Fevralın 12-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Pərviz Xəlilzadəyə atəş açılması Ermənistan silahlı qüvvələrinin qısa zaman kəsiyində törətdikləri hərbi təxribatlarından yalnız biridir. Onlar təkcə bir gün ərzində Azərbaycanla sərhəddə bir neçə insident törədiblər.

Ermənilər Zəngilan rayonundakı son təxribatları ilə yanaşı, Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atəşə tutublar. Fevralın 3-də isə Azərbaycan sərhədçiləri Ermənistandan casusluq etmək üçün Azərbaycan ərazisinə göndərilən Çexiya vətəndaşını saxlamışdı. Son aylar ərzində bu kontekstdə baş verən insidentlərin xronologiyasına diqqət yetirsək görərik ki, Ermənistan tərəfi Azərbaycana qarşı hərbi ritorikanı intensiv şəkildə gücləndirir.

Bu sözləri araz.az -a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ermənistanın törətdiyi təxribatların təsadüfi olmadığı vurğulayan ekspert bildirib: “Görünür ki, Ermənistanı Azərbaycana qarşı təxribat törətməyə sövq edən qüvvələr mövcuddur. Belə ki, Ermənistan Müdafiə Nazirliyi özünün hərbi arsenalını şaxələndirməyə nail olduğu, 8 ölkədən müasir silahlar almaqla bağlı razılaşmalar əldə etdiyi barədə məlumat yayıb. Rəsmi İrəvan son aylar ərzində təkcə hərbi-texniki yardımla deyil, həm də siyasi dəstəklə himayə olunur. Bu da onu Azərbaycana qarşı təxribatlar törətməyə ruhlandırır”.

Onun sözlərinə görə, iki gün əvvəl Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Xarici İşlər Nazirliyinə çağırılması təsadüfi deyildi. Aİ-nin Ermənistandakı monitorinq missiyasının razılaşma ilə bağlı prinsipləri pozduğu onun diqqətinə çatdırıldı. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək əvəzinə, ölkəmiz əleyhinə təbliğat vasitəsi kimi çıxış etdiyi vurğulandı.

Görünən budur ki, Ermənistan bu cür saxta himayədarlara arxayın olaraq özünü yenidən sınamaq istəyir, Azərbaycana qarşı hərbi təxribatlar törədir. Bu ölkə nəzərə almır ki, 2020-ci ilin 44 günlük müharibəsi dövründə onun hərbi arsenalının əksər hissəsini məhv edən Azərbaycan Ordusu ötən 4 ildə özünün hərbi imkanlarını daha da artırıb.

“Hesab edirəm ki, Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavab olaraq keçirdiyi “qisas əməliyyatı” təkcə Ermənistana deyil, həm də onun hərbi-siyasi himayədarlarına layiqli cavab oldu. Qısa bir əməliyyatla əsgərimizə atəş açan nöqtə susduruldu. Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edildi. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Onlara anladıqları dildə başa salındı ki, Azərbaycan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribata qəti tədbirlərlə cavab verəcək”, – deyə ekspert əlavə edib.

araz.az xəbər portalı.