Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi İsraillə əlaqələri yenidən gözdən keçirmək istədiklərini deyib. Türkiyə ilə yaxınlaşma fonunda bu açıqlama diqqət çəkir. Bəzi ekspertlər iddia edir ki, Türkiyə ilə yaxınlaşma, Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib. Misir Qəzza məsələsindən istifadə edərək yenidən ərəb dünyasında əsas güc sahibi olmaq niyyətindədir.

araz.az   bildirir ki,  mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, İsrailin hazırkı teokratik rejiminin daşıdığı və hələ də həyata keçirməyə çalışdığı sionizm ideologiyası nəinki Misiri, bir sıra ərəb ölkələri ilə yanaşı Türkiyəni də təhdid edir:

“Əvvəlki dönəmlərdə əgər bu istiqamətdəki şərhlər konspirasiya nəzəriyyəsi kimi qəbul edilirdisə, bu artıq mümkün deyil. Artıq transmilli mediadan önə keçən qlobal internet layihələrinin sionizm və Qərb sistemlərinə qarşı həm də bumeranq effekti var. Yəni artıq gerçəkləri gizlətmək, gerçəklərlə bağlı xalqların düşüncə tərzində tərəddüd yaratmaq, manipulyasiya etmək əvvəlki dönəmlərdən fərqli olaraq mümkün deyil.

Bu səbəbdən də düşünürəm ki, Birləşmiş Ştatlarla Netanyahu hökuməti arasında Yaxın Şərqlə bağlı yanaşma tərzinin fərqliliyi həm də bundan qaynaqlanır. Yəni qatı radikal dindar olan Netanyahu artıq sonunun yaxınlaşdığını bilir və sadəcə Trampın hakimiyyətə gəlməsinə ümid bəsləyir. Hesab edir ki, Birləşmiş Ştatlardakı seçkilərə qədər prosesi uzatsa və Tramp hakimiyyətə gəlsə, Netanyahu xilas ediləcək və ondan sonra Yaxın Şərqlə bağlı Vaşinqtonla koordinasiyalı fəaliyyətə başlanılacaq. Buna görə də qanlı fəaliyyətini davam etdirməklə mümkün qədər Baydenin reytinqini aşağı salmağa çalışır”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, bölgə dövlətləri bu prosesi görürlər və ABŞ-daki seçkiyə qədər bu təhlükəli dalğanı sındırmağa çalışırlar:

“Təbii ki, burada liderlik qardaş Türkiyəyə məxsusdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənə qədər heç kəsin inanmadığı və sionizm propaqandasının nəticəsi olaraq konspirologiya məhsulu kimi təqdim edilən məsələni – yəni “Vəd edilmiş torpaqlar”, Nildən Fərat çayına qədər ərazilərə iddia edilən ərazilərdə qurulması planlaşdırılan “Böyük İsrail Krallığı” kimi anormal ideoloji düşüncə barədə açıq şəkildə danışdı. Və bildirdi ki, əgər Qəzza itirilərsə bu zaman Türkiyənin milli təhlükəsizliyi də təhdid altına düşəcək. Əgər cənab Ərdoğan Türkiyəyə qarşı ərazi iddiaları mərhələsindən danışırsa, o zaman ilk öncə Misirin hədəfdə olduğunu artıq Misir hökuməti və Sisi də qəbul edib. Təbii ki, bu, Türkiyənin apardığı doğru siyasətin nəticəsidir.

Bu gün artıq Yaxın Şərqdə geosiyasi durum kökündən dəyişib. Birləşmiş Ştatların mövqeləri təhdid altındadır. Antiqərb ittifaqı kifayət qədər güclənib. İraq belə Birləşmiş Ştatların ölkəni tərk etməsinə çağırış edir. Yəni artıq elə bir siyasətin təməlləri atılıb ki, Tramp belə, yevangelist-sionist ittifaqının dəstəyi ilə hərəkət etsə də prezident olacağı halda əvvəlki siyasəti davam etdirə bilməyəcək”.

Ə.Zülfüqaroğlu onu da qeyd edib ki, bu gün İsrailin Rəfah Qapısını hədəfə alması da ilk öncə Misirin təhdid olunması anlamına gəlir:

“Sisi Qərb-sionizm İttifaqı tərəfindən hakimiyyətə gətirilsə də artıq durum dəyişib. Yəni İsrail-HƏMAS toqquşması sonrası sionizm üçün tarixdə ilk dəfə qırılma nöqtəsi yaranıb. Sisi də bilir ki, bu ideoloji sistemin siyasi qanadını yürüdən Netanyahunun sonu çatıb.

Bu baxımdan Türkiyənin çətiri altına sığınmağa məcburdur. Burada həm də Türkiyə-Rusiya və Çin ittifaqı həlledici faktorlar sırasındadır. Beləliklə də Yaxın Şərqdə durum kökündən dəyişib və ərəb coğrafiyasındakı proseslər Türkiyənin uzun illər hazırladığı planlar üzərindən davam edəcək”.

araz.az xəbər portalı.