Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, və Şimali Kipr Türk Cümhuriyyətindən olan rəhbərliyi İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. 

TDQB-nin İcra Aparatının rəhbəri Marat Baytokovun verdiyi məlumata görə, qurumun prezidenti səlahiyyətlərini müvəqqəti icra edən, TDQB-nin vitse-prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin, Qazaxıstanın Qiymətləndirmə Palatasının sədri Aydar Kurmanqalıyevin, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximovanın, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirovun, Türkmənistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Sergey Mineyevin və Şimali Kipr Türk Cümhuriyyətinin Dəyərləmə Uzmanları Birliyinin başqanı Kutay Ramizin üzvü olduğu rəhbərlər şurası adından daxil olan təbrik məktubunda deyilir:

Möhtərəm Cənab Prezident! 

Zati-alinizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə  türk dövlətlərinin qiymətləndirmə cəmiyyətləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı  bildirirəm!

Səsvermənin nəticələri Zati-alinizin yüksək siyasi nüfuzunu, Azərbaycan xalqının davamlı sosial-iqtisadi inkişafına yönəlmiş kursunuza dəstəyini bir daha təsdiq edir. Siz milli lider olaraq qeyd-şərtsiz rəhbərlik istedadınız sayəsində ölkənizin iqtisadi inkişafının effektiv modelini həyata keçirərək, beynəlxalq arenada Azərbaycan dövlətinin nüfuzunu möhkəmləndirmisiniz.

Hakimiyyətdə olduğunuz illərdə Azərbaycan Respublikası surətli inkişaf yolu keçib, regionun lider, dünyanın isə nüfuzlu dövlətinə çevrilib. Xəzər regionunda və türk dünyasında sabitlik və inkişafın qorunmasına mühüm töhfələriniz xüsusi qeyd olunmalıdır. Biz əminik ki, Zati-alinizin rəhbərliyi altında Azərbaycan Respublikası şübhəsiz ki, dövlət quruculuğunun bütün sahələrində yeni uğurlar qazanacaq.

Sizi bir daha səmimi qəlbdən təbrik edir, yorulmaz dövlət fəaliyyətində uğurlar, cansağlığı və rifah  arzulayıram!

Dərin hörmətlə: Vüqar Oruc, TDQB-nin prezidentinin səlahiyyətlərini icra edən və vitse-prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri

Qeyd edək ki, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi (TDQB) Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv kimi daxil olduğu birlikdir. Hazırda birlikdə 1000-ə yaxın qiymətləndirmə şirkəti və 15000-dən çox qiymətləndirici təmsil olunur.

araz.az xəbər portalı.