA Dünya Bankının Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq (CAPSAP)” layihəsi çərçivəsində fəaliyyətini genişləndirərək mərkəzləşdirilmiş müstəqil peşəkar mühasib təşkilatı olaraq peşəkar mühasibləri öz ətrafında cəmləməyə başlamışdır.
CAPSAP layihəsi əsasında ARPA-ya sertifikasiya orqanı olaraq Mühasiblərin Peşəkar Sertifikasiyasının (MPS) keçirilməsi hüququ verilmişdir. Mühasibat uçotu sahəsində uğurlu fəaliyyətin nəticəsi olaraq, ARPA Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 21 oktyabr 2019-cu il q-02 saylı qərarına əsasən, “Peşəkar mühasib təşkilatı” kimi akkreditasiyadan keçmişdir
araz.az xəbər portalı.