(Çoban həyatından inanılmaz reportaj…)
…Yolum Ağdamın Ergi düzünədir. Burda hələ 1970-80-ci illərdə qış yataqları, eləcə də taxtadan tikilmiş və məhbusların müvəqqəti yaşadığı kiçik qəsəbə var idi. Bu dəfə Ergiyə səfərimdə məqsədim həm də qiymət bahalığının günahını alverçilərdə deyil, çobanlarda görənləri çoban həyatının bütün çətinlikləri, real həyat fəlsəfəsi ilə tanış etməkdir. 40 ilə yaxındır heyvandarlıqda baş ağartmış fermer-çoban Qərib Məmmədovla birlikdə çoban həyatını birlikdə yaşamaq qərarına gəldim.
***
Burada məcburi köçkünlər üçün salınmış qəsəbəni keçib düzən ərazidə qarşıma çıxan bir təsərrüfatı qaralayıram. Bacasından qalın tütsü çıxan evin sahibini xəbərləyib tapıram… Qərib kişi ilə payızda əkilmiş arpa xəsili olan otlaq ərazidə-qoyun sürüsünün əhatəsində görüşürəm. Salamlaşır, hal-əhvallaşırıq. Bu vaxt həm çoban sahibinə, həm də qoyun-quzuya «nəzarətini» sayıqlıqla yerinə yetirən çoban iti gözünü mənə zilləyir. Qərib kişi dərhal «Ay it, eyyy», – hənirtisi ilə başa salır ki, gələn qonaq simsar adamdı, işin olmasın!
Deyəsən, it sahibinin dediyini başa düşdü, sanki bu hərəkətindən utanırmış kimi, quyruğunu bulayıb sakitcə aralanır. Amma gözünü də bizdən çəkmir.
-Qərib kişi, bərəkətli olsun!
-Sağ ol, xoş gəlmisən.
-Telefonda danışdıq… İstəyirəm bir gecəlik də olsa sizin çoban həyatını birlikdə izləyim…
-Gözümüz üstə yeriniz var… Evimiz isti, yoğanımız və döşəyimiz təmiz qoyun yunundan, yastığımız da tərtəmiz, bax o gördüyünüz qazların tükündəndi…
Səhərin gözü təzə açıldığından axşamdan arpa xəsilinin üstünə düşmüş qırov günəşin işığında brilliant kimi bərq vurur. Amma bu qırov qoyun-quzunun otlamaq ehtiyacına qəti mane olmur.
Sonra söhbət edə-edə çoban evinə tərəf gedirik. Sovetlər dönəmində rastlaşdığımız alaçıqdan əsər-əlamət yoxdur. Görünür, müasir çobançılıq həm də bu deməkdir -evlər daşdan tikilib, hamamı, isti suyu var.
Evin xanımı ilə salamlaşırıq. Səliqəli geyinmiş 5-6 balaca uşaq, deyəsən, elə məni gözləyirmiş. Onların hər birinə hədiyyələrimi paylayıram. Gözlərindəki sevinc diqqətimdən yayınmır.
Sonra pürrəngi çay, ardınca qoyun südündən düzəldilmiş qaymaq və yumurtanın kərə yağında bişirilmiş «qlazok»u…
-Qərib kişi, indi izah edin görək, bu qaymağı və yumurtanı necə yeyim? Yəni, hansını əvvəl, hansını sonra?
Evin xanımı Mülayim bacı gülür: – O baxır sizin hansını daha çox xoşlamağınıza…
-Yox, mən bir şeyi bilmək istəyirəm: baxıram, yumurta yağın içində üzür. Bu qədər yağı yemək…
Qərib kişi gülür:
-Mən gözümü açandan, artıq 70-in dizini 4 ildir yerə vurmuşam, çəkim 70 kilonu keçmir, hər gün də bax beləcə yağlı yeyirəm…
-Ziyan eləmir?
-Ziyan eləsəydi, indi yəqinki o dünyada olardım, sizin yanınızda yox, -deyərək gülür.
-Bəs yağlı yeyib sağlam qalmağın sirri nədədir?
-Təmiz kərə yağını Allah-Təala insan üçün yaradıb… -Bəs həkimlər deyirlər ki, yağlı yemək xolestrini artırır, kökəlmə yaradır…
-Özlərinə gülürlər, -Qərib kişi iri qaşıqla qaymağı sobanın üstündə qızdırılmış təndir çorəyinə yaxıb yeyə-yeyə: -Onlar təmiz yağı tapırlar ki, hələ bir yeyib xolestrinlərinin artığını da bilsinlər. O xaricdən gətirilən yağı, xüsusən də duru yağları, yeyənlər tapar təzyiqi də, «rak»ı, başqa xəstəlikləri də… Siz baxın, belə xəstəliklər 90-cı illərdən bəri yayılıb. Cavan oğlanlar ürəktutmasından ölür. Qabaqlar belə şey olmazdı. Kərə yağı insan mədəsində dərhal əriyir və parçalanır. Onu sizlər yaxşı bilər. Amma bu biri yağları yeyin, mədəyə düşən kimi donur, bağırsaqların divarını tutur, ürəyin damarı tutulur, təzyiq də ordan yaranır. Mən belə bilirəm, həkimlər nə bilir, deyə bilmərəm…
Bu vaxt xanımı ona göz eliyir, nəyəsə işarə vurur. Qərib kişi xanımın göz-qaş işarəsindən mətləbi başa düşür və: -Hə, bu xəstəlik məsələsi hardan gəldi bu qaymaqlı-yumurtalı, pendirli… süfrəyə, heç bilmədim. Siz narahat olmayın, qaymağın üzərinə «pesok» səpin, sonra dadını mənə deyərsiniz…
«Hər bir heyvanın öz dili var, amma təəssüflər olsun, biz hələki o dili duyuruq, amma açmasını dəqiq bilmirik…»
…Səhər naharımızı edəndən sonra Qərib kişi ilə heyvan-qaranın yanına getməyi qərarlaşdırırıq. Əvvəlcə qoyunların və malların tövləsinə baş çəkirik. Məlum olur ki, qoyunların quzuları ilə bərabər, inəklərin də buzovları ayrıca tövlədə saxlanılır.
Quzuların tövləsində odun sobasına rast gələndə təəccübləndiyimi görən Qərib kişi özü izah verir:
– İndi qoyunların doğan vaxtıdır. Elə malların da. Təzə doğulan quzular soyuğa davamsızdır, həm də anaları ilə bir yerdə saxlanılmaz, ayaq altında qalıb ölərlər. Bir də, anaları ilə bir yerdə qalarsa, bütün vaxtı süd istəyəcək, bu da ana qoyunları rahat olmağa qoymaz…
-Maraqlıdır, qoyunların gecələr yatdığını görmüsüz? Yəni, heyvanlar yatırmı?
Qərib kişi gülür:
-Bu hardan ağlınıza gəldi?
-Jurnalistin vəzifəsi ağla gələn və gəlməz suallara cavab axtarmaqdır…
İkimiz də gülürük. Qərib kişi yenidən bəzi məsələlərə izah verir:
-Qoyunun, atın, inəyin yatmağını görmək üçün gizli kamera lazımdır…
-Niyə?
-Çünki yanında durub yatmağını görmək istəsən, görə bilməzsən. Heyvan yanında adam görsə, yatmaz. Bilirəm ki, heyvanlar insan kimi gözünü yumub yatmır. Onlar gecə səhərə kimi kövşəyir.
At da, dəvə də elədi, inək də. Məsələn, at bəzən səhərə kimi ayaq üstə yatır, amma gözləri baxır. Görünür, heyvanların yuxu rejimində hələ də bilmədiyimiz çox şeylər var, bunu alimlər daha yaxşı izah edə bilər…
Söhbət edə-edə ana və subay qoyunların otladığı əraziyə çatırıq. Soruşuram:
-Qərib kişi, bəs tövlədəki soba quzulara yanğın təhlükəsi yaratmır?
-Təzə doğulmuş quzu körpə uşaq kimidir, onu soyuqdan qorumaq lazımdır. «Peçi» gərmə ilə qalayırıq, onun istisi odun kimi deyil, uzun müddət qalır. Gərməni də qışdan çıxandan sonra heyvanların tövləsində bərkiyənədək gözləyirik və sonra balta ilə kəsib quruması üçün çöldə üst-üstə yığırıq. Ümumiyyətlə, çoban həyatında bu yanacaq növü həmişə olub. Çobanlar ya təzək, ya da gərmədən yanacaq kimi istifadə edir. Necə hazırlandığını da yəqinki bilərsiz…
Səhər bizi qarşılamış çoban iti bu dəfə ətrafımızda dövrə vurub quyruğunu bulayır. Bu o deməkdir ki, artıq məni yad adam kimi deyil, evin qonağı kimi qəbul edir.
Çoban həyatının bəzi sirlərini öyrənməyə çalışıram:
– Həyatınızın nə qədər hissəsini qoyunçuluqda keçirmisiz?
-Uşaq vaxtından… Belə götürsək, 5-6 yaşımdan. Təxminən 67-68 ildir. Atam, əmilərim… bu sahə ilə məşğul idilər, mən də ayağım yer tutandan quzu otarmışam, böyüdüm qoyun otardım, bir az da böyüdüm at mindim, yayda yaylağa, qışda qışlağa köçdüm…
-Onda heyvanların və heyvandarlığın sirlərini beş barmağınız qədər bilirsiniz…
-Əlbəttə…
-Bəs bilmədiyiniz nəsə varmı?
Nəsə fikirləşir… Bu vaxt sürüdəki keçi 4-5 aylıq bir quzunu buynuzlayır. Qərib kişi məni dümsükləyir:
-Sən o keçi ilə quzuların davasına, dirənişinə bax. Hər gün olur.
İkimiz də inanılmaz hadisəyə şahidlik edirik: iki erkək əmlik quzu «nəzakətlə» dişi quzuya yaxınlaşır, sanki ikisi də qulağına nəsə «pıçıldayır», sonra ona sürtüşürlər. Bu hal iki-üç dəfə təkrarlanır. Bbirdən kənarda sürüyə «ictimai nəzarəti» həyata keçirən boz keçi başını qaldırır, dişi quzuya yaxınlaşır. Əvvəlcə qəribə səs çıxarır. Erkək quzulara biri də qoşulur, onlar alnında ağ xalı olan dişi quzuya tərəf gəlirlər. Keçi onların nə edəcəklərini seyr edirmiş kimi «qəzəblə» vəziyyəti qiymətləndirir. Erkək quzular dişi quzunu dümsükləyir, otlamağa qoymurlar. Keçi başını iki dəfə qaldırıb-endirərək burnunu yerə sürtür, fışıltı ilə nəfəs alıb bu dəfə qızmış halda erkək quzulara tərəf gedir. Başı dişi quzu ilə əylənməyə qarışmış erkəklər qəflətən keçinin hücumuna məruz qalırlar. Quzuların biri büdrəyib yıxılır, digər ikisi isə qaçıb aradan çıxır. Keçi dişi quzunun qarşısında daynıb qəribə nəzərlə ona baxır, buynuzunu yelləyir…
Bu mənzərəni həvəslə izləyən Qərib kişi gülərək: -Gördün, heyvanların da qeyrət çəkməyi varmış…
Mən şokdayam! Təəccübümü gizlədə bilmirəm:
-Bax buna deyərəm ilahi möcüzə…
Qərib kişi söhbətini davam etdirir:
-Görkəmli alim Xudu Məmmədovun bir sözü var, bəlkə də bilirsiniz. O deyirdi ki, deməyin heyvanların dili yoxdur, deyin ki, onların dilini bilmirəm… Doğmağa hazırlaşan ona yaxın ana qoyun var, axşam tövləyə gedəndə baxarsınız, quzu doğulan kimi anasının döşünü axtarır. Ana ağrıyan canının hayındadır, körpə quzunun isə gözü hələ açılmayıb, amma hissiyatı ilə anasının döşünü axtarıb tapır, əmir. Bu ağılsız bildiyimiz heyvanın hərəkətidir. Demək, hər bir heyvanın öz dili var, sadəcə, biz o dili bilmirik. Məsələn, elə vaxt olub, 500-600 qoyunu otarıb arxaca qaytarmışam. Söhbət ana qoyunlardan gedir. Əmişdirmək üçün başqa bir arxacın qapısını açıb quzuları buraxmışıq. O 600-700 quzu xorla mələyib anasını axtarır. Anaları da mələyərək balalarını səsləyir, bir dəqiqədə o boyda qarışıqlıqda hər bir quzu öz anasını dərhal tapır. Burda nəsə bir hikmət var…
***
Qərib kişi ilə axşama kimi çöl-bayır işlərində həmsöhbətəm. Günorta naharını elə çöldə keçirməli oluruq. Evə zəng edib qazan, çəngəl-bıçaq və yerə sərməyə süfrə, termosda çay və s. sifariş verir. Oğlu Bayram at belində bizə yaxınlaşır, nahar tədarükünə dəstək verir. Qərib kişi çör-çöp toplayıb tonqal çatır. Oğluna qoyunları yaxına gətirməsini tapşırır. Döşü südlə dolu qoyunlardan bir neçəsini tutub sağır. Sonra izah verir:
-Mən gecə və səhərə yaxın doğmuş qoyunları sağdım. Onların südü çox yağlıdır. Gördüyünüz kimi, qatıdır…
-Bu südü neyləyəcəksiz?
Gülür:
-İndi görəcəksiniz…
O, bir neçə daş tapıb közün ətrafına düzür, qazançanı odun üstünə yerləşdirir. Az keçmiş süd bişir. Hərə öz payını boşqabına tökür. Süd inanılmaz dərəcədə qatıdır. Qərib kişi izah verir:
-Qoyun doğulan kimi südü sağılsa və bu qaydada bişirilsə, pendir kimi bir forma alır, ona çoban dilində «kətəməz» deyirik. Bir gün sonra sağanda isə qatılığı indiki kimi olur, buna çoban dilində «bulama» deyilir.
Gecə qaranlığının işıqı mənzərəsi…
…Gecə saat 23:00 radələridir. Qərib kişi: -Yatmaq vaxtıdır, -deyərək məni səsləyir. Deyirəm, axı biz şərt kəsmişik, gecə doğulan qoyunları yerbəyer edəcəyik… Razılaşır. Sonra gülərək: -Məsələ ondadır ki, qoyunların doğma saatını planlaşdırmaq mümkünsüzdür, sən mürgülə, gözünün acısını al, mən öyrəşmişəm, hərdən baş çəkib gələcəm, doğan heyvan olanda oyadaram.
Razılaşırıq.
Təmiz çöl havası, odun sobasının istisi, bir də düzün sakitliyi yuxugətirən olduğundan, necə yatdığımdan xəbərim belə olmayıb. Bir də onda ayıldım ki, Qərib kişi başımın üstündə dayanıb, əlində də gecə işıqlandırma lampası:
-Tez ol dur, üçü hazırdır…
Saata baxıram, saat 04:20 radələridir. Dərhal Qərib kişinin qalın kürkünü geyinib «hadisə yerinə» tələsirəm.
…Qoyunların fosforlu gözləri bizə zillənib. Bir neçə qoyun yerə səpilmiş samanın üstündə doğuşdadır. Olduqca qəribə mənzərədir: bir neçə boğaz qoyun baş-başa verərək doğan qoyunların ətrafında dayanıb. Gözlərini zilləyərək, sanki onlara həyandılar. Bu, çətin gündə bir heyvan həmrəyliyimi, öz həmcinsinin ağrısına şərik olmadırmı, deyə bilmərəm. Amma ətrafdakı qoyunların diqqət və həyəcanla körpə quzuların həyata doğuşunu necə bir narahatlıqla izləməsi, məncə, nəsə qeyri-adi bir haldır, ibrətamiz mənzərə və heyvanların sirrini bilmədiyimiz həyat fəlsəfəsidir!
Az keçmiş Qərib kişi sakitcə iki təzə doğulan quzunu anasının bətnindən dartıb çıxarır. Sonra üçüncü quzu da doğulur. Bu vaxt daha bir qeyri-adi hadisənin şahidi oluram: indiyədək kənarda dayanıb tövşüyərək həyəcan içində yeni doğan qoyunların ağrısına həmrəylik nümayiş etdirən qoyunlar bu dəfə kənara çəkilir, sakitcə dayanır! Qərib kişiyə bu barədə danışıram… O, təzə doğmuş qoyunları həyacandan qurtarmaq üçün hər üçünün başını sığallayır, sakitləşdirir və hər birinin quzusunun üst-başını təmizləyib qarşılarına qoymağa hazırlayır. Dərhal ona bir sınaq təklifi də verirəm:
-Qərib kişi, quzuları dəyişdirib analarına səhv verin, görək öz balalarını tanıyacaqlar?
-Maraqlı təklifdir, -deyə Qərib kişi gülür. Sonra dediyim kimi edir və ağ qoyunun balasını kürən qoyunun, boz kürənin balasını isə digər mernos qoyunun yanına, o birisini də kürən qoyunun yanına qoyur.
İzləyirik. İnanılmazdır: qoyunun üçü də quzuları iyləyib burnu ilə kənara itələyir. Eyni ilə quzular da «ögey analarını» əmməkdən vaz keçir və qəribə səs çıxarır, mələyib öz doğma analarını axtarır, dərhal da tapırlar. Bu da sirrini hələ də dəqiq bilmədiyimiz heyvan dünyasının qəribəliyidir!
Səhər xəbər gəldi ki, daha iki qoyun doğub, balaları sağ-salamatdır…
***
…Çoban həyatından bəhs edən reportaj beləcə başa çatır. Gəldiyim qənaət budur ki, çobanların-fermerlərin yetişdirdiyi məhsullarda minbir zəhmət, əziyyət yatır… Və həm də bu zəhmətin fəlsəfəsində hələ də bilmədiyimiz daha bir sirr vardır: deməyək ki, heyvanların dili yoxdur… Biz onların dilini duyuruq, amma bilmirik…
Asif MƏRZİLİ,
araz.az xəbər portalı.