Bəzi insanlar gəlirləri özlərini idarə edəcək qədər olsa da, həmişə borc alırlar. Sanki borc almaq bu şəxslərdə adət alına çevirilib. Öz xərclərini borc ilə də olsa qarşılamağa çalışırlar.
araz.az xəbər verir ki, Bir müddət borc alıb qaytardıqdan sonra da bu, vərdiş kimi formalaşır. Ümumiyyətlə, insanların borc almaq vərdişinin necə yaranmasını Valyuta.az klinik psixoloq Rövşən Nəcəfov ilə müzakirə edib.
Psixoloq qeyd edib ki, insanlar fərqli və müxtəlif həyat modelləri ilə tanış olduqca, daha çox borclanmış olurlar. Hər kəs daha yaxşı yaşamaq istəyir. Xoşbəxtliyini başqaları ilə müqayisə edirlər:
“Günümüzdə pul insanın yaşaması üçün vacib meyara çevrilib. İnsanın pulsuz həyatda qalmağı təsəvvür edilmir. İnsanın ehtiyacları qazandığı məvaciblə tənzimlənməlidir. Artıq ehtiyaclar təkcə yaşamaq üçün deyil, həm də daha yaxşı yaşamaqdan ibarətdir. Daha yaxşı yaşamağın şərtləri də öz məğzini itirib. Xoşbəxtlik başqaları üçün yaşamaqdır, başqalarına nümayiş etdirməkdir”.
“İnsan təbii ehtiyaclarını süni ehtiyaclarla əvəz etdikcə daha çox pulun lazım olduğunu görür. Aylıq məvacibdən daha çox ehtiyaclar formalaşanda borc yaranır. Yəni daha çox ehtiyac daha çox puldur. Zaman keçdikcə borc başqa borcla əvəzlənir. İnsan üçün borc da düşüncə tərzinə çevrilir. Borc insan üçün adiləşir və adət halına keçir. Borca görə narahatlıq keçirən şəxslərdə bir müddət sonra bu narahatlıqlar tolerantlaşır. İnsan üçün adiləşən hər şey həyat tərzinə çevrilir” – Rövşən Nəcəfov bildirib.
araz.az xəbər portalı.