“Qarabağdan Ermənistana köçmüş ermənilər xaricə gedərkən onların başqa ölkələrə təhvil verilməyəcəyinə zəmanət verən müvəqqəti mühafizə şəhadətnaməsi daşımalıdırlar”
araz.az Moderator.az-a istinadən xəbər verir ki, “Kavkazskiy uzel” nəşrinin yazdığına görə, bu barədə Ermənistan hökuməti bildirib.
“Qarabağlılar bir illik müddətə Ermənistanın himayəsinə götürülüb və bu müddət ərzində onlar vətəndaşlıq alıb-almamaq barədə qərar verməlidirlər, hələlik başqa alternativ yoxdur”, – deyə hüquqşünas İrina Ayrapetyan sözügedən nəşrə açıqlamasında bildirib.
Belə ki, 2023-cü ilin noyabrında polis müvəqqəti müdafiə statusu almış Qarabağ “qaçqınlar”ından Ermənistan vətəndaşlığı üçün müraciətləri qəbul etməyə başlayıb. Nəşrin yaydığı məlumata görə, son iki ayda 100 mindən çox(?) Qarabağı könüllü tərk etmiş sakinlərdən yalnız 735 nəfəri Ermənistan vətəndaşlığı üçün müraciət edib. 53 mindən çox “qaçqın” müvəqqəti mühafizə şəhadətnaməsi alıb. Yanvarın 18-də hüquq müdafiəçiləri bildiriblər ki, köçkünlərin Ermənistan vətəndaşlığını almaq istəməməsi onların hökumətin maliyyə dəstəyindən məhrum olacağı qorxusu ilə bağlıdır. Hakimiyyət isə qaçqınlar üçün bütün ödənişlərin davam etdiriləcəyinə əmin edib.
Məlumatda o da bildirilir ki, 2023-cü il oktyabrın 7-dək Qarabağdan Ermənistana guya 100 min 632 erməni köçkün gəlib.
Xəbərdən belə aydın olur ki, Ermənistan hökumətinin bu qərarı 1988-2023-cü illərdə keçmiş Dağlıq Qarabağ və 30 ilə yaxın işğal altında qalmış digər Azərbaycan ərazilərində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı işləmiş və vuruşmuş, bilavasitə hərbi və mülki şəxslərə qarşı cinayətlərdə iştirak etmiş və İnterpolla axtarışa verilmiş şəxslərin dövlətimizə təhvil verilməsi üçün hüquqi əngəl yaradacaq…
Bəs görəsən doğrudanmı Ermənistanın bu qərarı xaricdəki axtarışda olan Qarabağ ermənilərinin Azərbaycana verilməsinə əngəl ola bilər?
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Moderator.az-a danışıb. O bildirib ki, müvəqqəti mühafizə tədbiri kimi o sənədin verilməsi kiminsə cinayət məsuliyyətinə cəlb edilməsi anlamına gələ bilməz:
“Nə daxili qanunvericilikdə, nə beynəlxalq hüquqda belə bir norma, belə bir imperativ müddəa yoxdur. O ki, qaldı həmin o şəxslər, biz bilirik ki həmin o saylar kütləvi şəkildə saxtalaşdırılıb. O sayların saxtalaşdırılması amilini bir kənara buraxsaq həmin o şəxslər Azərbaycan ərazisindən könüllü şəkildə çıxdıqdan sonra, hətta Ermənistan dövlətinin özünün çağırışlarına belə etimad göstərmirlər. Təsəvvür edin, 100 min civarında saxtalaşdırılmış insanların heç 1000 nəfəri belə verilən məlumatlara görə Ermənistan vətəndaşlığını qəbul etməyib. Bunun bir neçə səbəbi var, bunlardan biri də insanların Ermənistan dövlətinə inanmamalarıdır. O şəxslərin özlərinin inanmadığı bir sənədə, hər hansı bir dövlət inanacaqmı? Təbii ki, xeyr. Amma hər bir halda bir məqamı diqqətinizə çatdırım ki, burda siyasi motivlər axtarıla bilər, siyasi don geyindirilə bilər. Amma Azərbaycan bu məsələyə siyasi baxış bucağını ortaya qoymur. Azərbaycan sırf hüquqi yanaşma tərzini ortaya qoyur. Hüquqi yanaşma tərzi də odur ki, Azərbaycan ərazilərində Azərbaycan vətəndaşlarına qarşı, Azərbaycan dövlətinə qarşı, təkcə Azərbaycanda da deyil, dünyanın demək olar ki, bütün dövlətlərində cinayət hesab edilən, qanuna zidd əməllər törədilib. Terror, soyqırım, sülh və insanlıq əlehinə olan cinayətlər, müharibə cinayətləri baş verib. Yəni diqqətinizə çatdırım ki, ayrı-ayrı dövlətlərin ərazisində elə cinayətlər var ki, digərində bu cinayət hesab edilmir. Yəni bir dövlətin qanunu həmin o əməli hüquqa və qanuna zidd hesab edir. Amma digər dövlətlərdə isə bu cinayət hesab edilmir. Yəni o əməlin cinayət hesab edilən dövlətdə törədilməsi digər dövlətdə (hansı ki, orda cinayət hesab olunmur) məsuliyyət yaratmırsa bu anlama gəlir ki, o dövlətdə həmib şəxs təqib oluna bilməz. Amma bizim araşdırmasını apardığımız, məsuliyyətə cəlb etmək istədiyimiz insanların törətdiyi hüquqa və qanuna zidd əməllər dünyanın bütün ölkələrində cinayət hesab olunur. Yəni terror bütün dövlətlərdə cinayətdir. Soyqırımı bütün dövlətlərdə cinayətdir. Sülh və insanlıq əlehinə olan cinayətlər bütün dövlətlərdə cinayətdir. O cümlədən də müharibə cinayətləri bütün dövlətlərdə cinayət hesab olunur.
Bu həm daxili qanunvericilikdə, həm beynəlxalq hüquqda istənilən dövlətdə, cinayət hesab olunduğuna görə, Ermənistan dövlətinin onlara hansısa bir kağız parçası kimi verdiyi sənədin məzmunundan asılı olmayaraq, o şəxslər təqibə məruz qalacaq və o şəxlər barəsində müvafiq tədbirlər görülə bilər.
Həmin o şəxslərin ekstradiya edilib-edilməməsi məsələsinə gəldikdə isə, mən düşünürəm ki, ekstradisiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi var. Və eyni zamanda Azərbaycanla bir sıra dövlətlər arasında cinayət törətmiş şəxlərin verilməsi barədə razılaşmalar, imzalanmış sənədlər var. Həmin o dövlətlərlə münasibətdə hər hansı bir problemin olacağını düşünmürəm. Digər dövlətlərlə bağlı da təbii ki, Azərbaycan həmin o şəxsləri interpolun axtarışına verirsə, ən yüksək səviyyədə axtarılan şəxlərlər ilə bağlı bu tədbirlərin görülməsi tam hüquqa, qanuna uyğundur. Azərbaycan necə ki, interpolun bütün tələblərinə beynəlxalq səviyyədə riayət edir, onları təmin edir, Azərbaycana münasibətdə də həmin o şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqib edilməsində Azərbaycan dövlətinə dəstək göstərilməsi tələbi haqlıdır.
Mən düşünürəm ki, Ermənistan bu yolla əslində müxtəlif formada bu prosesə də siyasi don geyindirməyə çalışır, amma Ermənistan dövləti bir tərəfdən Azərbaycanla sülh sazişi imzalamağa çalışır, Azərbaycanla hərbiçilərin mübadiləsi prosesini həyata keçirir, Azərbaycana mina xəritələrinin verilməsiylə bağlı məsələni müzakirə edir, Azərbaycanla birgə bəyanatlar verir, sülh sazişinin mətnini müzakirə edir. Digər tərəfdən hansısa cinayətkar ünsürlərə görə bu prosesin pozulmasına səbəb olan addımların atması başa düşülən deyil. Bu əslində Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesinə çox ciddi mənfi təsir göstərə bilər. Hesab edirəm ki, Ermənistan dövləti bu addımları atmamalıdır. Həmin o cinayətkar ünsürlərin məsuliyyətə cəlb edilməsində təkcə Azərbaycan deyil, elə Ermənistanın özü də, beynəlxalq ictimaiyyətin, ayrı-ayrı dövlətlərin özləri də maraqlı olmalıdırlar. Əgər biz dünya səviyyəsində terrorla mübarizənin şahidi oluruqsa və həmin o prosesə biz də tövhə vermək iradəmizi ortaya qoyuruqsa, o terrorla mübarizə bütün dünya səviyyəsində, o cümlədən zamanında Azərbaycan ərazisində boz zona yaradıb terrorizimlə məşğul olan qruplaşmaların nümayəndələrinə də aid edilməlidir. Heç kimdə sğorta yoxdur ki, həmin o şəxslər dünyanın ayrı ayrı-ayrı yerlərinə gedib, orda da həmin o cinayətləri törətməyəcəklər. Və yaxud da ki, günlərin birində Ermənistanın özündə hansısa partlayışların törədilməsinə yol verməyəcəklər. Cinayətkar və terrorçu hər yerdə cinayətkar və terrorçudur. Ermənistan dövləti əgər həqiqətən də iddia etdikləri kimi hüquqi dövlətdirsə, dövlətin idarə edilməsi qanunvericiliklə, hüquqla həyata keçirilirsə, o zaman Ermənistan bu məsələyə nəinki mane olmalıdır, əksinə bu prosesdə Azərbaycana dəstək nümayiş etdirməlidir. Həmin cinayətkar ünsürlərin aradan qaldırılması, onların məsuliyyətə cəlb edilməsi, ümumilikdə Cənubi Qafqaza aid olan bütün dövlətlər üçün, o cümlədən də Azərbaycan və Ermənistan üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir. Ona görə, düşünürəm ki, bütün bunlar yaxşı olar ki, şayiə olsun. Hər bir halda belə prosesin pozuculuğuna xidmət edən addımların atılması əslində hazırki reallıqda Azərbaycanın maraqlarına onsuz da xidmət etmir, eyni zamanda Ermənistanın da maraqlarına xidmət etməməlidir”.
araz.az xəbər portalı.