Çoxsaylı media vasitələri əməkdaşlarının iştirakıyla bu gün keçirdikləri brifinqdə, “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri — “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov, “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli və “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli özlərinin dedikləri ilə də, onu bəyan etdilər ki, ölkəmizdə növbədənkənar keçirilən bu prezident seçkiləri yüksək səviyyədə baş tutub. Onların xüsusi olaraq vurğuladıqlarına görə, elə, bu dedikləri, “Sivil Toplum” adından qəbul etdikləri Bəyanatda da, tam olaraq öz əksini tapıb.
Ümumiyyətlə, növbədənkənar prezident seçkilərinin gedişiylə bağlı bütün məlumatlar, araz.az-ın hər bir dəyərli oxucusunun da maraq dairəsindədir deyə, həmin Bəyanatı, nöqtəsinə-vergülünə toxunmadan, olduğu kimi dərc etməyi lazım bildik.
Bəyanatın tam mətni belədir:
7 fevral, 2024-cü il tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində, “Sivil Toplum” Monitorinq Koalisiyası tərəfindən aparılmış müşahidələrin nəticələrinə dair
BƏYANAT
“Sivil Toplum Monitorinq Koalisiyası” 2023-cü ilin dekabrından ölkəboyu növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqini aparır. Koalisiya seçkilərə qədər ilkin təhlillərini aralıq hesabat şəklində yayıb, Mərkəzi Seçki Komissiyasına müraciət edərək, seçkiləri müşahidə etmək üçün nümayəndələrini qeydiyyatdan keçirib, onlara lazımi təlimlər keçib. Koalisiyanın 613 müşahidəçisi 7 fevral — seçki günü respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb, müşahidəçilərin hər biri ümumrespublika müşahidəçisi statusuna malik olub. Seçki müşahidəçiləri “Sivil Toplum Monitorinq Koalisiyası”nın tərkibinə daxil olan 3 QHT-dən formalaşıb, onlardan 217 nəfəri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin, 215 nəfəri “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin, 181 nəfəri isə “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin nümayəndələri olmaqla, Koalisiyanı seçki günü uğurla təmsil edib, gün ərzində ölkə üzrə seçki dairələrinin yarısından çoxunda müşahidə aparmaqla, zəruri qeydlər götürüblər. Seçki müşahidəçilərimiz azad edilmiş ərazilərdə də – Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocalıda, Ağdərədə, Xocavənddə, Ağdamda, Füzulidə müşahidələr aparıb.
Ölkə boyu nümayəndələrimiz tərəfindən toplanmış müşahidə qeydləri təhlil olunub. “Sivil Toplum” Monitorinq Koalisiyası müşahidə nəticələrini elan edir:
1. Koalisiyanın müşahidə apardığı heç bir məntəqədə nümayəndələrimizə qarşı maneə yaradılmayıb, məhdudlaşdırma halı olmayıb, seçkiləri tam sərbəst şəkildə müşahidə imkanı təmin olunub;
2. Müşahidə etdiyimiz məntəqələrdə ümumən bülletenlərin sayılması və qutuların möhürlənməsi prosesi düzgün təşkil olunsa da, 6 məntəqədə bununla bağlı qüsurlar qeydə alınıb;
3. Müşahidəçilərimiz seçki məntəqələri daxilində hər hansı namizədin xeyrinə təbliğat aparılması halları müşahidə etməsələr də, müəyyən istisnalarla rastlaşıblar, belə ki, 3 seçki məntəqəsində bu və ya digər namizədin xeyrinə təbliğata cəhd olunub;
4. Müşahidə aparılan seçki məntəqələrinin 39-unda bəzi narazı seçicilərə rast gəlinib, onlar adlarını seçici siyahılarında tapmadıqlarından şikayət ediblər, 8 məntəqədə seçicilərin adlarının siyahılara yerində əlavə edilməsi faktı qeydə alınıb, 31 məntəqədə isə, məntəqə sədrləri bu kateqoriyadan olan seçicilərə səsvermə imkanı yaratmayıb. Müşahidəçilərimiz müəyyən edib ki, səsverməyə buraxılmayanlar, seçki günü ikinci dəfə səs vermək üçün gələnlərdir;
5. Müşahidə aparılmış məntəqələrin əksəriyyətində barmağa mürəkkəblə işarələnməsi proseduru və mürəkkəbin olub-olmamasının yoxlanılmasına əməl olunsa da, məntəqələrin bəzilərində bu prosedurun həyata keçirilməsində nöqsanlar aşkarlanıb;
6. Mərkəzi Seçki Komissiyası seçkilәrә hazırlıq işlərini vaxtında başa çatdırıb, ümumən seçki komissiyalarının hazırlıq səviyyəsini qənaətbəxş hesab etmək olar;
7. MSK media vasitəsi ilə, seçicilərin maarifləndirilməsi sahəsində geniş kampaniya həyata keçirib. Seçici fəallığının artırılması məqsədi ilə MSK tərəfindən yeni üsuldan – mobil telefonlara ismarıclardan istifadə olunub. Hesab edirik ki, növbəti seçkilərdə daha müasir, innovativ tətbiqlərdən də istifadə oluna bilər;
8. Ölkədə ən yüksək səviyyədə seçki prosesinin şəffaf aparılması üçün güclü siyasi iradənin olması yerlərdə — seçki məntəqələrin işini qurmasında və fəaliyyətində açıq müşahidə edilib;
9. Bəzi müxalif partiyaların seçkilərdə iştirakdan imtina etməsi və hətta baykota çağırışlara rəğmən, müxtəlif partiyaları təmsil edən namizədlərin, həmçinin, namizədlikləri şəxsi təşəbbüsləri ilə irəli sürülənlərin qeydiyyatа alınması nəticəsində, seçkinin rəqabət şəraitində keçməsi və seçim imkanı təmin olunub;
10. Yerli müşahidəçilər demək olar ki, heç bir maneə ilə qarşılaşmadan MSK-da və yerlərdə seçki müşahidəçiliyi üçün qeydiyyatdan keçə bilib, sərbəst müşahidə aparmaq imkanına malik olublar, bu barədə “Sivil Toplum Monitorinq Koalisiyası” hər hansı maneə ilə qarşılaşmayıb, bu səpkidə qeydiyyat üçün müraciət edənlərin heç birindən də şikayət müraciəti almayıb;
11. Seçki günü səslərin sayılması prosesində müşahidəçilərin müşahidə aparmalarına hər hansı maneə və məhdudiyyət tətbiq edilməyib;
12. Seçki günü seçki qutusuna əvvəlcədən seçki bülletenlərinin atılması cəhdləri müşahidə edilməyib;
13. Müşahidə aparılan seçki məntəqələrində səsvermə prosesi əsasən, qanunvericliyin tələblərinə uyğun keçirilib. Lakin bəzi seçki məntəqələrində səsvermə kabinəsindən kənarda səsvermə, şəxsiyyət vəsiqələrinin düzgün yoxlanılmaması müşahidə olunub. Müşahidəçilərin iradları yerində məntəqə sədrləri tərəfindən nəzərə alınıb;
14. Seçki komissiyalarının tərkibində bu dəfə əvvəlki prezident seçkiləri ilə müqayisədə qadınların təmsilçiliyi artıb;
15. Gənclərin səsvermədə fəal iştirakı qeydə alınıb, xüsusilə tələbələrin fəallığı müşahidə olunub;16. Seçki günü, ümumilikdə, sakit keçib, hər hansı qarşıdurma, ictimai etiraz, narazılıqla bağlı Koalisiyaya seçicilərdən və ya prezidentliyə namizədlərin özlərindən və ya səlahiyyətli nümayəndələrindən müraciət daxil olmayıb.
“Sivil Toplum” Monitorinq Koalisiyası olaraq, bəyan edirik ki, seçkilərin ümumi nəticəsinə təsir etməyən bir sıra pozuntuları nəzərə almaqla, seçkilər əsasən azad, ədalətli və şəffaf keçirilib. Seçici fəallığı çox yüksək olub. Koalisiya hazırda seçkidən sonrakı vəziyyətin monitorinqini davam etdirir. Proses tam başa çatanda, yekun hesabat da yayılacaq. Yekun hesabat bütövlükdə seçkiöncəsi, seçki günü və seçkidən sonrakı dövrə ümumi qiymət verəcək, səsvermə nəticələrinin hesablanması və digər vacib məqamlara dair monitorinq qeydlərini, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələri özündə ehtiva edəcək.
araz.az xəbər portalı.