Məlum olduğu kimi, Azərbaycanda xaricdən gətirilən bir sıra ərzaqlar yerli istehsalla əvəz olunacaq. Bununla bağlı qida istehsalçılarına vergi güzəştləri ediləcək.
Vergi Məcəlləsinə əsasən, idxal mallarını yerli istehsalla əvəz edəcək istehsalçı hüquqi və fiziki şəxslərin 7 il müddətinə əldə etdikləri gəlirin 50 faizi vergidən azad edilib. Onlar həmçinin həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Bəs, ediləcək vergi güzəştləri nəticəsində daxili bazarda ərzaqlar ucuzlaşa bilərmi?
İqtisadçı ekspert Xalid Kərimli araz.az-a bildirib ki, idxal edilən bütün qida məhsulları yerli istehsal ilə əvəz edilə bilməz. Lakin bir sıra ərzaqları özümüz istehsal edə bilərik:
“Azərbaycanda əsasən, idxal inflyasiyasıdır. Yəni dünyada qiymət qalxdıqca, bizdə də qiymət artıb. Yerli istehsalın artması inflyasiyanın qarşısını müəyyən qədər ala bilər. Amma bunun nəticəsində ərzaqların ciddi şəkildə ucuzlaşacağına inanmıram. Düzdür, vergi güzəştləri qida istehsalçılarının maliyyə imkanlarını yaxşılaşdıracaq, onlara dəstək verəcək. Amma bu, xərclərin əhəmiyyətli azalması demək deyil. Yerli istehsalın olması hələ qiymətlərin ucuzlaşması anlamına gəlmir. Məsələn, heyvandarlıqda yerli istehsal var, lakin ətin qiyməti ucuzdurmu? Digər tərəfdən, avadanlıqlar xaricdən gətirilir. Qiymət ucuz olanda sahibkar istehsalı genişləndirməkdə çox da maraqlı olmur. Həmin sahibkarın dünya bazarlarına çıxmaq imkanları da olmalıdır ki, istehsalını böyütsün”.
araz.az xəbər portalı.