Ekspert: “ÜSY mexanizminin təkmilləşdirilməsi bundan başlamalıdır”
araz.az bildirir ki, bu ildən Azərbaycanda dövlətin aztəminatlı ailələrə dəstək mexanizmi olan ünvanlı sosial yardımın həcmində artım olacaq. Buna yardımın hesablanması üçün tətbiq edilən ehtiyac meyarının məbləğinin artırılması imkan verəcək. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” yeni qanuna əsasən, qeyd olunan sosial əhəmiyyətli göstərici 9,7 faiz artaraq 270 manat təşkil edəcək.
Mütəxəssislərə görə, ehtiyac həddinin artırılmasının yoxsul ailələrin maddi dəstəyinə təsirindən danışarkən, əsas məsələdən çıxış etməliyik – yardımı gəliri illik ehtiyac həddinə çatmayan ailələr alır. Ona görə də bu ehtiyac meyarının yüksəldilməsi həm ödənişlərin artmasına, həm də ehtiyacı olanlara dövlət dəstəyinin əhatə dairəsinin genişlənməsinə səbəb olmalıdır.
Əgər ötən il 246 manat ehtiyac meyarı ilə 5 nəfərlik ailənin minimum gəliri 1230 manat hesab edilirdisə, bu il ehtiyac meyarı 270 manat olan belə bir ailə üçün minimum gəlir 1350 manata qədər artıb. Belə bir ailənin aylıq gəliri 800 manat olurdusa, ötən il onlara 430 manat əlavə sosial yardım ödənilib. Bu il isə aylıq ödənişlər 550 manata yüksələcək. Təbii ki, ailənin gəliri artmasa…
Adambaşına düşən orta gəliri ehtiyac meyarından az olan ailələr aztəminatlı hesab edilir. Bu baxımdan, ehtiyac meyarının növbəti artımı da əhalinin bu yardımla əhatə dairəsinin genişləndirilməsi üçün vacibdir.
Qanunvericiliyə əsasən, ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
ÜSY alan ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər hesab olunur. Ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Ailənin orta aylıq gəliri ailənin illik gəlirinin 12 ayın hər birinə düşən hissəsidir. Aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə sayılır.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: ailə üzvünün əmək qabiliyyətini itirməsi; ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; ailə üzvünün vəfat etməsi; ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; ailə üzvünün azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması.
Ünvanlı dövlət sosial yardımı almaq üçün ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Müraciət etmək üçün ailə tərkibi haqqında arayış və ailə üzvlərinin razılığı əsasında notariusdan təmsilçilik ərizəsi əldə etmək lazımdır. Növbəti addım “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) daxil olaraq məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etməkdir. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Eyni zamanda ailənin yaşadığı evə, təsərrüfatına baxış keçirilir, gəlirlərin məbləği yerində hesablanır. Bütün meyarlara uyğun gələn ailələrə ÜSY təyin edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, dövlət sosial yardımı proqramı ilə bağlı qanunvericilikdə son illər bir sıra dəyişikliklər edilib: “Nəticədə bu proqrama əlçatanlıq artırılıb, sosial yardımın təyinat şərtləri əhəmiyyyətli dərəcə yumşaldılıb. Ünvanlı sosial yardım üçün elektron müraciət zamanı ailədən tələb olunan məlumatların sayı da xeyli azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur.Ünvanlı sosial yardımın hər ailəyə ödənilən orta aylıq məbləğində artım dinamikası keçən il də davam edib: 2023-cü ildə hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 24 faiz artaraq 487 manata çatıb. Ümumilikdə son beş ildə ünvanlı sosial yardımın orta aylıq məbləği 2,8 dəfə artıb. Eyni zamanda 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib. 2024-cü il üçün də ehtiyac meyarı və yaşayış minimumu bərabər səviyyədə olmaqla 270 manat müəyyən olunub. Qeyd edək ki, 2024-cü ilin əvvəlinə 65 minədək aztəminatlı ailənin 275 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb”.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ehtiyac meyarının artırılması ÜSY proqramı çərçivəsində yardım alan ailələrin gəlirlərində 10 faizə yaxın artım olacaq: “Çünki ehtiyac meyarının artması ailə üzvlərinin minimum hesab olunan gəlir məbləğini də artırır ki, bunun nəticəsində də ailə üzvlərinə hesablanan yardım da artır. Təqdirəlayiq haldır ki, son illərdə ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Xüsusilə də elektronlaşdırma prosesdə şəffaflığın təmin olunması baxımından çox vacib və əhəmiyyətlidir. Düşünürəm ki, təkmilləşdirmə prosesinin davam etdirilməsi, yardıma əlçatanlığın genişləndirilməsi çox vacibdir”.
Millət vəkili hesab edir ki, ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi ilk növbədə ona əlçatanlığın artırılmasından başlamalıdır: “Bizim təklifimiz bundan ibarətdir ki, ünvanlı yardım üçün müraciət meyarlarına yenidən baxılmalıdır. Məsələn, ailənin istifadəsində avtomobilin olması, ailədə 2 işləyənin olması kimi maneələr aradan qaldırılmalıdır. Bu, proqramın əhatə dairəsinin genişlənməsinə, əhalinin daha geniş təbəqələrinin ondan bəhrələnməsinə şərait yaradar”.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənova görə, ümumilikdə götürdükdə, son illərdə ünvanlı sosial yardımla bağlı bir sıra pozitiv dəyişikliklər qeydə alınıb: “Məsələn, 2023-cü ildən ehtiyac meyarının məbləğinin yaşayış minimumuna bərabərləşdirilməsi belə addımlardandır. Ailələrin aldığı yardım onun ehtiyaclarını nə qədər qarşılayır, bu, konkret ailələrə bağlıdır. Mexanizmin daha da təkmilləşdirilməsinə gəlncə, düşünürəm ki, ilk növbədə metodologiyaya baxılmalıdır. Bildiyiniz kimi, Azərbaycanda yaşayış minimumu Nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak səbətinin tərkibinə əsasən hesablanır. Bu gün istehlak səbətinin strukturu həm kəmiyyət, həm də keyfiyyət baxımından qüsurludur, əhalinin minimum yaşayışını təmin edəcək göstəriciləri əhatə etmir. Bu problem ünvanlı yardım alan şəxslərin xərclərinin hesablanmasına, ailə üzvlərinin aldığı yardımın məbləğinə ciddi mənfi təsir göstərir. Düşünürəm ki, indiki halda bu istiqamətdə əsas addım iki indikator üzrə kəmiyyət və keyfiyyət dəyişikliyinə nail olunmasını hədəfləməlidir. Bunlardan birincisi inflyasiyanın daha adekvat hesablanmasıdır. Azərbaycanda inflyasiya 528 adda məhsul üzrə aparılır, halbuki onların bir xeyli hissəsi əhalinin çox cüzi bir təbəqəsi üçün əlçatandır. Orta statistik azərbaycanlı onlardan istifadə etmir, deməli, onların qiymətindəki dəyişikliyin ona aidiyyəti olmur. Orta və aşağı təbəqə insanları daha çox gündəlik məhsullarından istifadə edirlər və bu məhsulların qiyməti adətən daha yüksək sürətlə bahalaşır. Məsələn, 2023-cü il üçün ölkədə ümumi inflyasiya 8,8 faiz olub. Bunu aşağı və orta gəlirli insanlar daha yüksək həddə hiss edirlər. Çünki əhalinin daha az istifadə etdiyi məhsulların bahalaşma həddi aşağı, kütləvi istehlak olunan məhsullarınkı isə yüksəkdir. Amma orta göstərici hesablananda ikisinin qiyməti əsasında orta rəqəm çıxarılır. Nəticədə əhalinin geniş kütlələrinin hiss etdiyindan daha aşağı bir inflyasiya göstəricisi meydana çıxır. Buna görə də minimum istehlak səbətinin tərkibi, həmçinin səbətdəki minimum ərzaq normaları dəyişdirilməlidir. İndiki normalar bir şəxsin minimum səviyyədə belə qidalanması üçün yetərli deyil”.
araz.az xəbər portalı.